“Elbrus Orucov dedi ki, ayağım ağrıyır, Şuşaya hücum təşkil edə bilmərəm...”

“Turşsuda əməliyyat hazırlanmışdı, 3 istiqamətdən əks-hücum olmalıydı...”



 1992-ci ilin bu günlərində Şuşa işğal olunsa da,  hamı  hələ ümid edirdi ki, Turşsu qəsəbəsinə toplanmış qüvvələrimiz əks-hücuma keçərək Azərbaycanın bu dilbər guşəsini azad edəcək. Lakin sonda heç bir əks-hücum təşkil olunmadı və bir neçə gündən sonra Laçın da işğal edildi. Bəs Şuşaya əks-hücum nədən baş tutmadı?..

Moderator.az-ın bu haqda suallarını cavablandıran Şuşanın müdafiəsində iştirak etmiş 777 saylı taborun kəşfiyyat tağımının komandiri, polkovnik Azay Kərimov bunları söyləyib:

“Şuşaya əks-hücum etmək imkanı  vardı. Hələ mayın 8-də axşam çıxdıq gəldik Zarıslıya. Zarıslıda Elbrus Orucova dedim ki, xeyli qüvvə yığılıb bura, toparlanaq sabah əks-hücuma keçək. O isə cavab verdi ki, mənim ayağım ağrıyır, bir də Şuşaya qayıda, hücum təşkil edə bilmərəm. 
Mayın 11-12-də Turşsuya həqiqətən xeyli qüvvə gəlmişdi. Və orada əməliyyat da hazırlanmışdı. 3 istiqamətdən hücum olunmalıydı Şuşaya. Daşaltı istiqamətindən mənim rəhbərliyim altında bir qrup, Sarıbaba-Fingə istiqamətindən rəhmətlik Rövşən Cavadovun başçılığıyla “OMON” dəstəsi, mərkəzdən Şuşa yolu istiqamətində isə Elçin Məmmədovun komandirliyi ilə “777” və digər qüvvələr hücuma keçməli idi. Biz hazırlaşdıq. Lakin sonradan komanda verildi ki, hücum təxirə salınır. Sonra isə Laçın istiqamətində  geri çəkilmək əmr olundu...”



Facebook-da paylaş