Qarabağda Rusiya pasportları paylana bilərmi - Və ya Xankəndidə parçalanmış ictimai rəy...

Qarabağda Rusiya pasportları paylana bilərmi və ya Xankəndidə parçalanmış ictimai rəy...

İlham İSMAYIL


Müxtəlif cəmiyyətlərin həyatında ictimai fikrin aktual əhəmiyyəti mövcud olan ictimai-siyasi şərtlərlə, kütlələrin siyasi mədəniyyətinin inkişaf dərəcəsi ilə müəyyən edilir. Normal ictimai-siyasi münasibətlərin mövcud olduğu cəmiyyətlərdə ictimai rəy "beşinci hakimiyyət" rolunu oynayır, müəyyən bir mövqe tutur, müxtəlif problemlərə dair qərarlar qəbul edir. Və qəbul olunan qərarlara hakimiyyətlərin təsir imkanları adətən aşağı olur. Ona görə də ictimai rəyin öncədən öyrənilməsi əhəmiyyətli qərarların qəbul edilməsinə imkan verir. 
 
Söhbət bizim ictimai rəydən getmir. 
 
Bizim üçün bu gün Xankəndində yaşayan ermənilər arasında formalaşan və perspektivdə formalaşa biləcək ictimai rəyin öyrənilməsi və buradan çıxan nəticələrə görə siyasət aparmağımız vacibdir.  Hətta bu rəylərə təsir edib onu istədiyimiz istiqamətə yönəltməyimiz daha uğurlu nəticələrə gətirib çıxara bilər və antiterror əməliyyatlarından da effektli ola bilər, bir şərtlə ki, alınan məlumatlardan sonra düzgün qərarlar qəbul edilsin.
 
Bizim Xankəndidə rahat şəkildə ictimai rəyi öyrənməyimizin çətinlikləri var, amma mümkündür. Həm gizli əməliyyat mənbələri vasitəsilə, həm də açıq mənbələrdən- mətbuatdan və sosial şəbəkələrdən müəyyən informasiyalar toplayıb, təhlil etməklə müharibədən sonra Xankəndi və digər nəzarət edə bilmədiyimiz yerlərdə yaşayan əhalinin perspektiv üçün nəyi planlaşdırdıqlarını, gələcək üçün düşüncələrinə nəyin hakim kəsildiyini öyrənmək olar. Yuxarıda qeyd etdiyimiz kimi bu, növbəti addımların atılmasını müəyyənləşdirən  vacib faktordur. Müharibədən sonra Qarabağ ermənilərinin gələcək haqqında təsəvvürləri barədə açıq mənbələrdən sistemli şəkildə olmasa da, məlumatları toplayıb müəyyən məntiqi nəticələrə gəlmək mümkün olub.
 
Bu günlər Qarabağ ermənilərində formalaşan yekdil ictimai rəy yoxdur. Hazırda üstünlük təşkil edən rəy, tezliklə Rusiya pasportlarının kütləvi şəkildə paylanmasına başlanacağı söhbətləridir. Ermənilər danışır ki, bu xarici pasportlar deyil, onlar bu pasportlarla yalnız Rusiyaya gedə bilərlər. Onlar bu pasportlarla Rusiyaya rahat gedib gələcəklərini və sülhməramlıların onları həmişə müdafiə edəcəklərini düşünürlər. Bu rəyi formalaşdıranların əleyhinə olanlar deyirlər ki, Rusiyanın Qarabağda qalmasının konkret müddəti var və 27 ildə Azərbaycan Dağlıq Qarabağa müstəqillik tanımayıbsa, müharibədəki qələbədən sonra heç razı olmayacaq. Ona görə, neçə ki, Rusiya buradadır, evlərini Rusiyada yaşayan azərbaycanlılara və əgər almaq istəyən başqa millətlərin nümayəndələrinə satıb köçmək lazımdır. Bu rəy daha çox gənclər arasında geniş yayılıb.
Əhalinin az bir hissəsi Azərbaycanın tərkibində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpa olacağına və guya ikili vətəndaşlıq alacaqlarına, Rusiya sülhməramlıların da çox uzun bir müddətə Qarabağda qalacağına, onların təhlükəsizliyini təmin edəcəklərinə inanırlar. Bu rəy daha çox sülhməramlıların təbliğatı əsasında yaranıb. 
Çox az bir qisim əhali azərbaycanlıların tezliklə Dağlıq Qarabağa köçürüldüyü halda, evlərini onlara satıb Rusiyaya və Ermənistana köçməyi düşünür. 
Aqressiv bir hissə də var ki, onlar separatçı rejimin liderlərinin apardığı siyasəti dəstəkləyir. Bu, Dağlıq Qarabağın ya müstəqilliyə yaxın yüksək status alacağına, ya da tamam müstəqil olacaqlarına inananlar və bunu rəsmi təbliğata çevirənlərdir.
 
Açıq mənbələrdən toplanan bu informasiyaların təhlili göstərir ki, Qarabağ ermənilərinin əksəriyyəti perspektivlərini, gələcək həyatlarını Dağlıq Qarabağda yaşamaqda görmürlər. Görənlər də fikirlərində qətiyyətli deyillər, etiraf etməsələr də bu perspektivə şübhə ilə yanaşırlar.
 
 Ermənistandakı daxili siyasi böhran bu ölkənin rəsmilərinin Qarabağa aktiv təsirini xeyli azaldıb, amma bu müvəqqəti durumdur. Böhran səngidikcə Ermənistan rəsmiləri, ideoloqları, diaspora fəallaşacaq və sülhməramlıların getməməsi üçün vəziyyəti qəsdən gərginləşdirəcəklər. 
 Sülhməramlıların olduğu müddətdə müharibə ehtimalı aşağıdır. Yəni, müharibə yolu ilə Xankəndi və ətrafına nəzarətin daha tez və effektli olacağını düşünənlər, yumşaq desək, yanılırlar. 
 
Əlbəttə, hələ də işğal altında olan torpaqlarımıza nəzarətimizi tezliklə təmin etməyimizin başqa hərbi-siyasi, iqtisadi, hüquqi tərəfləri də var, amma düşmənin zəif yeri yalnız bu sahələr üzrə müəyyənləşmir.   “Beşinci hakimiyyət” adlanan ictimai rəyi dərindən öyrənib buna uyğun təsir imkanlarını müəyyənləşdirmək çox vaxt uğur gətirib.  Qarabağ ermənilərinin ictimai rəyində parçalanma var. İstifadə etməliyik.
 

 


Facebook-da paylaş