“Biri lütlənir, biri orasını-burasını açıb göstərir...”



Koronavirus səbəbilə yaranan təhlükəli vəziyyətə görə Operativ Qərargah tərəfindən toy və yas mərasimləri, o cümlədən digər kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Amma noyabr ayından etibarən toyların keçiirlməsinə icazə verilməsini təklif edənlərin sayı sürətlə artır.

Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən müğənni Nadir Qafarzadə açıq havada toy mərasimlərinin keçirilməsinin tərəfdarı olduğunu bildirib:

“Bilirsiniz, mənim üçün toylara icazə verilib-verilməməsinin heç bir fərqi yoxdur. Mən sosial şəbəkələri izləyəndə görürəm, bəzi istifadəçilər sevinirlər ki, toylar dayandırılıb. Deyirlər, palaza bürün, ellə sürün, insanlar necə, mən də elə. Elə  bilirlər ki, toy təkcə müğənninin qazanc yeridir. Burada ümumiyyətlə müğənnidən söhbət getmir, toylar olmasa uşaqlar dünyaya gəlməyəcək, nəsil artmayacaq. Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək? Bir ölkədə toy, konsert, şənlik yoxdursa, deməli o ölkədə qara günlərdir, hər şey qaranlıqdır. Bu da heç yaxşı bir şey deyil. İnsanların ruhu sanki qara rəngə boyanmış kimi görünür. Bizim insanların içində olan deyib-gülmək, ünsiyyət, qonaq gedib-gəlmək həvəsi keçmişdə qaldı. İndi elə bil ki, insanlar xoş sözlər, “Allah mübarək etsin” sözünü eşitmək istəmirlər. Bu gün açıq havada restoranlar da açılıb və həmin yerlərdə 100 nəfər onsuz da oturur, onların arasında bir bəy, gəlin otursa, guya nolacaq ki? Deməli kiməsə mane olan ağ  paltarlı bir qadının orada oturmağıdır. Onsuz da 100 nəfər birlikdə oturur, toyda da heç kim bir-birinin qucağında oturmur ki, hamı müəyyən məsafəni saxlayır. Açıq havada saat 10-a qədər restoranlar işləyir, icazə versələr camaat da toyunu 5-də başlayıb, 10 a kimi tamamlasın. Belə çıxır ki, açıq havada restoranlarda əylənmək olar, amma bəy-gəlin olmaz? Bu hansı məntiqə uyur?!”

Müğənni toy mərasimlərinin qadağan edilməsinin əhalinin kasıb təbəqəsinə daha çox təsir etdiyini deyib: 

“Toy həmişə olmalıdır, o heç kəsə mane olmur. Əksinə musiqi insanların ruhunu gözəlləşdirir, həyata baxışını dəyişir, stimul verir. Bu gün toy olsa da, olmasa da biz həyatımızı davam etdiririk, artıq 7 aydır ki, toylarımız yoxdur, hələ bundan sonra da 2 ay olmayacaq, amma biz dolana bilirik. Əsas təsiri isə kasıb təbəqəyədir, şadlıq evlərində çalışanlar, günəmuzd işləyən musiqiçilər, ofisiantlar, parkinq xidmətçiləri, qabyuyanlar, fotoqraflar var ki, bu gün onlar hamısı işsizdirlər. Qızılın satışında, mebel satışında azalma müşahidə olunur. Bütün bunları heç də müğənni ilə əlaqələndirmək lazım deyil. Mənim azdan-çoxdan bir parça çörəyim var, oğurluq etmirəm, heç kimə də əl açmıram, şükür, ruzini verən Allahdır. Hərdən deyirlər ki, filankəs işləmir, iş var ki, işləsin də? Açın iş yerlərini, yarmarkaları, “mall”arı qoy insanlar çalışsın. İşsizlik həm də avaralığa gətirib çıxarır. İşsiz, bikar adamdan hər şey gözləmək olar, həmin adamdan cinayətkarlıq da, pozğunluq da, fahişəlik də gözləmək olar. Bu mənim vətəndaş olaraq fikrimdir, müğənni olaraq yox, düşünürəm ki, artıq yetər, bir az qapıları insanların üzünə açmaq lazımdır, qoy işləsinlər, başları qarışsın. Nə vaxta qədər sosial şəbəkələrdə vaxt keçirəcəklər? Mən baxıram qızların, gəlinlərin, cavan oğlanların gic-gic görüntüləri qarşıma çıxır, biri lütlənir, biri orasını-burasını açıb göstərir, cavan-cavan oğlanlar ağıla gəlməyən hərəkətlər edirlər. Bunun sonu biabırçılığa aparır”.

N.Qafarzadə həmçinin onlayn təhsilə qarşı olduğunu da bildirib:

“Bu gün Azərbaycanda təhsil dayanıb, təhsil olmayan ölkədə isə heç nə yoxdur. Bizim gələcəyimiz olan uşaqlar savad almalıdırlar, bu gün təhsil verməsək, sabah onlardan hansı tərbiyəni, hansı mədəniyyəti gözləyə bilərik? Onlayn təhsil olmur! Bunu kim fikirləşibsə, düzgün deyil. Özünüz də bilirsiniz ki, Şərq insanlarında oxumağa meyillilik o qədər də güclü deyil. Gərək onların başının üstündə dayanasan, məcbur edəsən. Ona görə də bizə onlayn dərs keçmək düzgün deyil. Uşaq mütləq müəllimin yanında olmalıdır. Çox acınacaqlı haldır, düzdür mən də digər vətəndaşlar kimi dövlətin qərarlarına riayət edirəm, amma gəlin, təkcə özümüzü fikirləşməyək. O-bu desə ki, mənim nəyimə lazım pulum var, dolanıram, olmur axı. Hamını fikirləşməliyik. Yenə deyirəm, mən bu gün acından ölmürəm, amma bunun da bir sonu olacaq. Pandemiya nə vaxta qədər davam edəcək heç kəs bilmir. İstəyərdim ki, başda oturanlar, bu işlərlə məşğul olanlar bir az dərindən düşünsünlər. Ümid edirəm ki, bunları kimsə nəzərə alacaq. Əks halda belə davam etsə xalq, kütlə uçuruma doğru gedəcək. Szonradan bu durumu düzəltmək çox çətin olacaq. Onsuz da çətin durumdur. Bu sözlərdən sonra kimlər məni qınayacaq, kimlər söyəcək bilmirəm, onsuz da ictimai adamlar nə desə həmin dəqiqə qınaq obyektinə çevrilirlər. Bunlar hamısı bikarçılıqdandır, otururlar divanda, stulda başlayırlar hamını sosial şəbəkədə söyməyə. İnsan səhər gedir işə, axşam yorğun qayıdır, başını atıb yatır, indi isə bütün gün evdədirlər, nəticəsi də budur, adam axtarırlar ki, ona sataşsınlar”.


Facebook-da paylaş