“Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans keçirilib




Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə (MİTDİB) Bakı  şəhərində “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans keçirilib.

AzFakt.info
xəbər verir ki, tədbirdə KİV, QHT nümayəndələri, internet-sosial şəbəkə fəalları iştirak ediblər. Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən layihənin koordinatoru Müşfiq Ələsgərli layihə çərçivəsində Mingəçevirdə (Qərb bölgəsində fəaliyyət göstərən jurnalistlər və internet fəalları üçün), Masallıda (Cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər və internet fəalları üçün) seminarlar keçirildiyini qeyd edərək bildirib ki, Bakıda konfransın keçirilməsi isə məsələnin daha geniş auditoriyaya çıxarılması və mövzunun aktual saxlanılmasına xidmət edir: “Çünki, xəbər istehsalçılarının “yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar”a yanaşmaları problemlidir. Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri  barədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.

Daha sonra media eksperti Azər Həsrət çıxış edərək yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə məruzə edib.  

Tədbir Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, “Millətçilik” qəzetinin  redaktoru Sevda Əsgər, JuHİ-nin layihələr meneceri Nəzrin İlhamqızı (Ayralova), TUM İB sədri Çingiz Bayramov, “Region+” analitik jurnalının baş redaktoru Namiq Mailov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Azadinform” İnformasiya Agentliyinin  baş redaktoru Niyaz Niftiyev, “Təhsil” Cəmiyyəti İB-nın koordinatoru Taleh Şahməmmədov və digərlərinin çıxışları əsnasında davam etdirilib.

Tədbir iştirakçıları “KİV və uşaq hüquqları” mövzusunda  gerçəkləşdirilən layihələrin faydalarından danışıblar.
Qeyd edək ki, “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” adlı vəsait hazırlanaraq  çap  edilib və tədbir zamanı seminar iştirakçılarına paylanılıb.
 

 

 

 



Facebook-da paylaş