“Çocuklar duymasın”ın “Əminə”si: “Tamer Karadağlı Azərbaycana gedib gələndən sonra...”


Tanınmış aktrisa, qulluqçu “Əminə” obrazı ilə bütün Türkiyədə məşhurlaşan Mələk Şahinin Moderator.az-a müsahibəsini təqdim edirik:



- Mələk xanım, salam! Sizə Azərbaycandan qucaq dolusu salamlarımız var. Necəsiz?

- Məndən də Azərbaycana böyük salamlar. Öpürəm hər birinizi. Uzun müddətdir müsahibə üçün danışsaq da, nəhayət ki, bu günə qismət oldu. Eybi yox, hər bir işdə xeyir var.


- Bütün ölkələr kimi Türkiyədə də koronovirusla mübarizə aparırlar. Hal-hazırda vəziyyət necədir?

- Bilirsiniz ki, bütün dünya ölkələrində olduğu kimi Türkiyədə də vəziyyət çox pisdir. Gün ərzində ölən insanların sayı-hesabı yoxdur. Həftəsonları küçəyə çıxmağa icazə vermirlər. İnşallah ki, tezliklə bu bəladan canımızı qurtararıq.

- Mən bilirəm ki, siz müxtəlif maskalar hazırlayıb satırsız və ondan gələn  gəliri küçə heyvanları üçün xərcləyirsiz. İstərdim bu biznesinizdən danışaq..

- Koronovirus bir ay idi başlamışdı, özümə bir maska hazırladım. Daha sonra bu işimi genişləndirmək istədim. Dostlarım, qonşularım bu işdə mənə təmənnasız kömək edirlər. Sağ olsunlar! Maskaları satırıq, ondan gələn gəliri küçə heyvanlarının müalicəsinə və yeməklərinə xərcləyirik. Özüm də tikişi bacarıram. Bu işlə sevərək məşğul oluruq. Gələcəyinə işimi böyütmək istəyirəm. Mən hər zaman uşaqlar və küçə heyvanları ilə bağlı olan sosial layihələrdə yer almışam. 

- Siz Azərbaycanda həqiqətən də çox sevilən bir aktrisasız. Hələ məşhurlaşdırdığınız “Əminə” obrazını o zamanlar “Ayrılsaq da bərabəriz” adlı serialda izləmişdik...

- “Ayrılsaq da bərabəriz” serialı 23 il bundan öncə çəkilmişdi. Mən seriala “Əminə” obrazı ilə sonradan qatıldım. Daha sonra “Çocuklar duymasın” serialı başlayanda rejissor Birol Güvən dedi ki, görəsən “Əminə” obrazını bu seriala əlavə etsək tamaşaçılar tərəfindən necə qarşılanar?  Bu Türkiyədə bir ilk oldu. Belə ki, bu obraz hər iki serialda yer aldı. 
 
- “Çocuklar duymasın” serialında da zaman- zaman iki obrazı canlandırdınız.. Bu sizə çətin deyildi?

- Bəli, “Oksigen Hayriyyə” obrazını da canlandırırdım. Biri qulluqçu idi, digəri isə özünə baxan bir iş xanımı. “Hayriyyə” Əminənin kiçik bacısı idi. Yəqin ki, tamaşaçılar bu obrazı da bəyənib. O ki, qaldı çətinliyə.. Xeyr, çətinlik çəkmədim. Kaşkı bir serialda  5 obraz oynaya bilsəydim..

- “Çocuklar duymasın” serialının yenidən çəkilməsini istərdinizmi?

- Əlbəttə, istəyərəm. Niyə də olmasın? 18 il zarafat deyil, biz artıq bir ailə olmuşuq. 

- Sizi adi həyatdakı obrazınızdan çox “Əminə” kimi görürük. Küçədə sizi tanıyanlar olur?

- Tanıyan da var, tanımayan da. Bəzən yaxınlaşıb deyirlər ki, sizi hardasa görmüşük (gülür). Hətta mərcə girənlər də olur ki, odur yoxsa yox? İndi maskadan istifadə edirik deyə heç kim bizi tanımır (gülür).

- “Əminə” obrazına özünüzdən bir şeylər qatmısınız?

- Mən həyatda çox çevik və cəld biriyəm. Əlbəttə ki, bu xarakterim Əminəyə yansıyıb. Bir də mən bu obraza xüsusi ləhcə, şivə qatmışam. Bu Orta Anadolu şivəsidir.

- Teatra da vaxt ayıra bilirsiniz?

- Bəli, mən bu il Yasəmən Yalçın teatrında çalışırdım. Bir çox yerlərə qastrol səfərlərimiz olacaqdı, bəlkə də Azərbaycana da gələcəkdik, amma təəssüf ki, koronovirus pandemiyasına görə qaldı. Bu xəstəlik  keçib gedərsə yenə də səhnələrə dönmək istəyirik.

- “Ayrılsaq da bərabəriz” serialının kollektivi ilə görüşə bilirsiniz?

- Bəli, əlbəttə, görüşürük. O serialda “Firudin” obrazını oynayan aktyor Necmi Yapıcı mənim keçmiş həyat yoldaşım olub. Bizim bir oğlumuz var, oğlumuza görə bir araya gəlirik. Bundan başqa aktyor Hakanla, Jansetlə də görüşürük.

- “Əminə” niyə bu qədər çox sevildi?

- “Əminə” obrazı xalqa çox yaxın obrazdır. Sadədir, hamının başa düşdüyü dildə danışır. Mən bir çox seriallarda obrazlar oynamışam, amma o seriallar davamlı olmadığı üçün rollarım sevilməyib. Amma “Əminə” sevildi, çünki serial 18 il ekranlarda oldu.

- İstərdim “Çocuklar duymasın”-ın kadrarxasından danışaq. Nələr baş verirdi?

- Biz artıq bir ailə kimiyik. Bəzən gülməkdən heç nə çəkə bilmirik. Belə olan halda rejissor bezir və deyir ki, çox güldünüz, daha bəsdir (gülür). Biz çox əylənirik.

- Oğlunuzun da aktyor olmasını istərdiniz?


- Oğlum Əmrə kino ixtisasında oxuyur. Aktyorluqla bir əlaqəsi yoxdur, heç bir zaman da olmayıb. Uşağlıqdan bəri kinoya həvəsi var, rejissor olmaq istəyir. Qısametrajlı filmlər də çəkib, o filmlərdən mükafatlar da alıb. Allah onun da yolunu açıq etsin.

- Teatr, film yoxsa serial?

- Təbii ki, teatr. Mən teatr ixtisasını oxuyub, ordan məzun olmuşam. Səhnə başqadır, kamera qarşısı başqa. Seriallara çəkilməyimizin əsas səbəbi maddiyatdır.

- Azərbaycanla bağlı hansı məlumatlara sahibsiz?

- Əlbəttə ki, məlumatım var. Bilirəm ki, bu günlərdə zəfər qazandınız. Çox sevindik, hər birimiz bu qələbənizi qeyd etdik. Biz bir millət, iki dövlətik. Həmkarım Tamer Karadağlı tez-tez Azərbaycana gedib- gəlir. Ondan da Azərbaycan dilində sözlər eşidirik. Bilirəm ki, Tamerin əsli Gəncədəndir. Mən əslində bu il Azərbaycana gəlmək istəyirdim. İnşallah pandemiya bitsin, daha sonra gələrəm. 


Facebook-da paylaş