“Ürəkləri daş olan icra başçıları da bundan örnək götürüb qazilərimizi işə təyin etməlidir...”

“Ürəkləri daş olan icra başçıları da bundan örnək götürüb qazilərimizi işə təyin etməlidir...”

Xəbər verdiyimiz kimi təhsil naziri Emin Əmrullayev məktəblərimizdə “Qələbə dərsləri” adı altında müxtəlif fənn və mövzuların tədris olunduğunu bildirib. 
 
Moderator.az-a açıqlamasında professor Şahlar Əsgərov bu addımın təqdirəlayiq olduğunu deyib:
 
“Əlbəttə, Vətən müharibəsində əldə etdiyimiz qələbə çox böyük uğurdur. Bu zəfərin təbliğat məsələsinə Təhsil Nazirliyinin qoşulması təqdirəlayiqdir. Çünki təhsilin özündə heç kəs inkar edə bilməz ki, böyük siyasət var. Bu baxımdan atılan addımları alqışlayıram. Bizim Vətən müharibəsində şagirdlərimiz, müəllimlərimiz şəhid oldu və bu da həyatımızın real hissəsidir. Qələbəyə cani-dildən sevinən icra başçıları bir neçə qazimizi vəzifəyə təyin etdi və mən də bunu sosial şəbəkə hesabımda paylaşdım. Qoy o, icra başçısı görsün ki, attığı bu addım alqışlanasıdır və bununla yanaşı, ürəkləri daş olan icra başçıları da bundan örnək götürsünlər. Güman edirdim ki, müharibədən sonra idarəetmə sistemində qazilər çox sürətlə vəzifələrə təyin olunacaqlar. 
 
Mən uşaq olanda atam İkinci Dünya Müharibəsində iştirak etdi və döyüşdən qayıdandan sonra onu rayon Partiya Komitəsində işlə təmin etmişdilər. Yəni bu dünya praktikasıdır. Bu praktika isə geniş təbliğ olunsa, daha yaxşıdır. Ona görə də təhsil nazirimizin bu istiqamətdə atdığı addımı çox bəyənirəm. Çalışmaq lazımdır ki, qazilərimiz idarəetməyə cəlb olunsunlar və düşünürəm ki, ən böyük dərs elə bu olardı”. 
 
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində 10 nəfər şagirdin qətlə yetirildiyinin, 20 müəllimin isə şəhid olduğunu və 54 təhsil müəssisəsinin darmadağın edildiyini bildirib.
 


Facebook-da paylaş