Sabiq nazirdən sensasion şərh: Yeganə ümidimiz...





Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vyanadan sonra məhz Rusiyada bir araya gəlməsi diqqət çəkir. Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli danışıqlar formatının bərpa olunmasının prosesin gedişatına təsiri barədə nə deyə bilərsiniz?

- Görüşlərin coğrafiyası danışıqlar prosesinə çox nisbi təsir göstərir. Bu baxımdan tərəflərin bu və ya digər ölkədə görüşməsi əsas əhəmiyyət kəsb edən məsələlərdən deyil. Bu görüş Minsk Qrupu formatında baş tutur. Burada təkcə Rusiyanın vasitəçiliyi deyil, həm də Minsk Qrupunun xidmətləri və ya aktivliyi də özünü göstərir.

- Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva görüşündən öncə də “sülh mühitinin yaradılması”na dair bəyanatlar səsləndirdi. Azərbaycan XİN isə Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi bu variantın işğalçıların ərazilərimizdən geri çəkilmədən mümkün olmayacağını bildirdi...

- Birincisi, erməni tərəfinin mövqeyi heç də nəticəli danışıqlara xidmət etmir. İkincisi, Moskvada nazirlərin görüşünün əhəmiyyətini çox şişirtməyin tərəfdarı deyiləm. Üçüncüsü, açıq şəkildə başa düşməliyik ki, danışıqlar formatı torpaqlarımızın azad olunmasında bir vasitə deyil. Çünki danışıqlar vasitəçilik formatında gedir, həmsədrlər tərəflər arasında hansısa ortaq məqamların əldə edilməsinə çalışırlar. Təbii ki, bu da mümkün olan məsələ deyil. Azərbaycan həmsədrlərin münaqişənin həlli istiqamətində işğalçı Ermənistana təzyiqlərini gözləyirdi, ancaq bu baş vermədi. Bundan sonra da çətin ki, baş versin. Beynəlxalq təzyiq olmasa, Ermənistanın mövqeyində hansısa dəyişikliyin baş verəcəyinə inanmıram. Yeganə ümidimiz öz gücümüzədir.

- Belə çıxır ki, müharibə hər an başlaya bilər?

- Bu suala məntiq əsasında cavab vermək olar. Azərbaycan dövləti və xalqı öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır və bunda israrlıdır. Bu baxımdan danışıqlar real nəticələr verməsə, müharibə təhlükəsi yaranacaq. Erməni tərəfinin mövqeyindən də belə görünür ki, onlar Azərbaycan ərazilərini işğal etdikdən və orada etnik təmizləmə apardıqdan sonra torpaqlarımızı qaytarmaq niyyətində deyillər. Bunun məntiqi davamı isə müharibənin çox real olduğunu göstərir. Təəssüf ki, vasitəçilər ayrı bir yola imkan saxlamırlar. Onlar real addımların yerinə imitasiyaya bənzər danışıqlar təşkil etməkdə maraqlıdırlar. Bu danışıqlar isə heç bir əhəmiyyəti olmayan görüşlərdən ibarət olacaq. Ola bilsin ki, danışıqlarda humanitar məsələlərin müzakirəsi nəticə versin və problemlər öz həllini tapsın. Ancaq Azərbaycan üçün bir nömrəli məsələ torpaqlarının işğaldan azad olunmasıdır.

- Bu arada Rusiya Çinlə keçirəcəyi hərbi təlimlərə Azərbaycanı da müşahidəçi qismində dəvət etmək niyyətindədir. Azərbaycanın belə böyük bir təlimə dəvət olunması hansı anlama gəlir?

- Azərbaycanın Müdafiə Nazirliyi müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlıq edir. Bu onu göstərir ki, müxtəlif ölkələrin qoşunları və hərbiçiləri ilə təcrübə mübadiləsi aparmaq və beynəlxalq təcrübə qazanmaq məsələsi gündəmdədir. Azərbaycanın siyasəti həm də yeni silahlar əldə etmək və şəxsi heyətin təlimlərini təşkil etməkdən ibarətdir.

- Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyanın Mənim Addımın Blokunda hazırkı hökumətin siyasətini dəstəkləməyənlərin sayı artır. Bu yaxınlarda Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan 1998-ci il 27 oktyabr hadisələrini Rusiyanın təşkil etdiyini bildirdi. Necə düşünürsünüz, Ermənistanda Paşinyana qarşı yeni müxalif siyasi partiyanın yaranması mümkündürmü?

- Rusiya-Ermənistan münasibətləri getdikcə daha da gərginləşir. Paşinyanın blokunda cəmləşən bir çox siyasətçilər Ermənistanın qərbyönümlü siyasət yürütməsini istəyirlər. Buna görə də onlar siyasi rəqiblərinə aid olan müxtəlif məsələlərdən istifadə edirlər. Artıq Rusiya ilə Ermənistan arasındakı mövcud böhranın həlli üçün də imkanlar qalmayıb. Ermənistan-Rusiya əlaqələrində neqativ tendensiyalar o dərəcəyə gəlib çatıb ki, yaranmış böhranı aradan qaldırmaq mümkün deyil. O ki qaldı Rusiyanın ittiham olunmasına, bu, hələlik antirusiya xarakterli bəyanatdır və məqsəd Ermənistanın qərbyönümülü siyasətinin tendensiyalarını gücləndirməkdir. Bu mənada ortaya atılan məsələ mümkün silsilə hadisələrdən sadəcə biridir. Paşinyanın komandasının qərbyönümlü siyasəti hətta siyasi, iqtisadi, hərbi və digər müxtəlif sahələrdə zəncirvari reaksiyalarla müşahidə ediləcək.

- Tofiq bəy, Aİ ilə Azərbaycan arasında əməkdaşlıq sazişinin gecikməsini sənəddə bəzi məqamların razılaşdırılmaması ilə əlaqələndirənlər var. Sizcə, Avropa İttifaqı ilə strateji sazişin imzalanmasına Azərbaycanın ərazi bütövlüyünə fərqli baxış mane olur?

- Hazırda yekunlaşmaq üzrə olan danışıqların detalları barədə birmənalı fikir söyləmək çətindir. Sazişlə bağlı müxtəlif ehtimallar irəli sürülür. Hətta Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyi məsələsi ortaya atıldı. Ancaq Azərbaycan XİN sözçüsünün açıqlaması bu ehtimalların üstündən xətt çəkdi. Aydın oldu ki, bu məsələ müzakirə mövzusu belə deyil. Azərbaycan bu sazişə iqtisadi cəhətdən çox real münasibət bəsləyir, Avropa İttifaqı isə Azərbaycan bazarlarına çıxmaqda maraqlıdır. Çünki Azərbaycan Aİ üçün Cənubi Qafqazda maliyyə imkanları mövcud olan ən böyük ölkədir. Ona görə də bu bazarı əldə etmək Avropanın maraq dairəsindədir. Azərbaycan isə proteksionizm siyasəti yürüdərək, milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına çalışır. Bu, hər bir ölkənin marağındadır və istisna etmirəm ki, çətinliklər də bununla bağlıdır. Məsələn, Azərbaycan xaricdən məhsulun ucuz gətirilməsinə icazə versə, onda bu, daxili istehsalın inkişafına mane ola bilər. Təbii ki, bu, adi bir iqtisadi məntiqdir və Azərbaycan öz iqtisadi maraqlarını qorumalıdır. Digər ölkələr də öz mallarını satmaq istəyirlər, bu da çox aydın bir strategiyadır. Çox güman ki, danışıqlarda bu məntiqdən irəli gələn məsələlər özünü büruzə verir.

- Brüssellə strateji sazişi necə dəyərləndirirsiniz və Aİ ilə əməkdaşlıq Bakıya nə verəcək?

- Birincisi, Azərbaycan birmənalı öz bazarını müdafiə etməlidir. İkincisi, humanitar məsələlərdə əməkdaşlıq da Bakının marağındadır. Burada bir məsələ də var. Şərq Tərəfdaşlığı ölkələri arasında müxtəlif mövqedə olan bir çox dövlət hesab edir ki, Aİ onlara maliyyə ayıracaq. Bu mənada Azərbaycana birmənalı dəstəkdən söhbət getmir. Çünki Avropada ölkəmizə qarşı ikili standartlar hələ də hökm sürür. O biri tərəfdən də başa düşürlər ki, Azərbaycanın maliyyə imkanları genişdir. Ona görə də Bakının marağı tələsmədən Brüssellə bu sazişi bağlamaq və sənədin xeyrimizə olmasına çalışmaqdır. Çünki Azərbaycan enerji ehtiyatlarını stabil bazarlara çıxarıb satmaq və bunun əvəzində də bir sıra imtiyazlar əldə etmək istəyir. Bu çox mürəkkəb mövzudur və müxtəlif istiqamətləri var. Ona görə hesab edirəm ki, bu məsələni çox siyasiləşdirməyə ehtiyac yoxdur.


Facebook-da paylaş