"Bundan sonra bir millət iki dövlətin bayramları da, matəm günləri də bir olmalıdır"



Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il Noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Ancaq Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.

Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş səfiri, diplomat Hulusi Kılıç Moderator.az-a danışıb. 

O, bildirdi ki, Azərbaycanın Ali Baş Komandanı, cənab İlham Əliyev 10 Noyabr zəfər gününü 8 Noyabrla dəyişdirməsi Türkiyədə böyük məmnuniyyətlə qarşılanıb: 

“Bu cənab prezdentin uzaqgörənliyi və Mustafa Kamal Atatürkə hörmətinin əlaməti idi. Bilirsiniz ki, 10 noyabr  Ulu öndər, türk dünyasının böyük lideri Atatürkün ölüm ildönümüdür. Noyabrın 10-u Türkiyədə matəm günüdür. Qardaş ölkə Azərbaycanın zəfər gününü 2 gün önə alaraq, bu tarixin 8 Noyabr olaraq dəyişdirilməsi türk xalqını məmnun etdi. Hesab edirəm ki, bizim - bir millət iki dövlətin bayramlarımız da bir olmalıdır, matəm günlərimiz də. Bundan sonra da 8 Noyabr Türkiyənin Zəfər bayramı olaraq qeyd ediləcək. Biz bir daha bu addımla dünyaya göstərdik ki, sözün əsl mənasında Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Bu sözdə deyil, əməldə belədir. Buna görə də cənab prezidentə təşəkkür edirik”. 

Hulusi Kılıç 8 noyabrda Şuşanın azad olunması gününün Azərbaycanda olduğu kimi Türkiyədə də Zəfər Günü kimi qeyd ediləcəyini bildirdi: 

“Hər şey düşmənin Şuşadakı məğlubiyyəti ilə bitdi. O gün bizim də Zəfər günümüz. İlham Əliyev bu addımı ilə Mustafa Kamal Atatürkə olan sevgisini bir daha göstərmiş oldu. Beləliklə 8 Noyabr Azərbaycan, türk dünyası üçün Zəfər günüdür. Biz bu tarixin 8 Noyabr olaraq dəyişdirilməsinə  məmnunuq. Bu addımı ilə Ali Baş Komadanın Türkiyə xalqı arasında imajını daha da artırdı. Atatürk Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir deyirdi, Heydər Əliyev də Atatürk Türkiyə üçün nə kadar əzizdirsə, bizim üçün də o qədər əzizdir deyirdi. Hər iki Lideri sonsuz rəhmətlə və minnətlə anırıq".


Facebook-da paylaş