Fərhad Bədəlbəyli: “Şuşa hamımızın ürəyidir”



"Bu gün bütün azərbaycanlılar şuşalıdırlar".

Bunu Azvision.az -a Xalq artisti Fərhad Bədəlbəyli Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsindən danışarkən deyib. Bəstəkar doğma yurdunun dirçəlişi prosesində iştirak etdiyini bildirib:

"Mən xoşbəxtəm ki, Şuşamız azaddır. Bütün azərbaycanlılar bu gün şuşalıdırlar. Cənab Prezident deyib ki, "Əziz Şuşa, biz səni dirçəldəcəyik". Doğurdan da dirçəliş prosesi başladı".

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü olan F.Bədəlbəyli qeyd edib ki, orada sənət yoldaşı Alim Qasımov və digər tanınmış şəxslər də təmsil olunur: "Dünən bizim Şuranın birinci iclası idi. Şuşanın taleyinin necə olacağı, oranı necə bərpa edəcəyimizi düşünürük.

Təklif edirəm ki, dünya üzrə Şuşa ilə bağlı müsabiqə elan olunsun. Qoy bütün dünyanın memarları "bu şəhəri necə görürük" deyə layihədə iştirak etsinlər. Ümumiyyətlə, hər bir azərbaycanlı bu prosesdə iştirak etməlidir. Məktəb şagirdlərinin də Şuşa ilə bağlı baxışları vacibdir. Azərbaycanlılar hiss etməlidirlər ki, bu prosesdə iştirak edirlər. Fondun əsas məqsədi budur. Əlbəttə, biz vəsaiti toplamalıyıq. Amma burada mənəviyyat, Vətəni sevmək, bərpa etmək kimi amillər daha üstündür".

Xalq artisti qeyd edib ki, Şuşa hamımızın ürəyidir: "Şuşanı azad etdik və müharibə bitdi. Oranı göz bəbəyi kimi qorumalı, dirçəltməli və bərpa etməliyik. Mən xoşbəxtəm ki, bu prosesdə iştirak edirəm".

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib.


Facebook-da paylaş