"İslahatların müəllifi cənab Prezidentdirsə, islahatların önündə gedən də YAP olmalıdır"


İcra başçılarının və başqa vəzifəli şəxslərin rüşvət və korrupsiyaya görə həbs edilməsi cəmiyyətdə böyük rezonans doğrurur. Müzakirəyə səbəb olan digər məsələlərdən biri də icra strukturlarında korrupsiyaya görə həbs edilənlərin demək olar ki, hamısının Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, bəzilərinin isə hətta yerli təşkilatlarda vəzifə sahibi olmalarıdır.
Belə olan halda cəmiyyətdə YAP sıralarının yenilənməsi və partiya daxilində də islahatların aparılmasının zəruriliyi barədə fikirlər səslənir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən YAP-çı millət vəkili və partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib ki, islahatlar təkcə YAP-da deyil, dövrün çağırışlarına uyğun olaraq bütün siyasi partiyalarda aparılmalıdır:  
“Bilirsiniz ki, 2018-ci ilin prezident seçkilərindən sonra möhtərəm Prezidentimiz İlham Əliyev ilk çıxışında bütün cəmiyyətə bir mesaj verdi ki, qarşıdakı illər ölkədə dərin islahatların və dəyişikliklərin gedəcəyi dövr olacaq. Ötən ildən isə bu islahatların yeni mərhələsi başlayıb. Demək olar ki, bütün sahələrdə kadr dəyişiklikləri, məhkəmə-hüquq sistemində və bir sıra digər sahələrdə bu proses aparıldı və bu gün də davam edir. Prezident dəfələrlə çıxışlarında siyasi islahatların da anonsunu verirdi. Aparılan islahatların uğurlu alınması üçün siyasi islahatlar da labüddür.
Ona görə də Cənab Prezidentin sədri olduğu Yeni Azərbaycan Partiyası ötən ilin sonunda parlamentin buraxılması və erkən seçkinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Parlamentin ilk iclasında dövlət başçısı yenə də çıxışında vurğuladı ki, islahatlar daha dərin formada davam etdiriləcək. Bununla da ölkədə yeni siyasi konfiqurasiya formalaşdı. Parlamentdə ilk dəfə olaraq müxalifəti təmsil edən spiker müavini seçildi, müxalifət partiyalarının təmsilçiləri komitələrdə vəzifələrə seçildilər. Siyasi plüralizmdən danışırıqsa, bu, belə də olmalıdır. Siyasi qanunvericilikdə də dəyişikliklər olmalıdır. Mən özüm seçki qanununda dəyişiklik edilməsi barədə iki dəfə parlamentdə çıxış etmişəm”.
Məlahət İbrahimqızının sözlərinə görə, partiyadaxili islahatlar bütün siyasi təşkilatlarda aparılmalıdır:
“Təkcə YAP-da yox, mən deyərdim ki, bu islahatlar bütün siyasi partiyalarda getməlidir. Heç bir siyasi təşkilat doqma deyil. Cəmiyyət inkişaf edirsə, dəyişirsə, siyasi partiyalar da dəyişməlidir.
Əminəm ki, YAP və digər partiyalar da dünyada və ölkədə gedən tendensiyanı nəzərə alıb özlərində bir dəyişiklik edəcəklər. Ölkədə gedən islahatların müəllifi partiyamızın sədri cənab Prezidentdirsə, sözsüz ki, islahatların önündə gedən də YAP olmalıdır.
Təbii ki, bu da bir günün işi deyil. Partiyanın müəyyən strukturu var, rəhbər orqanları var, müəyyən prosedurlar var. Bu məsələni də partiya rəhbərliyi lazım olan formada həyata keçirəcək. Bunda heç bir narahatlıq yoxdur".



Facebook-da paylaş