Heç kimin təqsirsiz və savadlı bir həkimin taleyi ilə oynamağa haqq yoxdur - VƏKİL




   3 yaşlı Arzu Qurbanlının "Real" Tibb Klinikasında əməliyyatdan 8 saat sonra qusaraq boğulub ölməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinin növbəti iclası 14 fevral 2018-ci ildə keçiriləcək. Bu iclasda bir sıra ziddiyyətli məqamların açılacağı gözlənilir.

    Belə ki, Respublika Baş Ekspertiza Birliyinin verdiyi rəylərlə məhkəmə araşdırmaları arasında kifayət qədər ziddiyyətlər olduğuna görə məhkəmənin 16 noyabr 2017-ci il tarixli qərarı ilə təkrar komissiyon məhkəmə tibbi ekspertizasının keçirilməsi və bu komissiyaya mütəxəssis anestezioloq qismində Səhiyyə Nazirliyinin Baş Anestezioloq-Reanimatoloqu, Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və Reanimatologiya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, əməkdar həkim Aydın Qədirovun cəlb edilməsi qərara alınmışdır. Eyni zamanda məhkəmə icrası qərarı ilə bağlı Səhiyyə Nazirinin tapşırığı ilə A.Qədirovun göstərilən ekspertizanın keçirilməsində iştirakının təmin olunması tapşırılmışdı. Yəni A.Qədirov Sumqayıt məhkəməsinin qərarı və bu qərarın icrası ilə bağlı Səhiyyə Nazirliyinin göstərişi ilə ekspertizanın keçirilməsinə cəlb edilmişdir. A.Qədirov ekspertizanın anestezioloji hissəsi ilə bağlı mütəxəssis anestezioloq kimi öz rəyini tərtib edərək, ümumi ekspertiza rəyinin tərtib edilməsində istifadə edilməsi üçün Respublika Ekspertiza Birliyinə təqdim etmişdir. A.Qədirovun tərtib etdiyi rəy ittiham tərəfinin maraqlarını müdafiə edən ekspertlərin xoşuna gəlmədiyinə görə onlar vəziyyətdən çıxışı məhkəmə qərarını pozaraq ekspertizaya özlərinin münasib saydıqları adi anesteziologiya və reanimasiya şöbəsinin assisenti işləyən, bizdə olan məlumata görə heç bir elmi dərəcəsi, anesteziya sahəsində hər hansı xidmətləri olmayan bir nəfəri mütəxəssis anestezioloq qismində ekspertizaya cəlb etməkdə, onun fikirlərini rəyə yazaraq A.Qədirovun 23 səhifədən ibarət dolğun, elmi əsaslandırılmış rəyini isə ekspertiza rəyinə əlavə qoşma kimi göstərməkdə tapmışlar. Bununla da ekspertlər hesab etmişlər ki, onlar A.Qədirovun kifayət qədər obyektiv, lakin ittiham tərəfinin və onunla eyni mövqedən çıxış edən ekspertlərin maraqlarına cavab verməyən rəyini zərərsizləşdirə bilmişlər. Biz isə belə hesab etmirik və ümid edirik ki, həmin ekspertlər məhkəmə qərarının şərtlərindən kənara çıxdıqlarına və məhkəmə tərəfindən müəyyən edilmiş mütəxəssis anestezioloqun rəyinin əvəzinə digər şəxsi mütəxəssis-anestezioloq kimi ekspertizaya cəlb etmələrinə görə məhkəməyə cavab verməli və bunun səbəblərini aydın şəkildə izah etməli olacaqlar. Hesab edirəm ki, statusundan asılı olmayaraq, heç bir ekspertin və ya ekspertiza müəssisəsinin təqsirsiz və savadlı bir həkimin taleyi ilə oynamağa haqq yoxdur. Bu istəkdə olan hər bir insan kimliyindən asılı olmayaraq qanun qarşısında çox ciddi cavab verməlidir.

Təqsirləndirilən şəxsin müdafiəçisi Əli Hüseynov


Facebook-da paylaş