Türk iş adamları karqo şirkətlərindən Səfər Mehdiyevə və Mikayıl Cabbarova şikayət etdi



“Gömrükdə bəzi şirkətlərin saxta əməliyyatları azad rəqabəti pozur, dövlətə ödənilən vergilərin yayındırılmasına səbəb olur”.

Azərbaycanda çalışan Türkiyəli iş adamları Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə və Vergilər naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar. 

Türk iş adamaları adından Mehmet Karaman tərəfindən tərəfindən ünvanlanmış müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev xarici iş adamlarına böyük dəstək göstəririr, onların fəaliyyətinə geniş imkanlar yaradır, bu istiqamətdə davamlı olaraq müvafiq qanunlarda dəyişikliklər edilir. 

“Cənab İlham Əliyevin gömrük sahəsində islahatlarla bağlı imzaladığı müvafiq fərmana əsasən, gömrük idxal-ixrac əməliyyatlarının şəffaflaşdırılması, bu prosesdə maraqlı olan kənar şəxslərin iştirakının qarşısının alınması nəzərdə tutulubdur. Dövlət başçısının tapşırığına əsasən, sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz firmaları adına ödəməli, bu prosesdə karqo şirkətlərinin müdaxiləsi ləğv olunmalıdır. Məqsəd gömrük sahəsində azad rəqabət mühitinin və şəffaflığın təmin edilməsi, gömrük sahəsində uçotun və ödənilən vəsaitlərin səmərəliliyinin artırılmasıdır. Onu da qeyd edək ki, dövlət başçısı tərəfindən gömrük orqanlarına tapşırıqlar verilib, hətta karqo ilə sıx əlaqəsi olan bəzi gömrük məmurları vəzifələrindən azad olunub”. 

Türkiyəli iş adamları gömrük sistemində aparılan bu islahatları alqışlayaraq Azərbaycan Prezidentinə biznesə diqqət və qayğısına görə, minnətdarlıq edirlər. Ancaq onları narahat edən bir sıra məsələlərin həll olunması üçün Ondan kömək gözləyirlər. Qardaş ölkənin iş adamları qeyd edirlər ki, bəzi gömrük orqanı əməkdaşlarının köhnə qaydalarla işləməsi onların azad faəliyyət göstərməsinə mane olur. 

“Azərbaycanın dövlət başçısının tapşırıqlarına baxmayaraq gömrük sahəsində yenə də əvvəlki qaydalar tətbiq olunur, idxalla məşğul olan biz sahibkarların hüquqları pozulur. Məlum olduğu kimi eyni firmadan mal alan sahibkar öz adına malı gətirdiyi zaman gömrük rüsumu yüksək olur, amma karqo ilə gətirdikdə isə ucuz başa gəlir. Bunun səbəbi ondadır ki, sahibkar məhsulu öz və ya firması adına rəsmi faktura ilə gətirir. Karqolar isə fakturaları və məhsul kodlarını dəyişdirərək gətirir. Bununlada bazarda haqqsız rəqabət yaranır. Belə ki, malı rəsmi şəkildə idxal edən sahibkar, karqo ilə malı idxal edən sahibkardan baha satır və nəticədə həm rəqabət mühiti pozulur, həm də ölkə ərazisində malların qiyməti yüksəlir. Digər tərəfdən, bu vəziyyətdə idxal fəaliyyəti ilə məşğul olan sahibkarlar və karqolar vergidən yayınmış olurlar. Biz Vergilər Nazirliyindən də bu məsələyə ciddi nəzarət etməsini xahiş edirik. Dünya təcrübəsinə əsasən, karqo şirkətləri yalnız malın daşınması üçün göstərdikləri xidmətə görə, yalnız xidmət haqqı almalıdırlar. Malların gömrük rəsmiləşdirilməsini sahibkarlar özləri və firmaları həyata keçirməlidir. Bizdə isə karqo şirkətləri saxta şirkətlər açaraq malları öz adlarına rəsmiləşdirir və vergi fakturasını dəyişərək ölkəyə idxal edirlər. Hətta onlar malın gömrük fakturasını dəyişdirməklə yanaşı, malın gömrük kodlarını da dəyişirlər. Karqo şirkətləri bir yük maşınının içərisinə 20-30 iş adamının idxal etdiyi malı yükləyib, 5-6 fiziki şəxsin adına gömrük fakturasını endirərək Azərbaycana idxal edirlər. Nəticədə dövlətimizin büdcəsinə  az vergi ödənir, haqsız rəqabət yaranır. Biz türk iş adamları olaraq saxta fakturlardan, gömrükdəki bu cür uyğunsuz addımlardan çox narahatıq. Karqoların yenə də əvvəlki kimi azad biznesə olan maneələri bizi azad və rahat işləməyə qoymur. Biz Türk iş adamları olaraq Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev cənablarından bu cür problemlərin aradan qaldırılmasında bizə köməklik edəcəyinə inanırıq”.



Facebook-da paylaş