QHT Şurası pandemiya ilə mübarizəyə həsr olunan onlayn konfrans keçirdi



Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib.

Şura sədri Azay Quliyev giriş sözü ilə konfransda çıxış edərək Şuranın 26 qurumla birlikdə 2020-ci il qrant müsabiqələri çərçivəsində maliyyələşdirdiyi QHT layihələri barədə məlumat verib. Şura sədri yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində QHT sektorunun üzərinə düşən vəzifələrlə bağlı konkret təkliflər irəli sürüb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov konfransda “Şuranın maliyyələşdirdiyi QHT layihələrinin COVID-19 pandemiyası ilə mübarizə tədbirlərində rolu və QHT-lərin üzərinə düşən vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış edib. İcraçı direktor COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində QHT-lərin həyata keçirəcəkləri layihələrlə bağlı üzərlərinə böyük məsuliyyət düşdüyünü deyib. Fərasət Qurbanov Şuranın maliyyə dəstəyi ilə pandemiya dövründə layihə icra edəcək QHT-lərin Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına ciddi şəkildə əməl etməsinin zəruri olduğunu bildirib.

Şura üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və "Tərəqqi və Demokratiya" İctimai Birliyinin sədri Əhməd Qəşəmoğlu “İctimai qınaq və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzəçilər hazırkı dövrdə ictimai monitorinqlərin aparılmasının və ictimai qınaqla bağlı müsbət təcrübələrdən geniş istifadə olunmasının vacibliyini vurğulayıblar.

Konfransda çıxış edən QHT rəhbərləri Anar Xəlilov, Fuad Abbasov, Südabə Məmmədova, Radə Abbas, Yasin Kərimov, Gülayə Səfərova, Gülnar Rüstəmova, Səkinə Babayeva, Əhməd Abasbəyli, Əvəz Həsənov, Rasim Məmmədov, Akif Nağı, Nəsimi Həsənov, İlham İsmayılov, Yazgül Abdıyeva və Qorxmaz İbrahimli rəy və təkliflərini bildiriblər.

Qeyd edək ki, konfrans Şuranın feyzbuk sosial şəbəkəsindəki rəsmi səhifəsində canlı yayımlanıb.




Facebook-da paylaş