İndi biz kişi deyilik? – Siyavuş Novruzova CAVAB



Seymur VERDİZADƏ


Kişilik anlayışı dövrə və insana görə dəyişir...

İyirmi il əvvəlin söhbətidir. Ustad jurnalist İlqar Əlfi məni və daha bir neçə gənc qələm adamını qanadlarının altına almışdı. Biz əl-ələ verib, “Avtoritet” adlı qəzet buraxırdıq.

İlqar müəllimin sayəsində hər gün müxtəlif adamlarla tanış olurdum. Bir gün redaksiyaya 45-50 yaşlı bir kişi gəldi. Baş redaktorumuz bizi tanış edəndə, belə dedi: “Sibirdə ayağı dəymədiyi bir qarış torpaq qalmayıb. Qardaşımızdan şəxsən özün müsahibə götürərsən”.

Biz səs-küylü redaksiyamızın sakit bir guşəsinə çəkilib, söhbətə başladıq. Məlum oldu ki, qardaş 15 il məhbus həyatı yaşayıb. Qazamata düşməyinin dəhşətli tarixçəsi var. Aradan 20 il keçsə də, dediyi sözlər indiki kimi yadımdadır: “Toyumuz təzə olmuşdu. Bir gün yoldaşımla Yasamalda gəzirdik. Bizdən qabaqda iki cavan oğlan gedirdi. On altı-on yeddi yaşları olardı. Onları ötüb keçmək istəyəndə, oğlanlardan biri biədəb söz işlətdi. Dərhal cibimdəki bıçağı çıxarıb, onun böyrəyinə soxdum. Həkim çağırmağa ehtiyac olmadı, yerindəcə öldü”.

Gənc və təcrübəsiz vaxtlarım olduğu üçün təəccübümü gizlədə bilmədim: “Doğrudan, öldürdünüz?” 

Olduqca soyuqqanlı cavab verdi: “Əlbəttə, öldürdüm. Yoldaşımın yanında söyüş söyən adamı necə bağışlayardım? Axı mən kişiyəm”.

Bəli, hər kəsin özünə görə kişilik anlayişi var. Məsələn, YAP-çı deputat Siyavuş Novruzov karantin qaydalarını pozaraq, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsini də məhz bu prizmadan qiymətləndirib: “Ağsaqqal adamdır. Çağırdı, getdim. Mən kişiyəm”.

Siyavuş Novruzov Azərbaycanda karantin qaydalarının sərtləşdirilməsinin qatı tərəfdarlarındandır. Bu ölkədə cərimələrin artırılmasını ondan çox tələb edən ikinci adam yoxdur. Üstəlik, fəal təbliğatçıdır, gecə-gündüz qaydalara əməl etməyin vacibliyindən danışır. Mən əminəm ki, Siyavuş Novruzovun tövsiyyələrinə uyğun olaraq, bu ölkədə milyonlarla insan qohumlarının gizlin keçirdiyi toy-nişan mərasiminə qatılmayıb. Axı qanun qarşısında hamımızın boynu tükdən incədir...

Məşhur tamaşada deyildiyi kimi, biz göbələk deyilik, yerdən çıxmamışıq. Bizim də qohum-qardaşımız, çoxlu sayda dostumuz-yoldaşımız var. Pandemiya dövründə bir neçə yaxın qohumum haqqın dərgahına qovuşub. Amma qəbul edilən qanunlara, qoyulan qadağalara hörmət əlaməti olaraq, o mərasimlərin heç birinə qatılmamışam. Qaydaları pozmaq istəmədiyimiz üçün anam uşaqlıqdan bir yerdə böyüdüyü doğma əmisi qızını ən ağır günündə yalnız buraxdı. Bu ölkədə milyonlarla adam insanlıq, vətəndaşlıq borcunu yerinə yetirərək, məhz bizim kimi davranır. Martdan bəri xeyirə-şərə getmədiyimizə görə, indi biz kişi deyilik?

Yazının əvvəlinə qayıdaq. Bilirsiniz, bir söyüşə görə 17 yaşlı gənci al-qona boyayan müsahibimin başına nə iş gəlib? Məhkəmənin qərarı ilə 15 il azadlıqdan məhrum edilərək, Sibirdəki cəzaçəkmə müəssisələrindən birinə göndərilib. Həyat yoldaşı isə həmin küçədə sərxoş kişilərin oylağı olan ucuz bir kafedə işə düzəlib. Zavallı qadın qazamatda olan ərinə beş-on manat pul göndərmək üçün düz 15 il hər gün həmin söyüşdən yüz qat artığını eşidib...

Deyəsən, Lalə Şövkətin sözüdür: kişilik şalvar deyil, xarakterdir...(yenisabah.az)




Facebook-da paylaş