Odu qoyub külü ilə oynayırıq...



İlham İSMAYIL 

Hələ Vyana görüşündən əvvəl, yanvarın 16-da Parisdə Məmmədyarov və Mnasakanyan arasında baş tutan görüşdən sonra  “xalqları sülhə hazırlamaq” ideyası səslənəndə hər iki tərəfin özünəməxsus reaksiyası oldu. Ermənilər “sülhə hazırlanma”nı işğal etdikləri torpaqların geri alınması kimi qəbul edib əleyhinə təbliğat apardılar, Azərbaycan cəmiyyəti də bu bəyanatı ən azı Dağlıq Qarabağın  müstəqilliyinin tanınmasına “hazırlıq” kimi qəbul etdi. Danışıqlarda “humanitar proses” adlanan bu məsələlərin tərkib hissəsi kimi jurnalistlərin qarşılıqlı səfərlər etməsi son günlərin müzakirə hədəflərindəndir. Bəri başdan birmənalı şəkildə qeyd edək ki, jurnalistlərin səfərləri, atəşkəsin möhkəmlənməsi, Paşinyanın “sosial şəbəkələrdə nifrəti dayandırın” çağırışları, əsir və həbsdə olanların qohumlarına görüş şəraiti yaratmaq  və bu qəbildən olan digər çağırışlar yalnız və yalnız düşmənin işinə yarayır. Niyəsini dəfələrlə bildirmişik ki, bu tip humanitar proseslər status-kvonu dəyişdirməməyə, yəni torpaqlarımızın işğal altında qalmasına xidmət edir. Bizim üçün real nəticəsi olmayan bu işlərin başqa zərərləri də var.
  
Bu sülh çağırışları ilk baxışdan normal görünür və biz tərəf olaraq bundan imtina etməməliyik. İmtina edilsə, onsuz da bərbad vəziyyətdə olan beynəlxalq imicimiz daha da tündləşəcək. İmtina etmirik, amma bir şərtlə. Paralel olaraq intensiv danışıqlar aparılmalı və vasitəçilər qarşısında, o cümlədən Ermənistan qarşısında konkret vaxt və şərt qoyulmalı, çevik və sərt siyasət aparılmalıdır. Şərt bəllidir: Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət statusu və əhalisinə təhlükəsizlik təminatı verilir, beynəlxalq güclərin ( konkret olaraq bir dövlətin yox) sülhməramlı qüvvələri bu təminatın qarantı rolunda olur. Əks halda, 1994-cü ildə bağlanmış atəşkəs müqaviləsinin Azərbaycan tərəfdən birtərəfli qaydada pozulacağı və torpaqların işğaldan azad olunması yolunda zəruri olan tədbirlərə hazırlaşacağı elan edilir. 

Əgər qeyd olunan “humanitar proseslər”lə yanaşı danışıqlarda bu cür mövqe ortaya qoyulmayacaqsa, jurnalistlərin İrəvana və Dağlıq Qarabağa səfərləri heç nəyi dəyişməyəcək. Erməni jurnalistlər Bakıya və digər şəhərlərə səfər edib, birbaşa müşahidə aparmaqla, onları maraqlandıran məmur heyəti və siyasilərlə görüşüb müsahibələr almaqla, gedib İrəvanda nə deyəcəklər? Deyəcəklər ki, Bakı İrəvandan yaxşı görünür, körpülər tikilib, bulvar gözəlləşib, gəlin Qarabağı verək, dost olaq, bizdə də yaxşı olsun? Bu illuziyadır və birinci buna inanmayan elə bu ideyanı ortaya atan və bunu vacib addım hesab edənlərdir.  Ya bizim jurnalistlər səfərdən qayıdanda təbliğat aparacaqlar ki, gəlin Dağlıq Qarabağı verək erməniyə, dost olaq və hərdən də gedək Şuşaya, Cıdır düzündə ermənilərlə söhbət edək? Bu illuziyalara kimsə inanır? Ümumiyyətlə, kim sübut edə bilər ki, jurnalistlərin səfərləri Qarabağ probleminin həllinə kömək edəcək?

Deyilən kimi bu humanitar addımlara fokuslanmaq erməninin xeyrinədir, konkret olaraq Paşinyanın xeyrinədir, çünki Ermənistanın baş nazirinin Qarabağ problemi yoxdur, bu problemi o Rusiyanın üstünə atıb, onun problemi öz vətəndaşlarıyladır. Erməni cəmiyyəti tədricən Paşinyandan konkret sosial problemlərin həllini tələb edir və narazılıqlarını artıq dilə gətirirlər. Onun problemi, elə erməni problemidir. Jurnalist səfərləri Paşinyanın xeyrinədir.  
  
Bu cür humanitar proseslərin arxasında ciddi vaxt tələbi siyasəti durmayacaqsa perspektivdə bilirsinizmi bizə nə təklif edəcəklər? İndi də sərhədləri açın, qoşunları Kürdən o tərəfdə yerləşdirin, infrastrukturları bərpa edək, siz bizə qaz, neft verin, biz sizə konyak verək, yollar açılsın, sonra baxarıq görək necə olacaq? Sonra super dövlətlərin birinin X prezidenti çıxıb deyəcək ki, biz Qarabağın müstəqilliyini tanıyırıq, necə ki, ABŞ prezidenti 51 il əvvəl işğal olunmuş Qolan təpələrini İsrailin ərazisi kimi tanıdığını elan etdi. 

Nə vaxta qədər bu cür mənasız danışıqlarla, ideyalarla xalqın başı aldadılacaq? Bunun başqa adı yoxdur-məhz xalq aldadılır. Elə deyilsə, real nəticəsi olan bir siyasət yürüdülsün və əksi sübut edilsin. Bir daha qeyd edirik: bu cür humanitar addımlar paralel olaraq real və sərt danışıqlarla müşayət olunmalıdır. Qarabağı verib, jurnalist səfərləri təşkil etmək, “evcik-evcik” oyununa bənzəyir". 30 ildir ki, Qarabağ işğal altındadır və biz bu illər ərzində heç nə edə bilməmişik. 30 ildən sonra deyirik ki, jurnalistlər səfərlər etsin, görək nə olur. Odu qoyub küllə oynamaq budur. 
   




Facebook-da paylaş