Kirlənmiş şərəfimizi yuduq, Üzeyir bəy!




İlham İsmayıl

İki il əvvəl hər il olduğu kimi 18 sentyabrda Fəxri xiyabana gedib Üzeyir bəyin məzarını ziyarət etmişdim. Xiyabandan qayıdıb kiçik bir yazı yazdım. Başlığı belə idi: “Az qalıb, bəy”. 

(https://www.moderator.az/news/240506.html

O yazının ilk və son cümləsini burda təkrar xatırlatmaq istəyirəm. İlk cümlələr: ”Bu il də sıxıla-sıxıla, utana-utana Üzeyir bəyin qəbrini ziyarət etdim. Ürəyimdən Qarabağ daşını asıb, dilimə qıfıl vurub "hələ ala bilməmişik...” deyə bilmədim. Yenə də üzümə baxmadı...” 

Çox kiçik yazı bu sözlərlə bitmişdi: "Üzümüzə baxmasanız da, gəldim deyəm ki.., ümidimizi üzməmişik. İndi daha ümidliyik.  Az qalıb, bəy!". 

Bu yazını yazandan 10 gün sonra Qarabağ mitinqində çıxış edib "Vətən üçün ölərlər, öldürərlər. Biz ölməyə də öldürməyə də hazırıq”- dedim. Heç vaxt ümidimi itirmədim. 

İki il keçib bu yazının üstündən. Bu gün 8 noyabrda ilk işim Üzeyir bəyin qəbrini ziyarət etmək oldu. İlk dəfə idi ki, bəyin qəbrini ürək genişliyi ilə, gülərüz, şən, həm də gözlərimdə bir-birinə qarışan sevinc və kədər göz yaşlarıyla ziyarət etdim. Sevincim qələbimizə görə idi, kədərim şəhidlərimizə görə, onların doğmalarının kədərinə görə. Hələ uzaqdan, qapının yanından qışqırmaq-“Sənin Şuşan azad olundu bəy!-demək keçdi qəlbimdən. Öldürdülər, öldülər, bəy! Azad etdilər yurdunu, yuvanı. Azərbaycan oğulları, mərd əsgərləri Şuşanı azad etdi, bəy!  Azərbaycan əsgəri öldürdü, öldü və 28 illik kirlənmiş şərəfimizi yudu, bəy! Şuşa işğal olunandan şərəfimiz elə kirlənmişdi ki, qürurumuz yerlə yeksan olmuşdu, böyük bir xalqın, onun dövlətinin başı elə aşağı idi ki... Əsgərimiz, zabitlərimiz, generallarımız, komandanımız qürurumuzu qaytardı, başımızı dik etdi, biz paklaşdıq, tər-təmiz olduq. Gəldim deyəm ki, iki il əvvəl elə səndən güc alıb yazmışdım ki, “az qalıb bəy!” 
Şuşa işğal olan gün gecə yarısı ağır-ağır evə dönüb qapıdan içəri girəndə dizlərim üstə çöküb hönkürmüşdüm. 28 il 6 aydan sonra yenə ağladım, amma dizlərim üstə dayanıb qürurla sevinc göz yaşlarıma boğuldum. 

Azad Şuşam, azad elim, zəfərin mübarək!
Az qalıb, bəy!


Facebook-da paylaş