“Azman Holdinq”də Aprel Zəfərinin 5-ci ildönümü qeyd edilib



Azərbaycanın müasir hərb tarixinin şanlı səhifələrindən olan 4 günlük Aprel müharibəsindən 5 il keçir. Rəşadətli ordumuzun 2016-cı ildə təcavüzkar Ermənistanın işğalçı hərbi birləşmələrinə qarşı keçirdiyi bu əks-hücum əməliyyatı xalqımızın mübarizə və qələbə əzmini nümayiş etdirdi. Qəhrəman hərbçilərimiz düşmənin uzun illər ərzində möhkəmləndirdiyi müdafiə xəttini yarmağa, ona sarsıdıcı zərbə vurmağa, cəbhənin cənub və şimal-şərq istiqamətlərində irəliləyərək, torpaqlarımızın bir qismini işğaldan azad etməyə nail oldular. 

Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn hünərvər əsgər, gizir və zabitlərin xatirəsi bu gün dərin ehtiramla yad edilir. Onlar öz qanları, canları hesabına Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizənin yeni mərləsinin təməlini qoydular. 4 günlük Aprel döyüşlərində qazanılan zəfər 44 günlük Vətən mürabəsində möhtəşəm Qələbənin müjdəçisi idi... Azərbaycan Respublikasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı qüvvələri Qarabağdan qovaraq, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Vətən müharibəsi xalqımızın və dövlətimizin gücünü, qüdrətini bütün dünyaya göstərdi. İndi işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görülür, Qarabağın dirçəlişi, otuz ilə yaxındır doğma yurdundan didərgin düşmüş həmvətənlərimizin geri qayıdışı istiqamətində məqsədynlü iş aparılır.

Bütün bunlar barədə Aprel döyüşlərinin 5-ci ildönümü münasibətilə “Azman Holdinq”də keçirilən toplantıda danışılıb. Toplantıda şəhidlərin xatirəsi ehtiramla yad edilib. Vətənin azadlığı uğrunda canından keçən qəhrəmanların ailələrinə, müharibədə sağlamlığını itirən fədakar insanlara və veteranlara qayğı göstərilməsinin vacibliyi qeyd olunub.

Aprel döyüşləri zamanı “Azman Holdinq”in rəhbər işçiləri və nümayəndələri respublikanın müxtəlif bölgələrində şəhid ailələrinə baş çəkib, maddi və mənəvi dəstək göstəriblər. Əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raqub Orucovun şəhidlik zirvəsinə yüksəldiyi gündən holdinqin nümayəndələri onun ailəsinin yanında olublar. İgid zabitinin xatirəsini yaşatmaq məqsədilə onun haqqında hazırlanan “Murov qartalı” kitabının yazılmasına və nəşr etdirilməsinə hərtərəfli dəstək verilib. İndiyədək kitabın 5 minə yaxın nüsxəsi çap etdirilərək, müxtəlif hərbi-vətənpərvərlik tədbirlərinin iştirakçılarına, məktəblərə və kitabxanalara hədiyyə edilib.

Bundan başqa, Aprel Zəfərinin birinci ildönümündə Raqub Orucovun və digər şəhidlərin xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirin əsası qoyulub. Üç il ənənəvi olaraq keçirilən turnir koronovirus pandemiyası ilə əlaqədar ötən il  təxirə salınıb. Pandemiya  təhlükəsi sovuşduqdan sonra turnirin bərpası nəzərdə tutulur.

Şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına qayğı, müharibədən əziyyət çəkən və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara maddi-mənəvi dəstək tədbirləri holdinqin korporativ məsuliyyət öhdəliklərində xüsusi yer tutur. Vətən müharibəsi dövründə də holdinq bu öhdəlikləri yerinə yetirərək, döyüşən ordu bölmələrinə, hərbçilərə və onların ailələrinə dəstək tədbirlərində fəal iştirak edib.

Toplantıda vurğulanıb ki, xalqımızın idealları, vətənimizin azadlığı, dövlətimizin mənafeyi naminə fədakarlıqlar göstərən, canından keçən igidlərin xatirəsi ürəklərdə hər zaman yaşayacaq, onların əmanəti olan ailələri, övladları qayğı ilə daim əhatə olunacaqlar.





Facebook-da paylaş