Putindən İrəvana şifrəli Qarabağ mesajı: Müharibə başlasa...





Ermənistanın Baş naziri Nikol Paşinyanın işləri yaxşı getmir. Əksər siyasi təhlilçilərə görə, hətta onun ətrafında dairə daralmaqdadır. Çünki “məxməri inqilab”dan ötən 1 ildə Paşinyan özünə çevik və peşəkar komanda qura, məhkəmə-hüquq sistemində zəruri islahatlar aparıb hakimiyyətini möhkəmlədə bilməyib. Paşinyan hökuməti indi siyasi rəqiblərin, ələlxüsus Moskvaya bağlı varlı Qarabağ klanının təzyiqləri və əks-inqilab ssenarilərinə heç vaxt olmadığı qədər həssas duruma gəlib.

Bir yandan da Nikol Paşinyan çoxsaylı sədaqət andlarına rəğmən, Moskva ilə münasibətləri heç cür qaydaya sala bilmir. Kremldə hələ də ona şübhəli nəzərlə, “gizli qərbçi” kimi baxırlar. Hərçənd, Qərbin özü də Paşinyanı “doğma” hesab eləmir, əksinə, rusun Ermənistanda növbəti sadiq canişini sanır. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi, Nikol Paşinyanın yaxın adamlarından və “Soros uşaqları”ndan olan Armen Qriqoryanın təzəcə başa çatan uğursuz ABŞ səfərindən də görmək mümkündür. Qriqoryanı Amerikada heç Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da qəbul eləmədi...
***
Ötən həftənin Ermənistanla bağlı yadda qalan maraqlı olaylarından biri də Paşinyanın işğal altındakı Qarabağda hərbi xidmət keçən oğlu Aşot Akopyanın yerini İrəvana dəyişməsi oldu. Artıq Ermənistan Müdafiə Nazirliyi bu barədə informasiyanı rəsmən təsdiq edib. Nazirlik Aşot Paşinyanın İrəvana qısamüddətli təlim kursları üçün gəldiyini, bu nizamın bütün hərbçilərə aid olduğunu bildirib.
Bundan öncə sosial şəbəkələrdə N.Paşinyanın oğlunu Qarabağdan İrəvana gətirməsi haqqında məlumat yayılmışdı. Həmin vaxt Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan facebook səhifəsində açıqlama yayaraq Azərbaycanı ittiham etmiş, amma Aşot Paşinyanın İrəvana gəlməsi haqqında dəqiq heç nə bildirməmişdi. İndi isə fakt tam təsdiqini tapmış oldu.
Gözlənilən idi. Çünki Paşinyan Kremlə bağlı Qarabağ klanı ilə, Dağlıq Qarabağdakı separatçı rejimlə münasibətlərin sərt xarakter aldığı, müharibə riskinin artdığı zamanda yeganə oğlunu od-alovun içində, təhlükəli rəqiblər üçün potensial girov qismində Qarabağda saxlaya bilməzdi. Ata Paşinyanın dərdi onsuz da başında aşır. Hələ inqilab öz hədəflərinə çatmayıb, sistemli islahatlar ləngiyir. “İqtisadi inqilab” haqda bəyanat da elə bəyanat olaraq qalır. İqtisadiyyatda davam edən staqnasiya, səngiməyən kütləvi köç, vəd edilən böyük sərmayələrin ölkəyə gəlib çıxmaması, yoxsulluğun azalmaması, xarici borcların artması, habelə hərbi quruculuq sahəsində ciddi işlərin görülməməsi, Rusiya ilə münasibətlərdə yaşanan gərginlik və s. bütün bunlar Paşinyanı heç vaxt olmadığı qədər ayıq-sayıq olmaq zorunda qoyur. Eyni zamanda, onu şimala boylanmağa vadar edir. Çünki dərdlərin başında işğal edilmiş Azərbaycan torpaqlarına, Qarabağa nəzarəti əldə saxlamaq gəlir. Bu isə Rusiyasız qeyri-mümkündür...
***
Ermənistanın formal müstəqillik qazanandan sonra ayaqda durmasında və işğal rejimini davam etdirməsində sözsüz ki, Rusiya həlledici rol oynayan dövlətdir. Ancaq bu da var ki, Ermənistan getdikcə Moskva üçün çətin daşınan əlavə yükə - “qulpsuz çamadan”a, “başağrısı”na çevrilməkdədir. Xüsusən də NATO üzvü Türkiyə ilə Rusiya arasında münasibətlərin dinamik inkişafda olması, Moskva və Ankara arasında etimadın daim yüksəlməsi “bahalı Ermənistan” layihəsini Kreml üçün az arzulanan edir. Çoxsaylı hərbi kontingent saxlamaq üçün Ermənistanı bəsləməyi mənasız duruma gətirir.
Əlbəttə ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu onun bölgədəki maraqları ilə birbaşa bağlıdır. Ancaq bu maraqların dəyişməsi istisna edilmir. Ötən həftə Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında dediyi bir ifadə bunun anonsu sayıla bilər. Belə ki, İran ətrafında son situasiya, ABŞ-ın Tehrana qarşı artan təzyiqlərinə və sanksiyalarına münasibət bildirən Rusiya lideri hamının gözləmədiyi, sensaion bir ifadə işlədib. Sitat: “Biz yanğınsöndürən komanda deyilik ki, daim kimisə xilas edək. Xüsusən də haranı ki, orada bizdən az şey asılıdır”.
Əslində bu, həm də Ermənistana şifrəli bir ismarışdır ki, Moskvaya çox bel bağlamasın - o cümlədən Qarabağ məsələsində. Yeri gəlmişkən, bəzən rəsmi Moskvanın açıq deyə bilmədiyi sözü ona yaxın ekspertlər deyirlər. Məsələn, rusiyalı politoloq Stanislav Tarasov erməni portalına müsahibəsində Rusiyanın Qarabağ məsələsində ilk növbədə öz dövlət maraqlarını qoruduğunu deyib. Sitat: “Biz orada (Dağlıq Qarabağ konflikti zonasında - red.) olmalı, hər şeyi görməliyik. Ancaq bu, heç də o demək deyil ki, biz bir tərəflə oynayırıq. Biz ilk növbədə dövlət maraqlarımızı qoruyuruq”.
Rusiyanın həmin bu dövlət maraqları günün birində Ermənistanı Azərbaycanla təkbətək də qoya bilər. Ən azından, Bakıya lazım olan müddətdə, yəni Dağlıq Qarabağ probleminin qısa zamanda, güc yolu ilə həlli üçün gərəkən zaman kəsiyi üçün.
Söz düşmüşkən, Paşinyan çıxışlarında vaxtaşırı inamla belə ifadə işlədir ki, “Rusiya Azərbaycana müharibə aparmağa imkan verməz”. Bu İrəvandakı müharibə xofu ilə yanaşı, həm də işğalçı ölkənin Rusiya tərəfindən taleyin ümidinə buraxıla biləcəyindən yana təlaş sayıla bilər.
Bu mənada Ermənistan-Rusiya münasibətlərindən daha çox, Kremlin bölgədəki maraqlarında baş verən gəlişmələri, dinamikanı diqqətlə izləməliyik. Putinin təbirincə desək, Rusiya Ermənistan uçun sonsuzadək “yanğınsöndürən” rolu oynamaya bilər...
Musavat.com


Facebook-da paylaş