“Murov dağı silsiləsində ağır döyüşlərimiz oldu...” - Vətən müharibəsində iştirak edən coğrafiya müəllimi...



Vətən müharibəsində iştirak edən gənc müəllimlərimiz də az deyil. Hətta onlardan bir çoxu şəhid də oldu. Onlardan biri də tarix-coğrafiya müəllimi Nicat Mikayılovdur. 

Evin tək oğlu olan Nicat Moderator.az-a açıqlamasında Balakənin Gülüzanbinə kəndində müəllim işlədiyini bildirib:

“1993-cü ildə Balakən rayonunda anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının tarix-coğrafiya falüktəsinə qəbul olunmuşam. 2014-cü ildə institutu bitirdikdən sonra hərbi xidmətə yollandım. Hərbi xidmətimi başa vurduqdan sonra 2015-ci ildən Balakənin Gülüzanbinə kəndində müəllim işləməyə başlamışam”.

Nicat Vətən müharibəsi başlayanda onun da orduya çağırıldığını bildirib:

“Ailəliyəm, üç aylıq oğlum var. Elə oldu ki, Vətən müharibəsi başlayanda məni də orduya çağırdılar. Onda hələ heç oğlumun  qırxgünlüyü çıxmamışdı. Ailəmlə sağollaşıb orduya yollandım və biz Murov dağı silsiləsi istiqamətində döyüşlərə başladıq. Biz artilleriya bölməsi idik. Ən çətin relyefli yerlərdə biz döyüşürdük, ora o qədər dağlıq ərazilərdir ki, irəliləmək olmurdu. Ona görə şəhidlərimiz də çox oldu”.  

Döyüçümüz bu vaxt ərzində imkan tapdıqca ailəsi ilə danışdığını və ən çox körpə oğlu üçün darıxdığını bildirib:

“İmkan olduqca ailəmlə əlaqə saxlayırdım. Amma ən çox körpə oğlum üçün darıxırdım. Qayaların dibində soyuqda gecələyirdik. Həm döyüş ağır idi, həm də hava soyuq olduğu üçün çox əziyyət çəkirdik. Vətən müharibəsində bizim müəllimlərimizin də payı az deyil. Hətta onlardan şəhid olanları da oldu. Allah cəmi şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa versin”.


Facebook-da paylaş