"Sənətdən uzaq düşmüşük, saxladığım 12 əngəlli heyvanımla karantin günlərimi keçirirəm"



Məşhur aktrisa Tuna Arman Moderator.az-ın suallarını cavablandırıb.
 
- Tuna xanım, salam! Sizə Azərbaycandan qucaq dolusu salamlar. Necəsiz?
 
- Çox təşəkkür edirəm, yaxşıyam. Türkiyədən də qardaş Azərbaycana salamlar! Mən bilirəm ki, sizin tamaşaçılar məni sevir, izləyirlər. Onlardan o qədər mesajlar alıram ki, sayı-hesabı yoxdur.
 
- Hal-hazırda nə işlə məşğulsuz?
 
- Artıq uzun müddətdir ki, bütün dünya koronovirusla mübarizə aparır. Açıq havada mütləq maska taxırıq, qapalı yerlərə getməməyə çalışırıq. Yoluxanların sayı ya azalır, ya da artır. Bütün sənət ocaqları kimi teatrlar da bağlıdır. Bir növ sənətdən uzaq düşmüşük. Mən də saxladığım 12  heyvanımla evdə karantin günlərimi keçirirəm. Onlardan 4-ü it, 8-i isə pişikdir. 
 
- Sizi azərbaycanlı tamaşaçılar “Çiçək taksi” serialındakı Monolya obrazı ilə tanıyıb, sevdilər. Serial neçə ilə əvvəl çəkilmişdi?
 
- 1992-ci ildə bu serialın çəkilişlərinə başlanılmışdı, artıq 25 ildir. Amma mən hər zaman teatra həvəs göstərmişəm. Tamaşaçı ilə göz-gözə, üz-üzə oynamaq tamam başqa bir həvəsdir. Film və serialdan daha çox pul qazanmaq və böyük tamaşaçı kütləsinə çatmaq üçün istifadə etdim. O vaxt bizim serialımızı izləyənlərin indi övladları var, onlar da bizi izləyir. Bir neçə nəsil bizimlə böyüdü. Hələ də mənə serialdakı adımla “Monolya” deyə müraciət edənlər var. Mənim üçün bu serial hələ bitməyib. Hər şey dünənki kimi yadımdadır. Seriala 10-cu bölümdən qatıldım. Yadımdadır ki, oğlum 10 gün idi doğulmuşdu. Senarist bu obrazı məhz mənim üçün yazmışdı.
 
- Serial yenidən çəkilsə əvvəlki kimi sevilər?
 
- Əlbəttə sevilər. Çünki orada bir saflıq var idi. Əvvəlki akyorlar çəkilsə əvvəlki kimi də sevilər.
 
- Çəkilişlərdən nələr yadınızda qalıb?
 
- Biz bir ailə kimi çəkilirdik. Çəkilişlər uzun çəkdi, ona görə də qohum kimi idik. Əylənərək, deyib-gülərək çəkirdik serialı. Öncə özümüz gülürdük, bəzən gülməkdən özümüzü saxlaya bilmirdik (gülür).
 
- Siz həm də ev heyvanları ilə bağlı sosial tədbirlər keçirirsiz. İstərdim bundan da danışaq.


- Bəli, mən heyvanlarını sevirəm və onları çalışdığım qədər qoruyuram. Mənim evimdə saxladığım heyvanların hamısı əngəllidir. Hətta məşhurlarla onların fotosessiyasını etmişdik. Bu fotosessiyanı etməkdə məqsədim o idi ki, hər birimiz bir gün əngəlli ola bilərik. Bəzən heyvan sevməyənlər mənə deyir ki, heyvanlara yardım edəcəyinə insanlara yardım et. 
 
- Sizin “Çoçuklar duymasın” serialındakı Özləm rolunuz da çox sevildi.
 
- Həqiqətən mi? Kaş ki, rejissor da belə düşünsəydi (gülür).
 
- Demək ki, serialdan istəyərək ayrılmamısız?
 
- Bəli, ssenarist belə məsləhət gördü. İstəsəydilər uzada bilərdilər. Zatən 2 seriya sonra bitdi.
 
- “Aşk yenidən” serialında müəmmalı şəkildə ayrıldınız. Buna səbəb nə idi?


- Bu serialın son 2 seriyasını çəkmək üçün Marmarisə yollanmışdıq, mən orada qəza keçirdim. Ona görə də son iki bölümdə oynaya bilmədim. Rejissor belə bir səhnə əlavə etdi ki, guya getdiyimiz adada mən itirəm.
 
- Necə bir qəza idi?
 
- Dənizdə çəkirdik bu serialı. Qəfildən ayağım sürüşdü və qırıldı. Həkim məsləhəti ilə evdə müalicə aldım.
 
- Tuna xanım, müsahibə üçün çox təşəkkür edirəm.
 
- Mən sizə təşəkkür edirəm ki, məni azərbaycanlı qardaş-bacılarımla görüşdürdünüz. İnşallah ki, bir gün mütləq Azərbaycana gələcəm. Sizin işğaldan azad etdiyiniz o torpaqlara ayaq basmaq ən böyük arzumdur. İnşallah ki, bu arzuma da çataram. Sizləri çox sevirəm. Sizə bir sual verə bilərəm?
 
- Əlbəttə!
 
- Mən çox dəyişilmişəm?
 
- Xeyr, siz bizim üçün həmin Monolyasız. Dəyişən zamandır, amma zaman sizin gözəlliyinizə təsir etməyib.
 
- Çox təşəkkür edirəm!


Facebook-da paylaş