“Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü faktiki bərpa edilmiş oldu”

Səmyar Abdullayev: “Qarabağın azadlığı ölkəmizin inkişafına ciddi təkan verəcək”

“Heç bir qüvvənin xalqımızın fədakarlığı, qəhrəmanlığı sayəsində əldə etdiyi qələbəyə kölgə salmasına imkan vermək olmaz”




“Vətən Müharibəsi və onun nəticələrini əks etdirən sənəd tarixin yaddaşında xalqımızın yernilməzlik nümunəsi kimi əbədi yaşayacaqdır”
 
Məlum olduğu kimi, dünən - 1 dekabr tarixində Laçın rayonu Ermənistan Silahlı Qüvvələrindən azad edlib və Azərbaycan ordusunun nəzarətinə keçib.
 
Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbərimizdə bu tarixi olayı şərh etməyə çalışdıq.
 
-Səmyar bəy, bildiyiniz kimi, dekabrın 1-i tarixində Laçın rayonu da erməni işğalından azad edildi və Azərbaycanın faktiki nəzarətinə keçdi. Öncə bu tarixi olayla bağlı düşüncənizi bilmək istərdik.
 
-
Təbii ki, erməni işğalındakı hər qarış torpağımızın azadlığı özlüyündə son dərəcə mühüm hadisədir və bu baxımdan Laçının azad edilməsi də son dərəcə böyük əhəmiyyətə malikdir. Hər şeydən əvvəl qeyd edim ki, Laçın erməni işğalı altında qalan sonuncu rayonumuz idi və onun azad edilməsi ilə uzunmüddətli işğal faktına son qoyulmuş oldu. Bununla da Azərbaycanın ərazi bütövlüyü faktiki olaraq bərpa edilmiş oldu. Bu baxımdan Laçının azad edilməsi torpaqlarımızın azad edilməsi uğrunda aparılan mübarizənin məntiqi sonluqla başa çatdırılması, ərazi bütövlüyümüzün bərpa edilməsi deməkdir. Və mən bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bir daha qeyd edirəm ki, Vətən Müharibəsində əldə etdiyimiz bu qalibiyyət son dərəcə qiymətli, əvəzsiz və misilsizdir.
 
-Qarabağın işğaldan azad edilməsi ölkəmizin gələcək inkişaf perspektivi baxımından nə vəd edir?
 
-Qarabağ və ətraf rayonların erməni işğalından azad edilməsi heç şübhəsiz ölkəmizin yaxın gələcəkdə daha sürətli inkişafına təkan vermiş olacaq. Çünki işğaldan azad edilən rayonlarımızın böyük kənd təsərrüfatı və iqtisadi perspektivi var ki, bu perspektivin dəyərləndirilməsi ölkəmizin qısa zamanda iqtisadi inkişaf baxımınan böyük məsafə qət etməsinə imkan verəcək. Nəzərinizə çatdırım ki, işğaldan azad edilən rayonlarımızın bir çoxu zəngin yataqları, maddi resursları, təbii ehtiyatları ilə diqqəti cəlb edir və bu ərazilərin turizm potensialı da kifayət qədər böyükdür. Bu baxımdan Qarabağda həyatın yenidən canlanması yalnız bu bölgənin deyil, ümumilikdə ölkəmizin inkişafı baxımından böyük əhəmiyyətə malikdir və heç şübhə yoxdur ki, biz yaxın gələcəkdə bu inkişafa şahid olacağıq.
 
-Səmyar bəy, bəzən bu cür fikirlər səslənir ki, guya rus hərbçilərinin sülhməramlı kimi prosesə cəlb edilməsi o qədər də doğru deyil və bu, hansısa fəsadlara səbəb ola bilər. Sizcə doğrudanmı rus ordusunun Qarabağda sülhyaratma missiyasına cəlb edilməsinin ölkəmizin maraqları baxımından risklidir?
 
-Öncə qeyd edim ki, Azərbaycan bu müharibənin qalib tərəfidir və Ermənistanın imzaladığı kapitulyasiyada Azərbaycanın tam, qəti üstünlüyü qeyd olunub. Ermənistan işğal etdiyi torpaqları azad etməklə bağlı üzərinə öhdəlik götürüb və bu, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərdən sadəcə biridir. Qarabağa rus hərbçilərinin gəlişinə gəlincə, onların missiyası Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə nəzarət etmək, bölgədə sülhü və təhlükəsizliyi təmin etmək, qarşılılqı etimad mühitinin yaradılmasına yardım etməkdir.  Onlar 5 il ərzində məhz bu missiyanı yerinə yetirəcəklər. Bunun xaricində onların hər hansı səlahiyyəti yoxdur. Bu baxımdan Rusiyanın bölgəyə göndərdiyi sülhməramlıları Rusiyanın bölgədə hərbi baza yaratmaq, burada həmişəlik möhkəmlənmək cəhdi kimi xarakterizə etmək yanlışdır. İşğaldan azad edilmiş bütün torpaqlara məhz Azərbaycan ordusu nəzarət edir və vətəndaşlarımızın təhlükəsizliyini də məhz Azərbaycan əsgəri təmin edəcək.
 
-Laçında 5 kilometr enində dəhlizin yaradılması ilə bağlı da  fərqli fikirlər səslənməkdədir. Hətta bəzi şəxslər hesab edir ki, belə bir dəhlizin yaradılması Laçın şəhərinin mövcudluğu üçün təhlükədir...
 
-Hesab edirəm ki, bu kimi fikirlər bəzi qüvvələr tərəfindən məqsədli şəkildə səsləndirilir və məqsəd dövlətimizin bu böyük qələbəsinə kölgə salmaq, tarixi zəfərimizin əhəmiyyətini azaltmaqdır. Məhz buna görə də onlar Ermənistanın kapitulyasiya ilə bağlı sənəddə bəzi məqamları fərqli cür tədim etməyə çalışır, bununla da ictimai rəydə çaqınlıq yaratmağa cəhd edirlər. Unutmaq olmaz ki, Laçın ərazisindən keçən 5 kilometrlik dəhliz nə Laçın, nə də ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükə kəsb etmir. Burada məqsəd təhlükəsiz gediş-gəlişin təmin edilməsi, qarşılıqlı etimad mühitinin formalaşdırılmasına nail olmaqdır. Laçın rayonu Azərbaycan torpağı kimi ölkəmizin nəzarəti altındadır və bu ərazidə ölkəmizin iradəsinə zidd hansısa adımın atılması mümkün deyil.
 
Bunu da xatırladım ki, Naxçıvanla Azərbaycan arasında dəlizin yaradılması da sənəddə əksini tapan mühüm müddəalardan biridir və bunun reallaşması həm Naxçıvanın, həm də ölkəmizin inkişafı, yeni kommunukasiya yolları əldə etməsi baxımından mühüm əhəmiyyətə malikdir.
 
Bu baxımdan, hesab edirəm ki, hər hansı qüvvənin Azərbaycan xalqının, Azərbaycan ordusunun, Azərbaycan Ali Baş Komandanının fədakarlığı, qəhrəmanlığı sayəsində əldə etdiyi qələbəyə kölgə salmasına, onun nəticələrini təhrif etməsinə imkan vermək olmaz. 44 günlük Vətən Müharibəsi və onun nəticələrini əks etdirən tarixi razılaşma Azərbaycanın böyük uğurudur və bu uğur tarixin yaddaşında hər zaman xalqımızın yernilməzlik nümunəsi kimi əbədi olaraq yaşayacaqdır.


Facebook-da paylaş