İctimai Birlik Qubada soyqırım qurbanlarını anıb




“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə“Arxiv məlumatları əsasında 1918-ci il azərbaycanlıların mart soyqırımı barədə ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində Qubada tədbir keçirib. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, mədəniyyət və təhsil işçiləri, QHT fəalları və jurnalistlər iştirak ediblər.

Quba rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva qeyri-hökumət təşkilatlarının və mətbuatın Azərbaycan həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında mühim rolundan, ölkə rəhbərliyinin hər iki sektora özəl qayğısından, Quba rayonunda 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi tədbirindən, həmçinin “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin icra etdiyi layihənin əhəmiyyətindən danışıb.

Layihənin rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri Vidadi Fətullayev tədbir iştirakçılarını salamlayaraq, hər kəsi 31 Mart 1918 Soyqırımı qurbanlarının və vətən uğrunda şəhid olmuş bütün həmvətənlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət edib. Yarandığı gündən bu yana hər zaman iştirakçısı olduğları tədbirlərdə tariximiz və həqiqətlərinin təbliğ edilməsinə çalışdıqlarını qeyd edən ictimai birliyin sədri, Cənab Prezidentimizin qədim torpaqlarımız olan Qərbi Azərbaycan və İrəvan haqqında etdiyi tarixi çıxışdan sonra bu sahədə olan problemlərin aradan qaldırılmasının vacibliyindən danışıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabından faktlar gətirən ictimai birliyin sədri, həmçinin Azərbaycan Milli Arxiv İdarəsi və Azərbaycan Milli Akademiyasının Tarix İnstitutunun əməkdaşları tərəfindən 31 Mart Soyqırımını sübut edən yeni faktların çap edildiyini, İngiltərə, ABŞ, İran, Türkiyə və s. ölkələrin arxivlərində üzə çıxarılmamış daha çox tarixi sənədin olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə geyd edib ki, 2018-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının və erməni-bolşevik orduları tərəfindən azərbaycanlılara qarşı törətdikləri soyqırımının yüzüncü ildönümləri ölkə daxilində və xaricdə dövlət səviyyəsində qeyd edilməkdədir. Aradan keçən bu 100 ilin yalniz son 25 ilində, Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra tariximizdə mühim yeri olan bu faktların ictimai-siyasi qiymətləri verilmiş, uzun illər yalan sovet təbliğatı ilə üstü örtülü qalmış bu tarixi hadisələr barədə həqiqətlər dərindən araşdırılmağa başlanmışdır. S.Verdizadə deyib ki, Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi, onun qurucularının xatirələrinin əbədiləşdirilməsi  və həmin dövrü əhatə edən ictimai-siyasi proseslərin araşdırılıb, həqiqətlərin üzə çıxarılması sahəsində ölkənin bir çox qurumu tərəfindən müxtəlif araşdırma və layihələrin həyata keçirilməsi təqdirəlayiq haldır.

Dəyirmi masa ətrafında toplanmış rayon ziyalıları da  öz çıxışlarında Azərbaycan gənclərinə və dünya ictimaiyyətinə, ölkəmizə səfər edən xarici qonaqlara 31 Mart Soyqırımı həqiqətləri anlatmağın hər bir vətəndaşın borcu olduğunu, bu mövzularda tədbirlərin rayonlarımızda davamlı təşkil edilməsinin əhəmiyyətini vurğulayıblar. Mövzu barədə ictimai müzakirələr çay süfrəsi ətrafında davam etdilrilmiş, geniş diskussiyalar aparılmışdır.


Facebook-da paylaş