“Azərbaycanla Ermənistan arasında nələrin razılaşdırıldığını açıqlaya bilmərəm” - Lavrov


“Azərbaycan və Ermənistan maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət normallaşsın”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) tələbələri və müəllimləri qarşısında çıxışında deyib. (“Sputnik-Azərbaycan”.) 

O, iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə təmasları haqda danışıb: “Bizdə belə bir təəssürat var ki, hər iki tərəf sakitliyin yaranmasında, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkil etdiyi görüşlərin bərpasında maraqlıdır. Biz problemin həllinin ssenarisini yazmırıq, onların öz aralarında razılığa gəlmələri üçün şərait yaradırıq. Son 18 ildə tərəflər arasında sənədlər işlənib hazırlanıb. Az iş görülməyib. Həmin sənədlərdə həm BMT Nizamnaməsində, həm də ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış prinsiplər qeyd olunub. Orada məsələnin həlli üçün razılaşdırılması vacib olan konkret parametlər də əksini tapıb”.

Nazir qeyd edib ki, həmsədrlər də 18 il ərzində işlənib hazırlanan sənədlər kompleksinə istinad edir. Onun sözlərinə görə, “Madrid prinsipləri”, tərəflərin sonrakı iş üçün təməl kimi razılaşdırdığı sənədlərin yenilənmiş versiyaları var.

“Bu sənədlər ATƏT katibliyində saxlanılır. Təkliflər səslənir ki, bu sənədlərdən imtina edib, ağ səhifədən başlamaq və ya hansısa B planını işə salmaq lazımdır. Biz hesab edirik ki, bu, böyük səhv olar və əminik ki, ötən illər ərzində görülmüş işlər bizim sonrakı səylərimizin əsasını təşkil etməlidir. Mən orada nələr razılaşdırıldığını detallı şəkildə təsvir edə bilmərəm, bu, işin kifayət qədər konfidensial hissəsidir”, – deyə Lavrov söyləyib. O bildirib ki, münaqişənin həlli üzrə sənədlərdə olan çözüm azərbaycanlılar və ermənilər üçün ədaləti təmin etməyə imkan verir.


Facebook-da paylaş