“Vücudum istənilən cəsarətli bir geyimi insanlara nümayiş etdirməyə imkan verirsə, niyə də bunu etməyim?”




“Məni yaxından tanıyanlar hamısı gözəl bilir ki, yaratdığım obrazdakı Afaqla, həyatdakı Afaq tamamilə bir-biriylə ziddiyyət təşkil edir”

Müğənni Afaq Aslanın son dəfə verdiyi pozlar izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bir neçə xəbər saytı isə onun fotolarını “əxlaqsız” adlandırıb. 

Məsələ ilə bağlı Moderator.az-a açıqlamasında Afaq Aslan baş verənlərə aydınlıq gətirib və fotolarını əxlaqsız adlandıran adamların cavabını verib: 

“İlk öncə onu qeyd etmək istəyirəm ki, mənim yaradıcılığım tək ifaçılıqdan ibarət deyil, ikişaxəlidir. Həm ifaçılıq, həm də modellik. Necə ki, ifa tərzini, səsinin rəngini ifa etməklə göstərmək bir ifaçı üçün mütləqdirsə, eləcə də xarici görkəmini, qüsursuzluğunu göstərmək də modellik sahəsinin ən vacib şərtidir. Təbii ki, bunu əxlaqı yerində olmayan, ədəbi geyimlə ölçə biləcək qədər cahilcə yanaşan bir qisim dar təfəkkürlü, dünya görüşü olmayan düşüncəsiz insanlar biabırçılıq adlandıra bilər. Amma ziyalı, alicənab və zəngin düşüncəyə sahib olan insanlar buna ekzotika və gözəllik kimi yanaşır. Bu, sadəcə mənim yaratdığım bir obrazdır. Məni yaxından tanıyanlar hamısı gözəl bilir ki, yaratdığım obrazdakı Afaqla, həyatdakı Afaq tamamilə bir-biriylə ziddiyyət təşkil edir. 

Biabırçılıq bizim əcnəbi və ulduzları görəndə ağzının suyunu axıda-axıda ayaq üstdə alqışlayanlarımızın özümüzünküləri tənqid atəşinə tutaraq, az qala vətən xaini kimi qələmə verməyə dördəlli hazır olmalarıdır.  Biabırçılıq odur ki, hansısa göz önündə olan insan içkili olsun, özünü idarə edə bilməsin və masa arxasında söyülsün. Kiminsə efirdə ədəbli geyinib, amma özünü ədəbsiz aparması biabırçılıqdır. Vay o günə ki, ədəbli geyinəsən, amma özünü ədəbli aparmağı bacarmayasan. Əgər mən modeləmsə və bu sahənin öhdəsindən sevərək və peşəkarcasına gəlməyi bacarıramsa, vücudum istənilən cəsarətli bir geyimi insanlara nümayiş etdirməyə imkan verirsə, niyə də bunu etməyim? İnsan bir adamın əxlaqını və ədəbini geyimi ilə ölçə biləcək qədər gərək cahil olmasın. Bu mənada sadəcə seçdiyim bir obrazdır. Mənim insanlara sərgilədiyim obrazdakı Afaqla, həyatdakı Afaqın bir-biriylə tamamilə ziddiyyət təşkil etməsinə baxmayaraq fotossesiyalarda yaratdığım obrazlardakı Afaqı daha çox sevirəm. Çünki sevməsəm, həmin Afaqı təsəvvürümdə canlandırdığım kimi insanlara sərgiləməyi bacarmaram”.



Facebook-da paylaş