“Kəlbəcər, Laçın balı neçəyə olacaq?..”

“Kəlbəcər, Laçın balı neçəyə olacaq?..”

“Sovet dövründə o boyda Kəlbəcər dağlarında cəmi-cümlətanı 2 min arı ailəsi saxlanılıb...”
 
...Əgər  işğaldan azad Qarabağ torpaqlarına Böyük Qayıdışa böyük yeyinti kimi baxan bəzi “böyüklər” olmasa,  qarşıdakı onilliklərdə həm o torpaqların yeraltı, yerüstü sərvəti, həm də o yurdlara dönən insanların potensialı hesabına Azərbaycan iqtisadiyyatına, xalqın ümumi rifah halının yüksəlməsinə önəmli təkan veriləcək... El dilində desək, Qarabağ Azərbaycanı dolandıracaq... 
 
Yalnız Kəlbəcərin, Laçının zənginliklərini ayrı-ayrı kateqoriyalara bölüb onların gətirəcəyi qazanc və faydanı düşünəndə  insan heyrətə gəlir. Bu rayonların təkcə başı qarlı dağlarının, zümrüd yaylaqlarının gül-çiçəyi, onlardan yığılan arı balı sayəsində Azərbaycan insanı üçün böyük tibbi bir fayda mənbəyi, nəhəng bir əczaxana qurmaq, respublikada bir sıra ağır xəstəliklərin qarşısını almaq mümkündür. Bu şərtlə ki, kimlərsə yalnız öz şəxsi mənfəətlərini düşünməklə bu sahəni də öz inhisarlarına alıb həmin gül-çiçəklərdən, onların şirələrindən saxta dərmanlar,  saxta ballar düzəldib vətəndaşlara sırımasalar... 
 
İnşallah,  hər şey qaydasında getsə, 5-6 ilə o bölgələrdə bütün ölkə əhalisini keyfiyyətli balla təmin edəcək nəhəng arıçılıq təsərrüfatları qurulacaq. “Görəsən, Kəlbəcər, Laçın balı neçəyədir?” sualına adət edəcəyimiz günlərə artıq çox az qalıb... Halbuki,   o torpaqların üzərində yaşadığımız sovet dövrünün dinc çağlarında belə, biz o dağların minbir dərdin dərmanı olan bu sərvətinə  gərəkli qiymət verməmişik... 
 
Məlum olur ki, 1980-ci illərin sonunda o boyda Kəlbəcər dağlarında cəmi-cümlətanı 2 min arı ailəsi saxlanılıb...
 
“Kommunist” qəzetinin Qarabağ üzrə xüsusi müxbiri olmuş rəhmətlik tanınmış jurnalist Ziyəddin Sultanov 1989-cu ilin noyabrında növbəti Kəlbəcər səfərindən sonra dərc etdiyi “Dağlara qış gəlir” adlı məqaləsində belə yazır:
 
“İndiyə kimi Kəlbəcər kimi qənirsiz gözəlliyi, saf havası, minbir nəğmə ilə dil açan gülləri, çiçəkləri, meşələri olan bir rayonda cəmi 2 min arı ailəsi saxlanılırdı. Halbuki heç bir xüsusi zəhmət və xərc tələb etməyən arıçılıq bu yerlərdə ənənəvi məşğuliyyət hesab edilib. Bu məsələ də özünün uğurlu həllini tapmaqdadır. Yaxın vaxtlarda ixtisaslaşdırılmış arıçılıq təsərrüfatları yaratmaqla arı ailələrinin sayını 50 minə çatdırmaq qərara alınmışdır...”
 
İnşallah, müstəqil Azərbaycanın azad Kəlbəcər, Laçın bölgələrinin dağlarında yüz minlərlə arı ailəsi saxlanılacaq və dünyanın ən gözəl, ən faydalı bal məhsulları yetişdiriləcək...
 
Sultan Laçın
 


Facebook-da paylaş