Meriya özü Xuduoğluna müraciət etdi – Açıqlama





Kitab yarmarkasının keçirilməsinə icazə verilməməsi ilə bağlı Feysbukda yazdığım statusdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri mənə zəng edərək, meriyanın ərazisinə daxil olan istənilən parkda kitab yarmarkası keçirə biləcəyimi dedi.

Bu sözləri Kult.az-a “Qanun” Nəşriyyatının sahibi Şahbaz Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı bəyanata münasibət bildirərkən deyib. O qeyd edib ki, yarmarka üçün BŞİH-yə yenidən məktub göndərib:

“Hər il Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Ticarət və Xidmət Departamentinə icarə haqqı ödəməklə Nərimanov parkında və Elmlər Akademiyasının qarşısındakı parkda kitab yarmarkası keçirmişik. Bu il də ənənəvi olaraq bu parklarda kitab yarmarkası keçirməyi planlaşdırırıq. Lakin bizə həmin yarmarkalara qadağa qoyulduğu deyildi. Bu səbəbdən mən narahat olub, status yazmışdım. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat katibi mənə zəng vurub bildirdi ki, başçı kitablar mövzusunda həssasdır və yarmarkayla bağlı məsələdən narahatdır. Qurum rəsmisi mənə kitab yarmarkasını qadağan etmək kimi fikirlərinin olmadığını və BŞİH-nin ərazisinə daxil olan istənilən parkda kitab yarmarkası keçirə biləcəyimizi dedi. Biz də bu gün yarmarka üçün yenidən məktub göndərdik. Ümid edirəm, mənə icazə verəcəklər”. 
Ş.Xuduoğlu onu da bildirib ki, kitab yarmarkası keçirmək istədiyi ərazi metro ərazisi olmadığı üçün Bakı Metropoliteni QSC-yə müraciət etməyib:
“Mənim “Gənclik” metrostansiyası yaxınlığında kitab yarmarkası keçirmək istəyimlə bağlı verilən açıqlama doğru deyil. Yarmarka keçirmək istədiyimiz ərazilər metropoliten ərazisi deyil”.

Qeyd edək ki, Ş.Xuduoğlunun statusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı bəyanatda (BŞİH) “Qanun” Nəşriyyatının sahibi Şahbaz Xuduoğlunun kitab yarmarkasına qadağa qoyulması ilə bağlı iddiasının doğru olmadığı bildirilmişdi.


Facebook-da paylaş