Azərbaycan cüdoçusu İspaniyadan qızıl medal qayıdıb - FOTO





Son illərdə özünün uğurlu fəaliyyəti ilə tanınan “Judo Club 2012” idman kulubunda bütün yaş qruplarının səmərəli məşq keçməsi üçün yaradılmış şərait və yüksək səviyyəli mütəxəssislərdən ibarət məşqçilər heyətinin əzmkarlığı sevindirici nəticələr verir. İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında fevralın 17-18-də keçirilmiş Avropa kuboku yarışlarından da kluba xoş xəbər gəlib. 

AzFakt.info xəbər verir ki, yarışlarda  Azərbaycan komandasına qızıl medalı “Judo Club 2012”-nin yetirməsi Vüsalə Kərimovanın qazandırıb.  44 kq çəki dərəcəsində tatami üzərinə çıxan yeniyetmə cüdoçumuz finala doğru inamla irəliləyərək, İspaniya, İtaliya, Fransa, Rusiya kimi zəngin cüdo ənənələri olan ölkələrin təmsilçilərinə qalib gəlib. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında isə Vüsalə italiyalı Silvio Draqonu məğlub edərək çempion adını qazanıb.

Onu da qeyd edək ki, Fuenqirola turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. 

Avropa kuboku yarışları Azərbaycanın daha bir idmançısı - Mirağa Hacıyev (50 kq) üçün də uğurlu olub. O, yalnız finalda israilli Ariel Şulmana uduzaraq, gümüş medalla kifayətlənib. 

“Judo Club 2012” idman kulubdan bildiriblər ki, on yeddi yaşlı Vüsalə Kərimova on ildən çoxdur ki, cüdo ilə məşğul olur, şəxsi məşqçisi Bəhlul Ağamalıyevdir. Son iki ildə bir neçə beynəlxalq yarışda iştirak edən idmançı ötən il Avropa Kuboku yarışlarında və Avropa çempionatında birinci yeri tutub, Macarıstanda keçirilən festivalın isə gümüş medalçısı olub.


Facebook-da paylaş