“Türkiyənin kosmik dövlətə çevriləcəyinə şübhə etmirəm”

“Türkiyənin kosmik dövlətə çevriləcəyinə şübhə etmirəm”


Fikrət Sadıqov: “Azərbaycanın kosmik əməkdaşlıq sahəsində Türkiyə ilə birgə uğurlara imza atması mümkündür”
 
Türkiyə dövləti kosmik fəaliyyətlə bağlı 10 milli proqram açıqlayıb. Proqrama əsasən məqsəd 2023-cü ildə Aya enmək, milli kosmonavtların hazırlanmasını həyata keçirmək və s-dən ibarətdir.
 
Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank kosmik əməkdaşlıqla bağlı Azərbaycan və Pakistanla da müqavilələrin imzalanacağınəı vurğulayıb.
 
Türkiyə ilə kosmik sahədə əməkdaşlıq ölkəmizə nə vəd edir? Türkiyənin kosmik dövlətə çevrilməsi Azərbaycanın region və dünyadakı nüfuzunu da gücləndirə bilərmi?
 
Moderator.az-a açıqlama verən keçmiş diplomat, politoloq Fikrət Sadıqov, Türkiyənin kosmik dövlətə çevriləcəyinə inandığını bildirib:
 
“Türkiyənin həm hərbi, həm də siyasi baxımdan güclü bir dövlət olduğu reallıqdır. Türkiyə ilə dünya birliyində hesablaşırlar. Türkiyənin qətiyyətli xarici siyasət yürütdüyü də göz önündədir. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, Türkiyə öz maraqları çərçivəsində çıxış etməyə, öz müttəfiqlərini tam müdafiə etməyə qadir dövlətdir.
 
Türkiyənin kosmik dövlətə çevriləcəyinə şübhə etmirəm. Bu proqram sistemli və ardıcıl şəkildə baş tutacaq. Azərbaycan Türkiyənin müttəfiqi olaraq bu proqrama qoşula bilər. Ölkəmizdə “Azərkosmos”ASC fəaliyyət göstərir. Azərbaycanın peykləri bir neçə ildir ki, istifadədədir və müxtəlif sahələrin inkişafına öz töhfəsini verir. Bu baxımdan Azərbaycanın Türkiyə ilə kosmik əməkdaşlıq sahəsində də birgə uğurlara imza atması tamamilə mümkündür. Birgə layihələrin həyata keçirilməsi həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına cavab verər”.
 


Facebook-da paylaş