Azad olunan rayonlarda günəş enerjisi layihələri... - Nazir






Dağlıq Qarabağ və ətraf regionlar hidroenerji, günəş, külək, bioenerji və geotermal enerji kimi bərpa olunan enerji mənbələri ilə zəngindir və bu resurslardan səmərəli istifadə edilməsi qarşıda duran əsas məsələlərdəndir. Bu məqsədlə, adıçəkilən sahələr üzrə dəqiq potensialın hesablanması üçün ölçü müşahidə stansiyalarının quraşdırılması, stansiyaların tikintisi üzrə texniki imkanların və iqtisadi səmərəliliyin qiymətləndirilməsi planlaşdırılır.

AzFakt.info xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Trend-ə müsahibəsində deyib.

Nazir bildirib ki, təqribi qiymətləndirmələrə əsasən regionda 4000 meqavatdan çox günəş, 500 meqavatadək isə külək enerjisi potensialı vardır:
“İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında günəş enerjisi üzrə layihələrin reallaşdırılması üçün münbit şəraitin olduğu 7 perspektiv ərazi müəyyən edilmişdir. Həmçinin, Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metrə çatdığı geniş ərazilərin mövcud olduğu məlumdur.

Azərbaycanda yerli su ehtiyatlarının 25%-i Qarabağ ərazisində formalaşır ki, bu da böyük hidroenerji potensialı deməkdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarında bəndin tikintisi üzrə işlər tamamlanmaqdadır. Hazırda bu hidroqovşaqların tikintisinin tam başa çatdırılması və elektrik stansiyalarının quraşdırılması istiqamətində İran İslam Respublikası ilə əməkdaşlıq davam etdirilir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yerləşən bəzi kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlanması üçün hazırlıq işləri görülür.

İşğaldan azad edilmiş yaşayış məntəqələrimizin bəzilərində infrastruktur layihələrinə start verilmişdir. Qarşıda duran vacib məsələlərdən birinin işğaldan azad olunmuş ərazilərə qayıdacaq əhalinin elektrik enerjisi və qaz təchizatı ilə təminatıdır. Ümumi bərpa işləri çərçivəsində tezliklə burada ötürücü və paylayıcı şəbəkələrin qurulması - müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilişi, yarımstansiyaların tikilməsi məsələləri öz həllini tapacaqdır. Eyni zamanda, işğaldan azad olunan şəhər və rayonlarda qaz təchizatının qurulması üçün əməli fəaliyyətə başlanılacaq”.


Facebook-da paylaş