Döyüş yoldaşları onu “İkinci Mübariz” adlandırırdı - FOTOLAR


Vətən müharibəsində canını fəda edənlərdən biri də şəhid Mirsüleyman Süleymanovdur. Əks hücum başlayanda Mirsüleyman hərbi xidmətdə olub. Onu döyüş yoldaşları “İkinci Mübariz” adlandırırdılar. 

Mirsüleymanın anası Mətanət xanım Moderator.az-a oğlu ilə sonuncu telefon danışığını bu cür xatırladığını bildirib.



“Mirsüleymanın hərbi xidmətinin 15-ci ayında müharibə başladı, mənim heç xəbərim yox idi ki, o müharibədə iştirak edir, sən demə ilk günlərdən döyüşlərə gedirmiş. Tez-tez mənimlə əlaqə saxlayırdı. Oktyabrın 15-də axırıncı dəfə mənə zəng etdi ki, yerimi dəyişirlər, mən başqa yerə gedirəm, arxaya aparırlar, amma özü mənə belə deyib, onu daha da önə aparıblar. Sonra bildim ki, onlar Ağdərə döyüşünə girib, ordan heç kim sağ çıxmayıb, şəhid olub. Bir aya qədər biz onu axtardıq, itkin olduğunu, neytral zonada qaldığını, hətta sağ olduğunu dedilər. Noyabrın 19-da bizə onun şəhid olması xəbərini verdilər, 20-də gətirdilər. Çox üzü gülər, mehriban, hamıya hörmətlə yanaşan oğlan idi. Mən heç bilmirdim ki, o döyüşlərdə öndə gedər. Şəhid olandan sonra mənə komandirləri və döyüş yoldaşları dedi ki, ana, çox sağ ol ki, Mübariz kimi bir oğul böyütmüsən” deyə şəhid anası bildirib.



Şəhidin dayısı Dəyanət Talıbov da Mirsüleymanla bağlı xatirələrini bölüşüb.

“ Onunla münasibətimiz dayı-bacıoğlu kimi olmayıb, kiçik qardaşım kimi Mirsüleymanı daim öz yanımda hiss etmişəm. Çox həssas və diqqətli uşaq idi. Biz bir müddət onu axtardıq. Əməliyyat günü birinci qrupda gedən döyüşçülərdən olub, bütün döyüş yoldaşları deyirdi ki, komandirlə birlikdə irəli gedirdi. Əməliyyatları deyilənə görə uğurlu olub, iki postu darmadağın edib. Ondan sonra yenə də gediblər, ermənilərin istehkamına qədər. Komandiri Mirsüleymandan öncə şəhid olub, o yenə də dayanmayıb. Onun şəhidliyini Allahyar adlı oğlan götürmüşdü, deyirdi ki, Mirsüleymanın cəsədini götürənə qədər post boyunca çoxlu erməni meyitləri var idi. Erməniləri qıraraq qabağa getmişdilər. Bu qəhrəmanlığı o vaxt Milli qəhrəmanımız Mübariz İbrahimov etmişdi” deyə şəhidin dayısı bildirib.












Facebook-da paylaş