Üç məşhura qarşı bir təxribat ...




Qələm əhli iyulu başqa aylardan daha çox sevir. Çünki jurnalistlərin peşə bayramı məhz bu aya təsadüf edir. Minlərlə istedadlı qələm sahibi düşünür ki, bu ay ona uğur gətirə və bir sıra problemlərinin həllində imkanlar pəncərəsi rolu oynaya bilər.

Jurnalistika bir peşə olaraq bənzərsizdir və illah da ölkə başçısının bir müddət öncə jurnalistləri özünün köməkçiləri adlandırması bu peşənin xətir-hörmətini xeyli artırıb. Amma etiraf edilməlidir ki, qələminə naxələflik edərək bu peşənin adına ləkə gətirən danabaşlar da az deyil. Üstəlik, əldə etdiyi statusdan sui-istifadə edərək təxribatla məşğul olanlara da ara-sıra rast gəlinir. Onlar kimlərdənsə sifariş alaraq hansısa iş adamını və ya məmuru hədəfə gətirməklə əslində dövlətə qarşı təxribatçılıq fəaliyyəti göstərmiş olurlar. Bəlkə də gerizəkalılıqdan etdikləri qəbahətin miqyasını və dağıdıcı qüvvəsini hesablayacaq qafaya sahib olmadıqlarından yetənə yetib, yetməyənə də daş atmaqla "mirzə"liklə ailələrinə haram qəpik-quruş qazanmağın hayındadırlar.

Belə bir təxribat "donqli media" yarlığını haqq edən bir mətbu orqanda dövlət gömrük komitəsinin sədri Səfər Mehdiyevə, kənd təsərrüfatı naziri İnam Kərimova və hamının Putinin dostu kimi tanıdığı tanınmış hüquqşünas alim İlham Rəhimova qarşı törədilib. İddia olunur ki, guya Ukrayna və Rusiyada monopolistlər peyda olub və onlar adıçəkilən məşhurların birbaşa və ya dolayısı ilə günahları ucbatından Azərbaycana diri mal-qaranın idxalında dözülməz inhisarçılığın tüğyan etməsinə rəvac veriblər. Əlbəttə, kimsə iddia edə bilməz ki, Azərbaycanda inhisarçılıq yoxdur və sahibkarlıq mühitinin inkişafı üçün ölkə başdan-başa güllük-gülüstanlıqdır. Əksinə, iqtisadiyyatın sürətli inkişafını ləngidən və bir çox hallarda tormozlayan neqativ müdaxilələrin mövcudluğunu nəinki media, elə ölkə başçısı İlham Əliyev də müxtəlif tədbirlərdə dilə gətirib. Amma nahaq yerə "insaf dinin yarısıdır" deyilməyib ki. Etiraf etmək lazımndır ki, Səfər Mehdiyevin gömrük komitəsi rəhbərliyinə gətirilməsi ilə bu sahədəki fəaliyyət nəzərəçarpacaq dərəcədə sağlamlaşıb və iş adamlarının incidilməsi halları minimuma endirilib. Bu baxımdan uzun illər ölkə iqtisadiyyatını iflic edən inhisarçılığa da yeni rəhbərliyin dönəmində savaş elan edilməsini təqdir etmək əvəzinə onu ittiham etmək, ytumşaq ifadə edilsə, insafsızlıqdır. Eləcə də diri mal-qaranın ölkəyə gətirilməsində inhisarçılığın tüğyan etməsini iddia etmək islahatçı məmur kimi tanınan İnam Kərimovun bostanına dana, daha doğrusu, dana boyda daş atmaqdır. Ara-sıra mətbuatda və sosial şəbəkələrdə İnam Kərimovun kənd təsərrüfatından bixəbər olması iddia edilərək onun yeni dövrün çağırışları ilə səsləşən fəaliyyətinə kölgə salmaq cəhdləri sezilir. Bu cür iddialarda sifariş və qarayaxma cəhdləri ilə yanaşı sadəcə hər şeydə əmma axtarma mərəzi də yox deyil. Ən gülünc və ikrahdoğurucu məqamsa rəqibləri tərəfindən hansısa sahibkara qarşı "qara piar"a əl atanların öz qarayaxmalarının inandırıcı alınması üçün İlham Rəhimov kimi məşhur personanın adından istifadə edilməsidir. Əslində İlham Rəhimov kimi nüfuzlu şəxslərin adlarının bu və ya digər formada hallandırılması da təxribatdır və cəzasızlıq mühitinin fəsadlarının aşkar ifadəsidir. Amma bu fəsadın bumeranq effekti ilə sifariş qulbeçələrinin özlərinə dəyəcəyi ehtimalı da kifayət qədərdir. Ona görə də hələlik ad çəkmədən tanınmış simalara qarşı bu cür yaramaz yol seçmiş qüvvələri xəbərdar edirik. Eyni zamanda ümid edirik ki, adları hallandırılan həmin məşhurlar da məsələyə biganə qalmayacaq və bulanıq suda balıq tutmaq həvəsinə düşənlərin kefinə soğan doğrayacaqlar...


Facebook-da paylaş