Tusk Paşinyanı pərt etdi – Badalyandan gülünc təsəlli





Bakıya səfərindən sonra İrəvana gedən və burada görüşlər keçirən Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk erməniləri məyus edib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, Tusk Bakıda keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdiyi halda İrəvanda bir dəfə də olsun “millətlərin öz müqəddəratını təyin etməsi hüququ”nu dilinə gətirməyib. Tusk bu barədə Baş nazir Paşinyanla keçirdiyi mətbuat konfransında da danışmayıb.

Səfərin yekunlarını şərh edən erməni politoloqlar da Donald Tuskun bu mövqeyindən pərt olduqlarını etiraf ediblər. Analitik Armen Badalyan “Sputnik-Armenia” saytına müsahibəsində Tuskun “millətlərin öz müqəddəratını təyin etməsi hüququ”ndan danışmamasının erməni ictimaiyyətində narazılıq doğurduğunu bildirib.

Donald Tuskun Aİ Şurasının Prezidenti kimi artıq öz səlahiyyətlərini başa vurması ilə özünə təsəlli verən erməni politoloq onun Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatından sonra “dünyanın dağılmayacağını” söyləyib. Bu ədalətli mövqeyin problemə şəxsən Tuskun deyil, Aİ-nin rəsmi yanaşmasının nəticəsi olduğunu unudan Badalyan qeyri-peşəkar fikir səsləndirib:
“Qarabağ münaqişəsinin nizama salınması üzrə vəzifədən gedən başçının (Donald Tusk) deyil, Aİ Şurasının yeni rəhbərliyinin nə söyləyəcəyi mühümdür”.

Problemə dair erməni ritorikasından istifadə edən politoloq onu da əlavə edib ki, problemin həlli ilə Aİ məşğul olmur və bu səbəbdən Donald Tuskun mövqeyi ermənilər üçün o qədər də əhəmiyyətli deyil.

“Əlbəttə, Tusk təsadüfi bəyanatlarla çıxış edəcək şəxs deyil, lakin yuxarıda deyilənləri nəzərə alaraq, onun sözlərinin əhəmiyyətini şişirtmək lazım deyil”.


Facebook-da paylaş