Sumqayıt məhkəməsində açığa çıxan sensasion faktlar – əsl günahkar kimdir?






Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Qurbanlı Arzu Sənan qızının əməliyyatdan sonra vəfat etməsilə bağlı iyunun 21-də növbəti məhkəmə prosesi keçirilib. Hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə uşağın atası Sənan Qurbanlı və əməliyyatı edən cərrah həkim İlham Ağayev şahid qismində dindiriliblər.

Manevr.az-ın prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, hər iki şahidin ifadəsi müəyyən ziddiyətlərlə yadda qalıb. 

“Mən həkimlə danışanda dedi ki, uşaq süd və “Rastişka” yeyib qusub”

S. Qurbanlı bildirib ki, hadisədən əvvəl uşağı həkim İlham Ağayevin yanına aparıblar. Müayinələrdən sonra uşağın ürəyində döyüntülərin artması baş verib və həkimlər gözləməyi məsləhət biliblər. Lakin sonradan qərar verilib ki, bu, əməliyyata mane olmayacaq və uşağı əməliyyat etmək olar.

S. Qurbanlının sözlərinə görə, əməliyyatdan sonra o, cərrah İlham Ağayevlə bir neçə dəfə telefonla danışıb: “Əməliyyat vaxtı mən işdə oldum və vaxtaşırı telefonla əlaqə saxlayırdım, mənə deyirdilər ki, hələ əməliyyat qurtarmayıb. Saat 1-2 radələrində mən İlham həkimlə danışdım və o mənə dedi ki, mən əməliyyatı qurtarıb getmişəm evə. Bundan sonra yoldaşımla danışanda o da dedi ki, uşaq hələ ayılmayıb, otaqda qoyub gediblər. Soruşdum ki, yanına gələn var, dedi ki, yox, İlham həkim arada gəlib baxır, anestezoloq isə ümumiyyətlə otağa gəlməyib”.

Şahid daha sonra bilirib ki, saat 5-6 radələrinədək həkimlə əlaqə saxlayıb və bildirib ki, uşaq narahatdır və ayılmayıb. Lakin S. Qurbanlının sonrakı fikirləri əvvəlki sözlərilə uyğun gəlməyib. Belə ki, şahid uşağın əməliyyatdan sonra ümumiyyətlə ayılmadığını desə də sonra bu fikirlərinin əksini söyləyib: “Saat altı radələrində mən İlham həkimlə danışanda ondan soruşdum ki, indiyədək uşaq niyə ayılmayıb? O da dedi ki, necə ayılmayıb, uşaq oyanıb və qusub, xəsətəxanadan mənə deyirlər ki, uşaq süd də içib, “Rastişka” da yeyib və qusub”. Saat 6-ya qalmış anası zəng elədi ki, uşaq qusur. Mən bir də İlham həkimə zəng edəndə o dedi ki, mənim iş vaxtım bitdiyinə görə evə gəlmişəm. Mən xahiş edəndən sonra o xəsətəxanaya getdi”.

Sonra təqsirləndirilən anestozoloq-həkim İsmayıl Qənbərovun vəkili Əli Hüseynovla S. Qurbanlı arasında aşağıdakı dialoq yaşanıb:

Vəkil: Sizə göstəriş verilmişdi ki, əməliyyatdan əvvəl uşağa yemək verməyin? Və yaxud sonra hansı yeməkləri vermək olar?

S.Qurbanlı: Bəli.

Vəkil: Uşağın anası onu yedizdirmişdi xəstəxanada?

S.Qurbanlı: Yox.

Vəkil: Ekspertizada müəyyən olunub ki, uşağın mədəsində qida olub. Bu barədə nə deyə bilərsiz?

S.Qurbanlı: Mən ekspert deyiləm, heç bir fikrim yoxdur.

Vəkil: Siz bilirsinizmi ki, uşağınız niyə ölüb?

S.Qurbanlı: Ekspertyizaya görə boğulub ölüb.

Vəkil: Siz bilirsiniz ki, uşağınız öləndə mədəsində 200 qram qida (mötəviyyat) olub? 

S.Qurbanlı: Bəli, ekspertlər belə yazıblar.

Vəkil: Uşaq oyanıb anasından bir şey istəməyib?

S.Qurbanlı: Mən orada olmamışam.

Vəkil: Siz bunu necə izah edə bilərsiz ki, səhər saat 8:30-da uşaq yemək yeyib, amma təqribən 12 saat sonra onun mədəsindən 200 qram yemək çıxıb? Üstəgəl iki dəfə də uşaq qusub..

S. Qurbanlı: Mən nə müstəntiq, nə də ekspert deyiləm.



Əməliyyatın məsuliyyətini kimin daşıdığına cavab verə bilməyən cərrah

Sonra məhkəmədə şahid qismində əməliyyatı həyata keçirən cərrah-həkim İlham Ağayev ifadə verib. 
İ. Ağayev məhkmədəki ifadəsində xəstənin vəfat etməsində əsas məsuliyyətin anestezoloqun üzərinə düşdüyünü bildirib. 
Hakimin “Uşaq əməliyyatdan sonra palataya gətirilərkən ayılmışdımı?” sualına cərrah-həkim gah “Hə”, gah da “Yox” cavabı ilə ziddiyətli mövqe bildirib. 

Məhkəmədə ittihamçı qismində iştirak edən prokurorun “Ya hə, ya yox. Konkret cavab verin” təklifindən sonra da İ. Ağayev sualı yenə də aydın konkret cavablandıra bilməyib. 

“Xəstəyə yeməyi kim təyin edir?” sualına İ. Ağayev “Anestozoloq” cavabını verib. Lakin onun bir sonrakı suala cavabı əvvəlki cavabı ilə uyğun gəlməyib. “Bəs anestezoloqun işi nə zaman bitir?” sualını isə “Əməliyyat bitəndən və xəstə ayılandan sonra” - deyə, cavablandırıb. 

“Əgər belədirsə, onda necə olur ki, xəstə palataya gələndən sonra yeməyi anestezoloq təyin edir?” sualına əməliyyat həkimi cavab verə bilməyib.

Vəkildən istintaqla bağlı şok açıqlamalar

Anestezoloq İsmayıl Qənbərovun vəkili Əli Hüseynov həm məhkəmədə, həm də prosesdən sonra mətbuata açıqlamasında istintaqın düzgün aparılmaması və bir sıra sənədlərin saxtalaşdırılması ilə bağlı fikirlər səsləndirib.

“Burada əsas məqsəd təqsirləndirlən şəxsin şərlənməsi, hadisədə təqsirkar olan şəxsin isə məsuliyyətdən yayındırılmasıdır. İstintaq zamanı ekspertiza haqqında təlimatların qaydaları kobud şəkildə pozulub. Həm cərrahın, həm də anestezoloqun xəstəlik tarixçəsi ilə bağlı qeydləri təxminən bir ay yarım qalıb ekspertizada. Ondan sonra müstəntiq təkbaşına xəstəlik tarixini ekspertdən götürüb və bu sənəd onun kabinetində olub. Bundan sonra Səhiyyə Nazirliyinin xəttilə növbəti ekspertlər prosesə cəlb olunub. Təbii ki, xəstəlik tarixindəki qeydlər ekspertizanın rəyinə daxil edilməli və qiymətləndirilməlidir. Bu rəylərin hər biri bizim əlimizdə var. Maraqlı burasıdır ki, nə meyidin ilkin ekpertiza rəyində, nə də sonrakı ekspertizanın rəyində uşağı əməliyyat edən həkim İlham Ağayevin uşağın əməliyyatdan ayılmaması barədə iddiası haqqında heç bir şey yazılmayıb. Buradan belə çıxır ki, ya ekspertlər işlərinə səhlənkar yanaşıblar, əsas həkimin qeydləri diqqətlərindən yayınıb, ya da bizim əlimizdə əsaslar var şübhələnək ki, işi aparan müstəntiq İlham həkimə şərait yaradıb ki, o sonradan öz izahatına belə bir əlavələr etsin - guya bir neçə dəfə anestozoloq İsmayıl Qənbərova xəstə ilə bağlı tədbir görməyi təklif etsə də o bunu etməyib”.

Vəkil əlavə edib ki, burada təhqiqatın tələbləri ciddi şəkildə pozulub. Çünki o qeydlər işə sonradan əlavə olunduğuna görə, materiallarda yer olmayıb və o əlavələr materialın əvvəlində əlavə olaraq sonradan qeyd edilib: “Çünki İsmayıl Qənbərovun yazdığı xəstəlik tarixçəsində hər şey saatbasaat yazıldığına görə onun arasına əlavə nəsə yazmağa yer yox idi. Ona görə də istintaqçının yardımı ilə əsas həkim, yəni cərrah götürüb əməliyyatdan əvvəlki tarixlərə ayrıca vərəqlərdə qeydlər aparır ki, guya xəstə əməliyatdan çıxandan sonra ayılmır”. 
Vəkilin sözlərinə görə, eksperlərlə görüşü zamanı onlar öz rəylərində belə bir qeydin olmasını yazmayıblar. Çünki xəstəlik tarixçəsində bu qeydlər olmayıb və sonradan oraya əlavə edilib: “Sumqayıt şəhər Məhkəməsinin eksperti Mənsur həkim izahatında qeyd edib ki, ekspertin müalicə həkiminin qeydlərini rəyə köçürməməyə ixtiyarı yoxdur. Bu təlimata ziddir. Biz ona sonradan əlavə edilmiş qeydləri göstərəndə Mənsur həkim dəhşətə gəldi və bildirdi ki, xəstəlik tarixçəsi ayyarım onun əlində olub və o hərif-hərif o tarixçəni oxuyub, bu qeydlər həmin xəstəlik tarixçəsində olmayıb. Fikrinin isbatı üçün o, Bakıdakı ekspertlərin də rəyini göstərdi və bildirdi ki, onların da rəyində bu qeydlər barədə heç bir şey yazılmayıb.Buradan aydın olur ki, bu qeydlər üç ekspertizadan sonra naməlum şəraitdə müəalicə həkimi İlham Ağayev tərəfindən materiala əlavə edilib. O halda başqa bir sual yaranır ki, bu müddətdə xəstəlik tarixçəsi kimdə olub? Xəstəlik tarixçəsi məhkəməyə gələnə qədər xəstəxanaya qaytarılmayıb, müstəntiqin seyfində olub. Buradan hər kəs özü bir nəticə çıxarsın...”.

Vəkil bildirib ki, istintaq zamanı təkcə xəstəlik tarixçəsi saxtalaşdırılmayıb. Qeyd kitablarının və xəstəxanadakı videogörüntülərin üzərində də saxta “əməliyyatlar” aparılıb: “Ən böyük saxtakarlıqlardan biri də qeydlər aparılan anesteloji jurnalın müstəntiq tərəfindən götürülməsi prosesidir. Jurnalda son qeydlər iyun ayının 7-ə yazılıb, lakin götürmə protokolları 15-ə yazılıb, o da sonradan dəyişdirilib ayın 5-ə göstərilib. Lakin əməliyyat jurnalı faktiki olaraq ayın 8-də müstəntiq tərəfindən “oğurlanıb”. Çünki bu zaman qanunun tələb etdiyi heç bir qaydaya riayət edilməyib, hal şahidləri olmayıb və heç kimə xəbər verilməyib. Hətta müstəntiq bu zaman ona etiraz edən tibb bacılarını da hədələyib.
Növbəti saxtakarlıq xəsətəxanadakı videogörüntülərin götürülməsilə bağlı baş verib. Tərtib edilən protokollardan belə məlum olur ki, guya videogörüntülər ayın 15-də götürülüb və 18-də ekspertizaya göndərilib. Lakin ekspertizanın rəyində yazılıb ki, ayın 20-dək xəsətəxananın görüntüləri vedokameralar vasitəsilə qeyd olunub. Bu ən gülünc saxtakarlıqdır. Bu açıq aşkar müstəntiq tərəfindən sübutların saxtalaşdırılmasıdır, vətəndaşa qarşı zorakılıqdır”. 

Vəkil Ə. Hüseynov sonda bildirib ki, ümumiyyətlə işlə bağlı bütün şahid ifadələri müstəntiq tərəfindən saxtalaşdırılıb. Şahidlər istintaqda verilən ifadələrin onlara məxsus olmadığını, məhkəmədə obyektiv ifadə verəcəklərini bildirirlər: “Onu da deyim ki, Səhiyyə Nazirliyinin uşaq və yeniyetmələrlə bağlı ölüm hallarını araşdıran komissiyasi da bu faktı müzakirə edib və bütün hallarda əməliyyatın aparılmasının lazımsız olduğu rəyini verib. Əməliyyata ehtiyac olmadığı halda əsassız icra edilməsi və həkim cərrah İlham Ağayevin etdiyi kobud səhvlər rəydə göstərilsə də müstəntiq bu məsələni istintaqdan kənarda saxlamış və İlham həkimi təmizə çıxarmaq məqsədilə gizlətmişdir”.

Xatırladaq ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 6-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün axaşam saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ. Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.
İş üzrə növbəti məhkəmə prosesi iyulun 5-nə təyin olunub. 

P.S. İşlə bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq


Facebook-da paylaş