100-dən çox əsgəri əməliyyat edən həkim: “Gözlərini açan kimi..."


İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatmasında əsgərlərimizin sağlamlığının keşiyində dayanan tibb işçilərinin də müstəsna xidmətləri olub. 44 günlük müharibənin gözə görünməyən qəhrəmanlarından biri də Fərhad Hüseynovdur.

Fərhad Hüseynov hazırda Mərkəzi Neftçilər Xəstəxanasında travmatoloq cərrah kimi çalışır. O, müharibə dövründə 100-dən çox cərrahi əməliyyat həyata keçirib:



“Müharibənin ilk günü Mərkəzi Neftçilər Xəstəxanasının böyük bir heyəti ilə Gəncə şəhərinə ezam olunduq. TƏBİB-in dəstəyi, qrup rəhbərimiz Elmir həkimin və Şəhər Səhiyyə Şöbəsinin rəhbəri Nazim müəllimin təşkilatçılığı ilə yerli xəstəxananın bazasında çoxprofilli hospital yaratdıq. Hospitalda travmatoloji, cərrahi, döş qəfəsi, damar, üz-çənə, göz cərrahiyyəsi, neyrocərrahiyyə, anesteziologiya və reanimasiya, o cümlədən radioloji xidmətləri təşkil etdik. Bu işdə yerli və könüllü həkimlər, tibb işçiləri bizə yaxından köməklik göstərdilər. Qısa zaman ərzində yaralı qəbuluna başladıq”.

Həkim qeyd edib ki, hospitalda, müştərək yaralanması olan hərbçilərimiz çoxluq təşkil edib. Hətta elə vəziyyət olub ki, 2 və ya 3 həkim briqadasının eyni vaxtda əməliyyatda iştirak etməsinə ehtiyac duyulub.
 
“Travmatoloji yardımın təşkilində mənimlə birgə fəaliyyət göstərən Rövşən, Vusal, Rəşad, Emil, Amil, Nicat doktora, rezidentlərimizdən Elnur və Rəşada xüsusi təşəkkürlərimi bildirirəm. Çünki bizim heyət 300-dən artıq əməliyyat icra etdi. Yaralılarımızın əksəriyyəti çox saylı qəlpə yarasından və açıq sınıqlardan əziyyət çəkirdi. Əmaliyyatlarımızın əsasını isə açıq sınıqlarda İlizarov üsulu ilə osteosintez, yaraların cərrahi işlənməsi, qəlpələrin xaric edilməsi, vətər-sinir təmiri, digər osteosintez əməliyyatları təşkil edirdi. Bununla yanaşı yaralıların sarğılarının dəyişdirilməsi, təyinatlarının verilməsi, qəbul şöbəsində ilk yardım və çeşidlənmə prosesində də heyətimiz aktiv iştirakçı idi”,-deyə həmsöhbətimiz əlavə edib.

Fərhad həkim damar cərrahları ilə müştərək əməliyyatlarından da söz açıb:

“Seymur həkimin başçılığı ilə damar cərrahiyəsi briqadamız uğurlu əməliyyatlar icra edir, yüksək nəticələr göstərirdi. Ümumi cərrahlar, neyrocərrahlar, oftolmoloq və üz-çənə cərrahları çoxsaylı uğurlu əməliyyatlar icra edirdilər. Əməliyyatlarımızın uğurla nəticələnməsində Fuad, Ceyhun, Rəşad, Gülşən həkimin və könüllü reanimatoloqlarımızdan ibarət olan anesteziologiya-reanimasiya briqadamızın, həmçinin Sevda xanımın təşkilatçılığında əməliyyat blokunun əməyi xüsusi yer tutur. Bizimlə yanaşı 24 saat fəaliyyət göstərən radioloqlarımızın da xidmətini qeyd etmək istəyirəm. Yaralılarımızın əməliyyat və müalicəsində qardaş Türkiyə Respublikasından könüllü gəlmiş həkim və rezidentlər, yerli həkim və tibb işçiləri də aktiv iştirak edirdilər.

Xəstələrin qəbulunda və çeşidlənməsində qəbul şöbəsinin həkimləri olan Elnur, Hüseyn, Azər, Orxanın xidməti olduqca peşəkar idi. Yüngül yaralılar və əməliyyatdan sonrakı xəstələr ücün nəzərdə tutulmuş bölməmiz Vüqar doktorun rəhbərliyində uğurlu fəaliyyət göstərirdi. Könüllü psixoloq və nevropatoloqlardan ibarət briqada isə psixoloji yardımın təşkilində fəal iştirak edirdi”.

Həmsöhbətimiz hospitalda əsgələrlə yanaşı Gəncə və Bərdə şəhərlərində baş vermiş terror hadisəsi zaman yaralanan mülkü şəxslərin də müalicə olunduğunu diqqətə çatdırıb.  

Arxa cəbhə qəhramanı olan cərrahımızın sözlərinə görə, əməliyyat masasında neçə-neçə əsgərimiz “Vətən, sənə canım fəda” mahnısını ifa edib, heç təəccüblü deyil ki, bir çox yaralı hərbçimiz əməliyyatdan dərhal sonra cəbhəyə nə zaman qayıda biləcəyini soruşub. Bu cür hadisələr isə Azərbaycan Ordusunda ruh yüksəkliyinin və vətənpərvərlik hissinin hansı səviyyədə olduğunu açıq şəkildə göstərib".

Həkim deyib ki, tibbi personalın fədakarlığı qələbənin qazanılmasında az rol oynamayıb:

“Yaralının əl-üzünü, ayaqlarını yuyan, ona güclə yemək yedizdirməyə çalışan, sarğı zamanı yaralının ağrıdığını hiss edib kövrələn tibb personalı gördükdə insan çox duyğulanırdı. Bu, ordu-xalq-dövlət birliyinin bariz nümunəsidir. Qələbəmizn qazanılmasında xüsusi yeri olan şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Bizim bu şərəfli işimizdə əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm”.(Yenisabah.az)




Facebook-da paylaş