Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq





Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici və davamlı fəaliyyətləri nəzərdə tutan layihənin icrasına başlayır.

5 ay müddətində (may – oktyabr, 2019-cu il tarixlərində) icra olunacaq layihə pilot olaraq Biləsuvar, Sabirabad, Şəmkir və Qazax rayonları gənclərinin karyera inkişafına, maariflənməsinə, bu rayonlarda yaşayan, təhsil alan və ya işləyən ali təhsilli gənclərin dövlət qulluğuna maraq və imkanlarının artırılmasına, onların bu xidmətə daxil olmalarının stimullaşdırılmasına, bu sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmağa, regionlarda məşğulluğun təmin olunmasına və bu sahədə davamlı, requlyar fəaliyyətlərin təşkilinə böyük dəstək və yardımçı olacaqdır.
Layihə çərçivəsində ilk olaraq, ADTGT Gənclərin İnkişaf və Karyera Mərkəzi və adı çəkilən regionlardakı Gənclər Evləri və Mərkəzləri ilə birlikdə 4 rayonda gənclər arasında dövlət qulluğu, bu sistemə qəbul, statistik göstəricilər, gənclərin marağı, stimulu, motivasiyası, bu sahədə problem və perspektivlərə dair monitorinq, araşdırma aparılacaq, məlumatlar toplanacaq, nəticələr təhlil olunub hesabat hazırlanacaqdır.
Sosial media və şəbəkələr üzərindən on-line ərizələr əsasında seçim aparılacaq və hər rayondan 30 nəfər 20-29 yaş şkalasında olan gənclər dövlət qulluğuna hazırlığa aid 3 (üç) günlük informasiya sessiyalarına dəvət olunacaqlar. Bu qısa təlim-seçim tədbirinin sonunda iştirakçılar arasında post-test – “bacarıq və səviyyənin qiymətləndirilməsi” aparılacaq və hər rayondan 5 nəfər olmaqla 20 nəfər daha fəal, bilikli və qabiliyyətli gənc Bakıda keçiriləcək 8 (səkkiz) günlük mükəmməl, peşəkar tədbirə - “təlimçilər üçün təlim”ə (TOT-a) seçiləcəklər.

TOT tədbirində gənclərə dövlət qulluğuna dair əhatəli məlumatlar, zəngin bilklər və müxtəlif interaktiv metodlar və alətlər aşılanmaqla onlar yerli səviyyəli təlimçi-ekspertlər kimi hazırlanacaq və bu 20 nəfər fəal yaxın gələcəkdə dövlət qulluğuna hazırlıq və karyera inkişafı sahəsində yerli gənclərə təlim keçmək bacarıq, vərdiş və təcrübələrinə yiyələnmiş olacaqlar və geniş metodiki vəsaitlərlə təmin ediləcəklər.
Regionlara dönən təlimçi-ekspertlər 4 Gənclər Evi və Mərkəzində müxtəlif qruplar üzrə requlyar olaraq bölgə gənclərinə dövlət qulluğuna və karyera inkişafına dair kurslar və təlimlər apararaq, onlarda bu sistemə stimul, motivasiya yaradaraq yerli gəncləri müsabiqə və müsahibələrə hazırlayacaqlar. Layihənin təşkilatçısı, tərəfdaşları və donoru tərəfindən bu prosseslər mütəmadi monitorinq ediləcək və bu davamlı maarifləndirici fəaliyyətlərin qiymətləndirilməsi aparılacaqdır.

İcra Planına uyğun silsilə PR və ictimai reklam kampaniyaları təşkil olunacaq, KİV, sosial media və şəbəkələrdə gənclərin geniş əməkdaşlıq şəbəkəsi qurulacaq, internet resurslarında layihənin xüsusi səhifə və qrupu yaradılacaqdır. Yerli təlimçi-ekspertlər tərəfindən virtual olaraq adı çəkilən regionların və eləcədə digər rayonların gəncləri üçün müxtəlif konsultasiyalar və forumlar təşkil olunacaqdır.

Cari ilin payızında isə layihə təşkilatçısı və tərəfdaşları tərəfindən bu 4 rayonda maariflənmiş bölgə gənclərinin, aidiyyəti rəsmi qurum və biznes strukturları təmsilçilərinin iştirakı ilə Region Gənclərinin Karyera Forumları təşkil olunacaq ki, bu da gələcəkdə layihə vasitəsilə təlim almış gənclərin peşəkar mütəxəssis kimi müxtəlif qurumlar üçün kadr bankı rolunda çıxış etməsinə təkan verəcəkdir.


Facebook-da paylaş