“Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” - Şəki məktəbliləri arasında bu adda müsabiqə keçirilib




07 dekabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi, ADPU-nun Şəki filialı və ŞREM-in Gənc alim və mütəxəssislər şurasının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində təşkil olunmuş Şəki rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsinin mükafatlandırma mərasimi təşkil olunmuşdur. Şəki şəhərində yerləşən Çələbixan restoranında təşkil olunmuş mərasimdə hər iki kollektivin nümayəndələri, Şəkinin tanınmış ziyalıları, müsabiqə iştirakçılari, valideynlər və məktəblərin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan AMEA Şəki Regional Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dos. Yusif Şükürlü qonaqları salamlayaraq bu tədbirin ölkə başçısının fərmanı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı silsilə tədbirlərin bir hissəsi kimi həyata keçirildiyini diqqətə çatdırıb. Daha sonra o qısaca olaraq Elmi Mərkəzin regionda elmi tədqiqatların aparılmasında rolu və fəaliyyət istiqamətləri barədə məlumat verib. Sonda müsabiqənin ərsəyə gəlməsində əməyi keçən şəxslərə və iştirakçılara minnətdarlığını ifadə edərək bu qəbildən olan tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliğində rolundan danışıb.

Daha sonra çıxış edən ADPU-nun Şəki filialının “ Təbiət elmləri və onların tədrisi” kafedrasının müdiri, AMEA ŞREM-in böyük elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, prof. Firədun İbrahimov müsabiqənin mahiyyəti, gənc nəslin dünyagörüşünün formalaşmasında belə tədbirlərin əhəmiyyəti və bu sahədə son zamanlar atılan addımlardan bəhs edərək iştirakçılara bütün fəaliyyətlərində uğurlar arzulamışdır. Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsi adından çıxış edən Gülxar xanım Salamova təmsil etdiyi kollektivin salamını çatdıraraq, Nəsimi poeziyası, xalqımız və dövlətimiz tərəfindən ona verilən yüksək dəyər və Şəki məktəbləri arasında keçirilən silsilə tədbirlər barədə məlumat vermişdir. Eyni zamanda müsabiqənin təşkilatçılarına və əməyi keçən şəxslərə minnətdarlığını ifadə edərək uğurlar arzulamışdır. Növbəti natiq ADPU-nun Şəki filialının “Humanitar fənlər” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov da öz ürək sözlərini ifadə edərək iştirakçılara müvəffəqiyyətlər arzulamışdır.

Bundan sonra müsabiqənin keçirilməsi üçün məsul şəxslərdən biri, AMEA ŞREM-in Folklorşünaslıq və El sənətləri şöbəsinin rəhbəri Pakizə xanım Zakirova çıxış edərək esse müsabiqəsinin keçirilməsi barədə geniş məlumat vermiş və müsabiqənin nəticələrini açıqlamışdır. Bütün iştirakçılar sertifikat və Elmi Mərkəzin nəşrlərinə aid olan kitab hədiyyəsi ilə mükafatlandırılmışlar. Bundan əlavə 1-ci yer (1 nəfər), 2-ci yer (2 nəfər), 3-cü yer (2 nəfər) və həvəsləndirici (3 nəfər) olmaqla seçilmiş iştirakçılara diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur. Ümumilikdə 15 ümumtəhsil məktəbindən olmaqla 39 şagirdin qatıldığı müsabiqənin qalibləri aşağıdakılar olmuşdur:

1-ci yer

Mülayim Hümmətova - Şəki şəhər 18 saylı tam orta məktəb

2-ci yer

Nərgiz Abbaszadə - Şəki şəhər 10 saylı tam orta məktəb
Nübar Səfərova - Şəki şəhər 10 saylı tam orta məktəb

3-cü yer

Ərhun Baxış - Şəki şəhər 5 saylı tam orta məktəb
Süsən Zəkəryayeva - Suçma kənd tam orta məktəbi

Həvəsləndirici mükafat

Turqut İsmayılov - Şəki şəhər 11 saylı tam orta məktəb
İlkanə Məmmədova - Şəki şəhər 11 saylı tam orta məktəb
Sevganə Həsənova - Aşağı Göynük kənd tam orta məktəbi

Sonda tədbirə qatılan müəllim və valideyinlərin nümayəndələri çıxış edərək təşkilatçılara müsabiqənin və təqdimat mərasiminin təşkili üçün minnətdarlıqlarını ifadə etmişlər. Tədbir boyunca ADPU-nun Şəki filialının tələbələrinin ifasında Nəsimi qəzəllərinin səslənməsi də xüsusi marağa səbəb olmuşdur. Sonda iştirakçılar AMEA Şəki Regional Elmi Mərkəzinin nəşrlərinin nümayiş olunduğu guşə ilə tanış olmuş və xatirə şəkilləri çəkdirmişlər.









Facebook-da paylaş