“Qərb kürd dövlətini başqa ərazidə quracaq”




Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Sülhəddin bəy, ABŞ Konqresinin aşağı palatasının saxta erməni soyqrımı haqda qəbul etdiyi qərar nədən xəbər verir və bu hansı problemlər yarada bilər?
- Birincisi, səbəbin nə olduğunu müəyyən etmək lazımdır. Əsas səbəb Türkiyənin regional gücə çevrilməsi, regionda oyunu pozan oyunçudan oyun quran oyunçuya çevrilməsidir. İndiyə qədər Türkiyə ABŞ başda olmaqla Qərbin nəzarətində hərəkət edən, Qərbin planları daxilində rol alan ölkə idi. II Dünya Müharibəsindən sonra ilk dəfədir ki, Türkiyə müstəqil siyasət aparmağa təşəbbüs göstərir. Bu təşəbbüsün uğurla başa çatacağı və ya uğursuz olacağını yaxın 5 il göstərəcək. Beləliklə, birinci səbəb Türkiyənin asılı gücdən müstəqil gecə çevrilmək istəyidir. İkinci səbəb Türkiyənin böyük oyunçuların, xüsusilə İsrailin regional siyasətinə çomaq soxması ilə bağlıdır. Bunu həm Fələstin-İsrail məsələsinə, həm də Böyük İsrail projesinə aid etmək olar. Bunu eləcə də Qərb dünyasının və İsrailin regionda yeni kürd dövləti qurmaq layihəsi ilə də izah etmək olar. Bu məsələlərdə əsas maneə Türkiyədir. Məncə, Konqresin aşağı palatasında qəbul edilən qərar məsələnin görünən tərəfidir. Daha vacibi başlıca səbəbləri görmək lazımdır. Bunu görmədən düzgün analiz aparmaq və nəticəyə gəlmək qeyri mümkündür. Bu iki amil Türkiyənin əleyhinədir. Üçüncü amil də var: ABŞ Türkiyəni birdəfəlik itirməyə hazırdırmı? Mən bu suala müsbət cavab verməyə hazır deyiləm. Sizin verdiyiniz suala cavab da əsaslindəburada yatır. “Vaşinqton mövcud şəraitdə Türkiyəni itirməyə hazırdırmı” sualına cavab olduqca vacibdir. Xüsusilə nəzərə alınmalıdır ki, 2020-ci ilin sonunda bu, daha aydın görünəcək. Əgər ABŞ dərin dövlətinin planları dəyişməyəcəksə və milli təhlükəsizlik konsepsiyasında olduğu kimi başlıca təhdid Rusiya hesab olunursa, 2021-ci ildə Rusiya məsələsi gündəmə gələcək. Rusiya məsələsinin gündəmə gəlməsi o deməkdir ki, Qara dəniz hövzəsi gündəmə gələcək. Burada Türkiyə vazkeçilməz ünvandır. Anqlosaks strategiyasına görə, talassokratik ölkələr üçün vazkeçilməz dəniz və su yollarını nəzərə almaq lazımdır. Bu mənada Dardanel və Bosfor boğazlarının harada yerləşdiyi nəzərə alınmalıdır. Bu səbəbdən də Türkiyənin önəmi çox böyükdür. Elə bu amillərə görə də “2021-ci ildə ABŞ, Brüssel və NATO Türkiyəni itirməyə hazırdırmı” sualı ortaya çıxır. Məncə, bunun cavabını yaxın zamanlarda öyrənəcəyik.
- Amma NATO-nun Baş katibi Yens Stoltenberq daima Türkiyəni dəstəkləyən bəyanatlar verir…
- Baş katibin mövqeyi əvvəldən belədir. NATO baş katibi postunu tutan şəxs ən azından NATO daxilində heç bir ölkə ilə ziddiyyət istəməz və terrora məruz qalan NATO dövlətinin terrorizmlə mübarizəsinə dəstək verməyə bilməz. Bu, anlaşılandır. Amma burada əsas söhbət ABŞ, Fransa, Böyük Britaniya və Almaniyadan gedir.
- Amma bu dövlətlərdən üçü Türkiyəyə qarşı son dövrlər düşmən mövqedə dururlar...
- Diqqət edin, Türkiyədə də bu məsələ ciddi şəkildə müzakirə edilir. Amma siz görmüsünüzmü ki, ciddi siyasətçi və mütəxəssislər çıxıb desin ki, Türkiyə NATO-dan ayrılmalıdır?
- Yox...
- Türkiyədə keçirilən bütün rəy sorğularında ABŞ-a rəğbət məsələsində 90 faiz yox deyir. Amma “Türkiyənin NATO-dan çıxmasına razısınızmı” sualına 60 faizdən çoxu “xeyr” deyir. Bu nə ilə bağlıdır? Onunla bağlıdır ki, NATO-dan çıxmaq Türkiyəyə böyük ziyan verəcək. Təbii ki, NATO-ya da ziyan olacaq, amma Türkiyəyə daha çox ziyan dəyəcək. Türkiyə NATO-da ən azı ona görə olmalıdır ki, NATO üzvləri açıq şəkildə Türkiyəyə hücum edə bilməsin. Türkiyənin NATO-da üzvlüyü Ankaranın qeyri-NATO ölkələrinin təhdidlərindən qorunmaq üçün deyil, potensial olaraq NATO içində toplanan təzyiqlərdən müdafiə olunması üçün lazımdır.
- Ancaq ABŞ və Fransa olmaqla Türkiyənin sevilmədiyi hər addımda özünü göstərir. Konqresdə Türkiyənin NATO-dan çıxarılmasına dair açıq bəyanatlar verilir. Səbəb nədir?
- Burada əsas məsələ dünya ağalığı iddiasına düşən yəhudi və xristian sionistlərdən gedir. Onlar öz tarixlərində heç vaxt dünya gücünə indiki qədər sahib olmayıb. İlk dəfədir ki, ABŞ-da istədikləri şəxsi hakimiyyəti gətiriblər, Fransada arzu etdikləri siyasətçi iqtidara gəlib, İngiltərəni Avropa Birliyindən ayırmağa nail olublar, Londonda hökumətin başına istədikləri adamı gətiriblər. Beləcə gücləniblər. Yəhudi və yevangelis sionist dairələrin hədəflərindən biri də Türkiyəni NATO-dan çıxarmaq və İsraili NATO-ya daxil etməkdir. Bill Klintonun 1994-cü ildə irəli sürdüyü təhlükəsizlik konsepsiyası var: Dinc demokratik və bölünməz yeni Avropa. O zaman İsrail də Avropanın yeni təhlükəsizlik arxitekturasına daxil olacaqdı. Bunlar dərin məsələlərdir və qlobal güclər arasında gedən mübarizədir. Burada anqlosakslarla yəhudi yevangelis sionist dairələr arasında rəqabət güclüdür. Sözsüz ki, anqlosaks dairələr Türkiyənin NATO-dan çıxmasına imkan verməyəcək. Yeri gəlmişkən, ABŞ Müdafiə Nazirliyində, qərargah komandanlıqları arasında belə fikir ayrılıqları var. Məsələn, Avropa komandanlığının Türkiyəyə münasibəti ilə mərkəz komandanlığının münasibətini müqayisə edəndə görəcəksiniz tam fərqli mövqedədirlər. ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığı önəmli gücdür, NATO-nun hərbi qanadına rəhbərlik onların əlindədir, bu mərkəz daima Türkiyəni dəstəkləyib. SENTKOM isə tam əksinə, Türkiyə ilə düşmənçilik xətti aparır.
- Türk Silahlı Qüvvələrinin “Sülh çeşməsi” əməliyyatı Suriyanın şimalında kürd dövləti qurulması təhlükəsini aradan qaldırıbmı, yoxsa təhlükə mövcuddur?
- Əsas təhlükə Suriyanın şimalından başlayan Şimali İraq Kürd Muxtariyyəti ilə həmsərhəd olan və Aralıq dənizinə çıxışı nəzərdə tutulan dəhlizin yaradılması idi. Yəni Suriyanın şimalında mümkün olsa müstəqil kürd dövlətinin, olmasa kürd muxtariyyətinin qurulması, gələcəkdə şərait yaranan kimi referendum keçirərək müstəqilliyi elan etmək idi. Son nəticədə Suriya, Türkiyə, İraq və İranın ərazilərini əhatə edəcək müstəqil kürd dövlətinin qurulması nəzərdə tutulur, yəni hədəf budur. Bu hədəfə birdən-birə nail olmaq çətin olduğundan mərhələ-mərhələ işləyirlər. Məncə, indi Suriyada nəzərdə tutulan dövlətin coğrafiyası dəyişə bilər. Türkiyə “Zeytun budağı”, “Fərat qalxanı” və “Sülh çeşməsi” əməliyyatı ilə Suriyanın şimalından İraq sərhəddinə uzanan zolağı bir neçə yerə bölərək Suriyanın şimalında zolağ halında nəzərə tutulan kürd dövləti qurulması planının qarşısı alındı. Məncə, indi qarşı tərəfin məqsədi qalır, amma planı dəyişir.
- Nəyi nəzərdə tutursunuz?
- Əgər Suriyanın şimalında kürd dövlətini qura bilmədilərsə, məncə, indi Suriyanın şərqində buna cəhd edəcəklər. Diqqət edirsinizsə, hətta Türkiyə ilə Rusiya arasında bağlanan razılaşmada da Türkiyə tərəfində Qamışlıya daxil olmağa razılıq verilmədi. Məncə, Qamışlıdan başlayaraq Şimali İraq Kürd Muxtariyyəti ilə sərhədi olan, şimaldan cənuba qədər uzanan qaz resurslarını əhatə edən və İranın da qarşısını alan dövlət qurulmasına yönəlik hazırlıq gedir. Bir sözlə, dövləti şimalda deyil, şərqdə quracaqlar. Qamışlıdan Deyr əz Zora qədər uzanan və Əbu Kamal sərhəd qapısını, hansı ki, İran buradan istifadə edir, əhatə edən ərazidə dövlət qurulmasından söhbət gedir. ABŞ tərəfinin neft quyularının mühafizəsi adı altında Suriyaya əlavə qüvvələr göndərməsi, İraqda iki yeni baza qurmağa başlaması da bu planla əlaqəlidir. Türkiyə qismən Suriyanın şimalında planın qarşısını aldı, amma qarşı tərəf də şərqdə bu planı həyata keçirməyə cəhd edir.
- Deməli, şərqdə həyata keçirməyə çalışdıqları yeni layihə də Türkiyə ilə həmsərhəd olacaq?
- Bəli, yenə də Türkiyə ilə sərhəddə yaradılması nəzərdə tutulur. İkincisi, İraq Kürdüstanı ilə sərhəddi olacaq və sonradan onunla birləşmə ehtimalı ortaya çıxa bilər. Amma orada bizim klassik mənada anladığımız şəkildə sərhəd yoxdur. Ərazinin bir hissəsi dağlıqdır, bir hissəsi də sərhalıqdır. Bu plan qüvvədədir və ondan vaz keçə biləcəklərini düşünmürəm. Çünki bu strateji plandır.Geosiyasi vəziyyətə uyğun olaraq operativ-taktiki dəyişikliklər edilə bilər, amma bu plandan vaz keçilməyəcək. Əksinə dediyimiz istiqamətdə daha aqressiv şəkildə işləməyə başlayacaqlar. Türkiyənin daxil olduğu ərazilərdə isə terror aktivliyinin artacağı müşahidə edilə bilər. Çalışılacaq ki, Türkiyə daxil olduğu yerlərdə möhkəmlənə bilməsin.
- Məsələnin qəribə tərəfi ondadır ki, burada ABŞ və Rusiyanın maraqları üst-üstə düşür. Buna səbəb nədir?
- Bəli. Bir məsələdə Vaşinqtonla Moskvanın niyyət və planları üst-üstə düşür. Bu da Suriyanın federallaşmasıdır. Həm Rusiya, həm də ABŞ federal dövlət quruluşuna malikdir. Hər bir dövləti də federal görmək istəyirlər. Çünki bu həm də ora müdaxilə imkanı verir. Onların hər ikisi Suriyanı federallaşdırmaq istəyir, necə ki, İraqda buna nail olundu. Bu səbəbdən də kürdlərə muxtariyyət verilməsini istəyirlər. Qısası bu mövzuda Rusiya və ABŞ birgə hərəkət edirlər, həmfikirdirlər və bundan sonra da eyni mövqedə olacaqlar.


Facebook-da paylaş