Cəbiş müəllimi bəyənmir, Yastı Salmanın yolu ilə gedir...



Seymur VERDİZADƏ 

Abituriyentlərin ixtisas seçimi davam edir. Hər gün ən azı üç-dörd nəfər məndən məsləhət istəyir. Dünən bir tanışım soruşdu: "Oğlum 550 balla hüquq fakültəsinə qəbul ola bilər?"

Üçüncü qrupa hazırlaşan uşaqların ən azı 90 faizinin arzusu hüquqşünas olmaqdır. Onları valideynləri bu ruhda böyüdüb. Tələbə yoldaşlarımdan biri 6-cı sinifdə oxuyan oğlunun qulağına hər gün bu sözləri pıçıldayır: "Böyüyəndə polis olarsan. Dünyada polisdən gözəl peşə yoxdur. Həm döyəndən pul alırsan, həm döyüləndən".

Beş il əvvəl BDU-nun jurnalistika fakültəsində oxuyan tələbələrin qonağı idim. Auditoriyaya bu sualla müraciət etdim: "Kodlaşdırmada kim jurnalistika ixtisasını birinci yazıb?"

Cəmi iki nəfər əlini qaldırdı. Tələbə yoldaşları onlara o qədər qəribə nəzərlərlə baxdılar ki, gənclər utandıqlarından başlarını aşağı saldılar...

Birinci qrupa hazırlaşan gənclərin 90-95 faizi gələcəkdə neft-qaz mühəndisi olmaq istəyir. SOCAR prezidentinin və tabeliyində çalışanların dəbdəbəli həyatı gənclərimizin gözünü qamaşdırır. Övladlarımız elə bilirlər ki, neft sənayesi üzrə parlaq mütəxəssis olan kimi Rövnəq müəllim yerini onlara verəcək...

İkinci qrupun abituriyentlərinin böyük əksəriyyəti mühasibatlıq işi və maliyyə ixtisaslarına üstünlük verirlər. Bu uşaqların beyninə "buxalter" olmaq arzusunu hələ aşağı siniflərdə oxuyanda valideynləri, baba və nənələri yeridiblər. İxtisas seçiminə kömək elədiyim bir qohumumun babası dünən belə deyirdi: ""Narxoz"un adı var. Sovet dövründə bu instituta girməyin qiyməti 15 min idi".

Mən, gənclərin öz arzularının arxasınca getməyinin tərəfdarıyam. Ağıllı valideyn övladının arzusunun qarşısına sədd çəkməz. Sovet quruluşu çoxdan tarixin arxivinə gömülüb. Bir vaxtlar əlləri pulla oynayan "OBXS"lər artıq mövcud deyil. Ölkədə islahatlar aparılır. Ümid edirəm ki, üç-dörd ildən sonra heç kim dövlət əmlakını dədəsinin malı kimi talan edə bilməyəcək. Hər kəs öz qabiliyyətinə, istedadına uyğun yaşayacaq. Övladlarımızı həmin dövrə hazırlamalıyıq.

Qələm dostum, əməkdar jurnalist Azər Həsrət üç-dörd gün əvvəl abituriyentlərə müraciət edib. Azər bəy yüksək bal toplayan abituriyentlərə, xüsusilə də oğlanlara tövsiyyə edib ki, ixtisas seçimində müəllim peşəsinə üstünlük versinlər. Mən, hörmətli Azər Həsrətin narahatlığını bölüşür, bu təşəbbüsü ürəkdən dəstəkləyirəm. Təəssüf ki, orta məktəblərimizdə dərs deyən kişi müəllimlərin sırası getdikcə seyrəlir. Elə məktəblərimiz var ki, 100 nəfərlik pedaqoji kollektivin cəmi 8-10 nəfərini kişi müəllimlər təşkil edir. Səbəb aydındır. Əvvəllər müəllimlərin maaşı çox aşağı idi. Kişilər aldıqları cüzi məvaciblə ailələrini dolandıra bilmirdilər. Amma son illər müəllimlərin maaşında nəzərəçarpan artım müşahidə olunur. 18-20 il stajı olan müəllimlər sentyabr aylndan etibarən 500-600 manat məvacib alacaqlar. Dağlıq rayonlarda çalışan gənc müəllimlər isə tətbiq olunan güzəştlərin sayəsində 800-1000 manat maaş ala bilirlər. Bu rəqəm bəzən 1 200 manata qədər yüksəlir. Nəzərinizə çatdırım ki, icra hakimiyyətlərində hüquqşünas vəzifəsində çalışan şəxslərin maaşı 357 manatdır.

Azərbaycan cəmiyyətinin Cəbiş müəllim kimi dürüst, ləyaqətli pedaqoqlara ehtiyacı var. Cəbiş müəllimi bəyənməyib Yastı Salmanın yolu ilə getmək xoş niyyətdən xəbər vermir...



Facebook-da paylaş