“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”



“Öncədən çaşqınlığın yaranmasına səbəb o oldu ki, Fuadın fəaliyyətində fikir birmənalı deyil, onu fəaliyyətini dəstəkləyən və dəstəkləməyənlər də var”

Bunu Moderator.az-a açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfi Ələsgərli Rusiyada həbs olunaraq işgəncələrə məruz qalan jurnalist Fuad Abbasov haqqında danışarkən deyib. M.Ələsgərli bildirib ki, onu müdafiə etmək üçün hələ ki, proses davam edir:

“Hesab edirəm ki, Fuad Abbasovun həbsiylə bağlı kifayət qədər sözlər deyildi və ölkənin ən böyük media qurumu olan Azərbaycan Mətbuat Şurasının sədri adından xüsusi bir açıqlama da yayıldı. Bununla yanaşı, ayrı-ayrı KİV qurumları və ekspertlər də buna reaksiya verərək, faktı pislədilər. Proses davam edir və yəqin ki, bunun davamı da olacaq. Öncədən çaşqınlığın yaranmasına səbəb o oldu ki, Fuadın fəaliyyətin fikir birmənalı deyil, onu fəaliyyətini dəstəkləyən və dəstəkləməyənlər də var. Bu cür hallar öncə fikri çaşdırdı. İndi məsələ ondadır ki, o cür problemlərin qabardılmasının və onun fəaliyyətində neqativlərin axtarılmasının mənə elə gəlir ki, yeri deyil. İndi biz iddia edə bilmərik ki, onun fəaliyyətində bizim bilmədiyimiz məqamlar varmı və ya yoxmu. Amma bu adamın auditoriya açılımı, Rusiya və Azərbaycanda tanınmasının əsas səbəblərindən biri onun Dağlıq Qarabağ məsələsində prinsipial mövqe tutması və onu Azərbaycanın maraqları baxımından bunu işıqlandırmasıdır. Düzdü, bu imici toplayandan sonra o, nə üçün bundan istifadə edəcək, burda onun şəxsi marağının olub-olmaması başqa məsələdir. Gələcəkdə bu hallar ortalığa çıxarsa ki, F.Abbasov topladığı imicdən özünün şəxsi maraqlı üçün istifadə etsin, təbii ki, onda yenə öz etirazımızı bildirə bilərik. Amma indi bu faktlar yoxdur və indiyə qədərki çıxışlarında F.Abbasov Azərbaycanın mövqeyindən çıxış edib və zorakılığa məruz qalıb. Bu baxımdan onun fəaliyyətində olan alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik. 

İkinci məsələ odur ki, bu bir insandır. Onun səhvi varsa və onu hüquq-mühafizə orqanları saxlayırsa, saxlanılan insanla davranış qaydaları var. Məsələ ondadır ki, F.Abbasov saxlanılarkən hüquqları pozulub, ona zor tətbiq olunub. Biz bir insan kimi onu müdafiə etməliyik. Bununla yanaşı, o, sıradan bir insan deyil, bizim soydaşımızdır və buna görə təzyiqlərə məruz qalıb. Ona görə də biz ona münasibət bildirməliyik. Mənə elə gəlir ki, hazırda F.Abbasovun müdafiəsi pis getmir”. 



Facebook-da paylaş