“Snayper başımdan vurdu, 53 gün komada qaldım, o vaxta qədər ailəm məni axtarıb”



Vətən müharibəmizin növbəti qəhrəmanı əsgər İlkin Ələkbərovdur. İ.Ələkbərov 1998-ci ildə Neftçala rayonunda anadan olub. Ailədə üç qardaşdırlar. İlkin isə evin böyük oğludur. Qəhrəman əsgərimiz öz döyüş yolunu Moderator.az-a belə nəql edib:

“Mən iyul ayında əsgərliyə yollandım və Ağcabədi rayonunda xidmətimə başladım. Sentyabr 27-də döyüşlər başlayandan sonra Ağdam istiqmətində döyüşlərə başladıq. Daha sonra Füzuli istiqamətində döyüşlərə davam etdik. Füzulidə Kurqan adlı yer var, iki dağın ortası, meşəlik ərazidir. Biz oktyabrın 3-də təpəni düşməndən azad etdik və düşmən əsgərlərini məhv etdik. Oktyabrın 4-də isə düşmən hücuma keçdi. Məsafəmiz çox yaxın idi və şiddətli döyüşlər getdi”.

Əsgərimiz snayperlə vurulduqdan sonra bir də noyabrın 27-də komadan ayıldığını bildirib:

“Mən səngərin arxasına keçdim ki, snayper hardan atəş açırsa, oranı vuraq. Səngərdən baxanda bir də hiss etdim ki, vuruldum və ondan sonra heç nə yadımda deyil. Daha sonra məni hospitala gətiriblər. Oktyabrın 4-də noyabrın 27-nə qədər komada oldum və yalnız həmin gün gözümü açdım". 

Əsgərimiz komadan ayılandan sonra ailəsinə xəbər etdiyini deyib:

“Komadan ayılandan sonra həkimlərin telefonu ilə ailəmə yaralanmağım barədə xəbər verdim. O vaxta qədər ailəm məni axtarıb. Başımın sağ tərəfinin sümüyü yoxdur. Həkimlər gələcəkdə başıma süni qapaq qoyacaqlar. Vətən müharibəsində iştirak etdiyimə görə ölkə başçısı tərəfindən “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildim. Bizim orda döyüşçü qardaşlarımız şəhid oldu, Allah hamısına rəhmət eləsin, qazilərimizə şəfa arzulayıram”.


Facebook-da paylaş