O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi - Kinomuzun “Göygöz kosa”sı...


Azərbaycan kinosunda Göygöz kosa, Mazelli kimi obrazlarla məşhrulaşan rusiyalı aktyor Andrey Fayt haqqında maraqlı faktları təqdim edirik.
Andrey Fayt demək olar ki, heç vaxt müsbət rol oynamayıb. O, sovet kinosunda ömrünün son günlərinə qədər çəkilən aktyor kimi yadda qalıb.
Andrey Fayt 1903-cü il, avqustun 29-da Nijni Novqorodda həkim ailəsində dünyaya gəlib. Atası «Xalq hərəkatı qrupu» təşkilatının rəhbəri olub. Eserlərin Kommunist Partiyasının üzvü kimi Çar hakimiyyətinə qarşı mübarizə apardığı üçün onu tez-tez həbs edərək dəfələrlə Sibirə sürgünə göndəriblər. Anası Anna Nikolayevna tibbi işçisi olsa da, ərinə fəal kömək edib.



O, Andreyə hamilə olanda da həyat yoldaşı sürgündə olub. Andreyin atası Narım dairəsinə sürgün olunduğu zaman öz pasiyentlərinin köməyi ilə Fransaya qaçır. Sonralar həyat yoldaşı iki oğlu ilə onun arxasınca gedir. Onlar bir neçə il Paris yaxınlığındakı rus koloniyasında yaşayırlar. Andrey orada liseyə gedir. Birinci Dünya müharibəsi başlayanda atası fransız ordusunun həkimi qismində könüllü kimi cəbhəyə yollanır. Anası isə uşaqlar ilə birgə Moskvaya qayıdır. Fevral inqilabından sonra isə Andreyin atası ailəsinin yanına dönür.
Fayt gimnaziyanı Rusiyada bitirir. Daha sonra Hava Donanması Mühəndisliyi İnstitutunda daxil olur. Ancaq o, dəqiq elmlərə nifrət hiss etdiyi üçün artistlik karyerasına görə institutu yarıda qoyur.

Fayt 1927-ci ildə Dövlət Kinematoqrafiya Texnikumunu bitirir. İlk dəfə Vladimir Qardinin «Göyərçinlərin malikanəsi» filmində Azanqulov roluna çəkilir.



O, özü kinoya kino sənətinə gəlişi ilə bağlı müsahibələrində deyir: “1922-ci ilin qışı idi. Mən bilirdim ki, Moskvada dünyada yeganə olan Kinematoqrafiya İnstitutu var. Üzümü qırxdım. Təmiz köynək geyindim və bu unikal institutun yerləşdiyi əraziyə getdim. Təsəvvür edin, ilin ortasında cavan bir oğlan instituta gəlir və tələbə olmaq arzusunu bildirir. İnstitutun rəhbəri onu imtahanlarla və auditoriya ilə təmin edir”.
1925-ci ildə Andrey Fayta Serqey Eyzeyşteynin «Bronenoseç Patyomkin» filmində çəkilir. İnstitutu qurtarandan sonra Fayt kinoya müntəzəm çəkilir, hətta bəzən elə olur ki, bir ildə bir neçə filmə dəvət alır. Bunların çoxu epizodik rol olur, hətta bəzən titrlərdə belə onun adı çəkilmir.



Andrey Fayt Böyük Vətən Müharibəsində iştirak etməyib. 1941-ci ildə o, «Soyuzuşaqfilm» studiyası ilə birlikdə Stalinabada evakuasiya olunur. Orada «Meşə qardaşları», «Kartaşova müəllimə», «Dəmir mələk» filmlərində çəkilir. "Lermontov” filmindəki işini bitirir.
«Mən evakuasiya həyatının ağırlığını hiss edirdim. Müharibə haqqında isə qəzetlərdən, fotolardan, hekayələrdən və filmlərin xronikalarından öyrənirdim» - deyə aktyor etiraf edirdi. Müharibədən sonra da aktyor kinoda, xüsusən, mənfi rollarda çəkilməyini davam etdirir.
Ona cəsarətli rollar verirlər. Düşmən obrazları oynayanda personajın xarakterinə məxsus ən xırda detalları, zahiri davranışları əks etdirən xüsusiyyətləri belə, tapıb üzə çıxarır, onları canlandırır. Tamaşaçını təkcə onlardan qorxmağa deyil, həmçinin nifrət etməyə, eyni zamanda, bu mənfiliyin təbiətini anlamağa məcbur edirdi. Oynadığı mənfi rollara görə, o, sovet ekranının «baş yaramaz»ı kimi tanınır. Aktyor əcnəbi agentlərdən, düşmən zabitlərdən tutmuş qəddar cadugərlərə qədər obrazları böyük məharətlə canlandırır.

Andrey Fayt kinoda 60-dan çox rol oynayıb. Enzeyşteynin, Protazanovun, Gerasimovun, Rommun filmlərində çəkilir. Onların hər biri ilə işləyərkən öyrənməkdən yorulmur. Böyük sənətkarların çəkiliş meydanında elədikləri hər şeyi acgözlüklə mənimsəyir.



Andrey Fayt bir çox Azərbaycan filmlərində çəkilib. "Bir qalanın sirri” filmində Göygöz kosa rolu ilə daha çox yadda qalıb. Daha sonra o, rejissor Tofiq Tağızadənin rejissorluğu ilə "Uzaq sahillərdə” filmində də Mazelli roluna dəvət alır.

«Ələddinin sehirli çırağı»nda Andrey Fayt Məğrib cadugəri roluna dəvət alır. 1938-ci ildə filmin çəkilişləri başlansa da, tezliklə film istehsaldan yığışdırılır. Üstündən 30 il keçəndən sonra eyni rolu yenidən Fayta təklif edirlər.

Aktyor öz yaramaz ampluası haqqında deyirdi: «Məndən həmişə soruşurlar, nə üçün mənfi rolları oynayırsan? Bu, çətindirmi? Əlbəttə, qəhrəmanları oynamaq xoşdur. Xüsusən, gənclikdə sənə zillənən ilhamlı gözləri seyr etmək məftunedicidir. Amma bu baxışlar mənə tanış deyil. Mən ekranda sui-qəsdlər törtəmişəm, satqınlıq və diversiyalara rəhbərlik etmişəm. Ən qərarverici məqam isə mənim öz məqsədimə çatmağım olub. Sonda mənim planlarım alt-üst olub və cəzalanmışam. Zalda isə qopan alqışlar mənə yox, qəhrəmana ünvanlanıb".
Sənədlərində aktyorun soyadı Feyt yazılıb. Andrey incəsənətlə məşğul olmağa başlayandan sonra o "e” hərfini dəyişərək "a” hərfi ilə əvəzləyib. Ancaq pasportda onun soyadı həmişəlik "Feyt” qalıb.



Hələ məktəbdə oxuduğu illərdə özünün 10 şeirdən ibarət «Hərarətli şəlalə» kitabını çapdan çıxarır. 30 nüsxədə çıxan kitab məktəb gecəsində satılır.

Andrey Fayt hələ 11 yaşı olanda gələcək rejissor Mixael Romla görüşmüşdü. 1914-cü ildə anası Fransadan qayıdan oğlunu kinematoqrafiya evi - bu ziyalı evi ilə tanış etmək istəmişdi. O zaman rejissorla ümumi dil tapa bilməmişdilər. Onların tanışlığı yalnız 1934-cü ildə - «Mosfilm»də Mixael Rommun «Yumru» filmində çəkilişləri zamanı baş tutmuşdu. Onlar bir-birilərini tanıdıqdan sonra o zamankı uğursuz tanışlıqlarına bir qədər gülmüşdülər.

Andrey Fayt qocalana qədər əla fiziki formada olub. Filmlərdə tryuk səhnələrini özü ifa edib. 60 yaşında «Əyri güzgülərin krallığı» filminin çəkiliş meydanında atın üzərinə özü tullanıb.



Aktyorun birinci həyat yoldaşı Qalina Kravçenko da aktrisa idi. Bir çox filmlərin qəhrəmanı kimi tanınırdı. Onların evliliyi çox uzun sürür. Qalina həyat yoldaşından ayrılıb hərbi pilotla ailə qurur. Faytın ikinci arvadı Mariya Nikolayevna məşhur rus alimlərindən birinin qızı idi. Onların oğlu Yuli Fayt kinorejissor kimi «Sərhəd iti Alıy» filmini çəkir. Həmçinin uşaqlar üçün "Yeralaş” süjetləri hazırlayıb.

1973-cü ildə Andrey Fayt özünün «Olanlar haqqında» adlı xatirələr kitabını bitirir. Kitab bütünlüklə çap olunmur, ancaq 1998-ci ildə Yulinin - atasının əlyazmalarını verdiyi Sergey Kapkov həmin xatirələrdən müəyyən hissələri özünün «Müxtəlif adamlar» kitabında çap etdirir.
Əməkdar artist 16 yanvar 1976-cı ildə 72 yaşında vəfat edib. Qəbri Novodeviçi qəbiristanlığında, valideynlərinin məzarının yanında yerləşir. (kulis.az)


Facebook-da paylaş