KİVDF sədri jurnalistlərin yeni binasında





2017-ci ildə təməli qoyulan jurnalistlər üçün üçüncü yaşayış binasının tikintisi başa çatdırılır.

AzFaktşinfo Sabah.az-a istinadən xəbər verir ki, artıq binada son tamamlanma işləri görülməkdədir. Aprelin 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yeni icraçı direktoru təyin edilən Əhməd İsmayılov bir neçə gün öncə binaya gəlib. Yeni sədr əraziyə baxış keçirərək, binanın tikinti işlərinin gedişi ilə yaxından tanış olub, prosesin daha da sürətləndirilməsi üçün öz müvafiq tapşırıqlarını verib. Artıq yaxın günlərdə binanın həyətinin asfaltlanma işinin başlayacağı bildirilir.
Qeyd edək ki, bu, jurnalistlər üçün inşa edilən sayca 3-cü binadır. 17 mərtəbəli, 3 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq. Binanın 22 iyul – Milli Mətbuat Günündə jurnalistlərin istifadəsinə veriləcəyi gözlənilir. Bəzi mətbu orqanlarda mənzillərin jurnalistlərə müəyyən müddət aralığında hissə-hissə veriləcəyi haqda xəbərlər çıxsa da, bunun real olmadığı, bütün mənzillərin 22 iyulda jurnalistlərə təhvil veriləcəyi qeyd olunur.

Eyni zamanda jurnalistlər binasında sakinləri narahat edən məsələlərin həlli üçün də işlərə start verilib. Yaxın müddətdə binada market və aptekin fəaliyyətə başlayacağı, Bakı şəhəri üçün xeyli baha hesab olunan, hər kvadrat metr sahə üçün 50 qəpik olaraq müəyyənləşdirilmiş xidmət haqqının yarıbayarı endiriləcəyi və digər narahatlıq doğuran məqamların aradan qaldırılacağı bildirilir.


Facebook-da paylaş