Gənc respondentlərin 96 faizi azad olunan torpaqlara qayıtmağı planlaşdırır - SORĞU



Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi "Qarabağa böyük qayıdış” adlı hesabatına əsasən, ölkə əhalisi arasında məcburi köçkün statusuna malik ailələrin aid olduğu rayona qayıtması ilə bağlı müxtəlif fikirlər olsa da, məcburi köçkünlərin verdikləri cavab birmənalıdır. 

AzFakt.info xəbər verir ki, sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti, başqa sözlə, 98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır. Diqqət çəkən məqamlardan biri budur ki, qayıtmaqla bağlı planlar gənclər arasında da geniş yayılıb. Gənc respondentlərin 96%-i işğaldan azad olunan ərazilərə qayıtmağı planlaşdırır. 

Nəticələr əksər məcbur köçkün ailələrində qayıdış planının olduğunu göstərir. Respondentlərin böyük əksəriyyəti, yəni 83.2%-i bütün ailə üzvləri ilə birgə qayıtmağı planlaşdırır. Bu variantı seçməyənlərə gəlincə isə, 15.7% yalnız özünün, 10.2% yalnız həyat yoldaşının və 7.2% yalnız övladı yaxud övladlarının geri qayıdacağını bildirib.

 Döyüşlər başlayan vaxtdan ordumuzun uğurlu əməliyyatları sayəsində torpaqlarımızın işğaldan azad edilməsinin nəticəsidir ki, bütün ölkə əhalisində yüksək qələbə sevinci hiss olunur. Bu qələbələrin məcburi köçkünlərdə yaşatdığı hiss isə daha fərqlidir. Onlar sevinməklə yanaşı, evlərinə qayıtmağa tələsir. Respondentlərin demək olar ki hamısı (99%) bildirib ki, torpaqların azad olunması onlarda evə qayıtmaq əhval-ruhiyyəsi yaradıb. Respondentlərin evlərinə qayıtmaqla bağlı ümidinin itməməsinin digər bir sübutunu isə onların evlərinə aid açarları, sənədləri 30 ilə yaxın müddətdə saxlamasıdır. Diqqət çəkən məqam budur ki, respondentlərin yarısı (51.1%) işğal altında olan ərazilərdəki evinin açarlarını/sənədlərini saxlamaqdadır.


İşğaldan azad olunan torpaqlarda ermənilərlə birgəyaşayışa münasibətə gəlincə isə, məcburi köçkün statusuna malik ailələrin əsaslı hissəsi (72%) digər etnik azlıqlar kimi Qarabağda erməni əhalisi ilə birgəyaşayışın qeyri-mümkün olduğunu düşünsə də, 14% bu halın yalnız uzun müddətdən sonra mümkün olacağı qənaətindədir.

 Gənclər birmənalı olaraq ermənilərlə birgəyaşayışın mümkün olmayacağı qənaətindədir (80%). Ermənilərlə birgəyaşayışın mümkün olacağı fikri kişilər (16.6%) arasında qadınlarla (9.5%) müqayisədə daha çox yayılıb. Hər 20 respondentdən biri (5.2%) əvvəllər də o torpaqlarda ermənilərlə birgəyaşayış olduğuna görə gələcəkdə də ola biləcəyi fikrindədir. 90.3% respondent bildirib ki, şəxsən özü gələcəkdə o torpaqlarda ermənilərlə birlikdə yaşamazdı. Buna baxmayaraq, təxminən 8% respondent bunu edə biləcəyini bildirib. 

İstər erməni xalqına, istərsə də erməni dövlətinə münasibət birmənalı olaraq pis olsa da (müvafiq olaraq, 94.8% və 99.4%), 4.5% respondentin erməni xalqına neytral münasibətdə olması onu göstərir ki, bəzi şəxslər üçün düşmən cəbhəsində xalq və dövlətin Qarabağ problemindəki mövqeyi ayrıdır.







Facebook-da paylaş