Qərbi azərbaycanlılar bu ərazilərə köçürülsün – Çaxmaqlı






Vətən müharibəsindəki qələbədən sonra Ali Baş Komandan İlham Əliyevin elan etdiyi Böyük Qayıdış planına insanların böyük maraq göstərməsi başadüşüləndir. İşğaldan azad edilən ərazilərimizə tez bir zamanda qayıtmaq və işğal dövrünün fəsadlarını aradan qaldırmaq lazımdır. Bu istiqamətdə Qərbi Azərbaycan (İrəvan) Türk Respublikası olaraq biz də hazırıq.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Ərciyəz Universitetinin professoru, Qərbi Azərbaycan (İrəvan) Türk Respublikasının təsisçisi Qafar Çaxmaqlı deyib.

Q.Çaxmaqlı bildirib ki, qərbi azərbaycanlıların Ali Baş Komandan İlham Əliyevin elan etdiyi Böyük Qayıdış planına qoşulmaq üçün rəsmi müraciətlər ünvanlaması qürurvericidir:

“Ötən gün 1988-ci ildə Qərbi Azərbaycanın (Ermənistan) Pəmbək mahalının Qursalı kəndindən çıxarılan soydaşlarımızın Prezident İlham Əliyevə rəsmi müraciət etdiyini oxudum.

Bilirsiniz, 1988-ci ildə Qərbi Azərbaycandan çıxarılan bu insanlar uzun illərdir ki, doğma yurd-yuvalarının həsrətini çəkir. Şərtlər icazə vermədiyi üçün o torpaqlara qayıda bilmirlər. Lakin bunun əvəzində işğaldan azad edilən Qarabağda məskunlaşmaq, öz yerli mədəniyyətini, adət-ənənəsini və bir zamanlar yaşadıqları kənd, qəsəbə adlarını yaşatmaq istəyirlər. Qərbi azərbaycanlıların bu təşəbbüsünü alqışlayıram. Hətta bu istiqamətdə bütün qərbi azərbaycanlıları Böyük Qayıdış planına qoşulmağa çağırıram”.

Q.Çaxmaqlı deyib ki, 1988-ci ildə Qərbi Azərbaycandan qovulan insanların bir çoxu erməni dilini yaxşı bilir:

“Bu insanların bir çoxu yaşlansa belə, hələ də faydalı işlər görə bilər. Qərbi azərbaycanlılar əksəriyyəti kənd təsərrüfatı, ticarət, sənətkarlıq və inzibati idarə işlərində bacarıqlı insanlardır. Digər tərəfdən bu insanların çoxu erməni dilini də bilir. Onların xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədi və Qarabağda ermənilərin yaşadığı ərazilərə yaxın bölgələrdə yerləşdirilməsi ciddi bir addım olardı.

Bu yolla Ermənistanın gələcəkdə yenidən torpaqlarımıza haqq iddiası etmələrinin qarşısını da almaq mümkün olacaq. Bu gün biz Zəngəzur və ətraf ərazilər uğrunda mübarizəmizi davam etdirirk. Bu ərazilərə yaxın yerlərdə qərbi azərbaycanlıların yerləşdirilməsi gələcəyə hazırlıq mərhələsi ola bilər”.


Facebook-da paylaş