“Mən onlara sübut etdim və onlar da sonda təsdiq etdilər ki, kürdlərin bir nömrəli düşməni ermənilərdi” - Fəxrəddin Paşayev




Sentyabrın 27-də Ermənistanın təmas xəttindəki təxribatına qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu savaşın 29-cu günündə böyük uğurla işğal altındakı əraziləri azad edərək irəliləməkdədir. Belə məqamlarda hər cür çirkin təbliğat üsullarına əl atan ermənilər yenə də öz köhnə peşələrini davam etdirirlər. Bu təbliğatın mərkəzində hər zaman olduğu kimi, Azərbaycanda guya etnik problemlərin olması, azsaylı xalqlara qarşı təzyiqlərin mövcudluğudur. Digər tərəfdən, təkzibolunmaz fktlarla sübut edilib ki, hazırda Ermənistan tərəfindən dünyanın müxtəlif yerlərindən cəlb edilən terrorçu muzdlu dəstələr Azərbaycan əsgərinə qarşı döyüşür. Onların böyük əksəriyyətinin PKK və PYD terror qruplaşmalarının üzvləri olduğu bildirilir.

Ermənilərin bundan istifadə edib Azərbaycanda guya kürdlərlə və digər azsaylı xalqlarla bağlı hansısa problemlərin olduğu fikrini aşılaması cəmiyyətimizdə böyük etirazla qarşılanır. Xüsusən Azərbaycanda yaşayan kürdlər ermənilərin bu çirkin niyyətlərini nifrətlə qınayırlar. Mövzu ilə bağlı Moderator.az saytına danışan “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev müxtəlif məqamlara aydınlıq gətirib:

 
“Ermənistan dövləti bir şər ocağı kimi yaradılıb”
 
“Ermənilər həmişə bu coğrafiyada pis bir yara kimi mövcud olublar. Onların bəzi böyük dövlətlər tərəfindən bu ərazidə süni şəkildə məskunlaşdırılması da bu məqsədə xidmət edib ki, həmişə ermənilərdən bölgədə qanlı çaxnaşmalar üçün idtifadə etsinlər.
Həmin siyasət nəticəsində ermənilər indiki Ermənistan, əslində isə bizim tarixi İrəvan xanlığı ərazisində, o cümlədən Qarabağda süni formada məskunlaşdırılıblar. Düşünürəm ki, Ermənistan bu ərazilərdə Azərbaycanın və Türkiyənin əleyhinə istifadə edilmək üçün bir şər ocağı kimi yaradılıbdır. Ermənistan deyilən bu terror dövləti yaradıldığı gündən xəstə erməni ideologiyasına əsaslanıb. O da bundan ibarətdir ki, başqalarının ərazilərini zəbt etmək və “Böyük Ermənistan” deyilən xam xəyallarını həyata keçirmək. Təəssüf ki, tarixən bizim ərazilərdə yaranan zəif siyasi şəraitdən istifadə edərək bu planı məhz Azərbaycan ərazilərində həyata keçirməyə başladılar.
Lakin onlar həmişə “arxalı köpək qurd basar” prinsipi ilə hərəkət ediblər. Arxalı köpək olduqlarına görə, elə bilirlər ki, Qurdu basa bilərlər. Bu da onların xəstə təfəkkürlərindən irəli gəlir.
Son münaqişəyə gəldikdə, deyə bilərəm ki, Sovet imperiyasının dağılmasından, o zaman Azərbaycanda yaranan siyasi hərc-mərclikdən, xaosdan istifadə edib 20 faiz ərazilərimizi işğal etdilər. Bu da onlarda belə bir təəssürat yaratdı ki, istədikləri vaxt Azərbaycana təcavüz edib ərazi tuta bilərlər”.

 
“1988-ci ildə Ermənistandan 240 min azərbaycanlı deportasiya edilərkən oradan 20 minədək müsəlman kürd də zorla qovulmuşdur”
 
“Onu da xüsusi vurğulamaq istərdim ki, 1988-ci ildə Ermənistandan 240 min azərbaycanlı deportasiya edilərkən oradan 20 minədək müsəlman kürd də zorla qovulmuşdur. Ermənilər kürdlərə qarşı da soyqırımı törətmişlər, onlara qarşı insani cinayətlər törətmişlər. Həmin kürdlərin böyük əksəriyyəti məhz Azərbaycana pənah gətirdi. Azərbaycan isə onları digərlərindən fərqləndirmədən, öz qardaşları kimi qəbul etdi və hətta vətəndaşlıq hüququ verdi.
Bu gün Azərbaycanda bütün etnik qruplar yüksək səviyyədə, bərabər şəkildə yaşayırlar. Onların hamısına etnik və dini mənsubiyyətinə görə deyil, Vətənə xidmətinə görə qiymət verilir. 1990-cı illərdən bu yana ərazi bütövlüyümüz uğrunda gedən savaşda minlərlə kürd də savaşıb, yüzlərlə şəhid verib, Milli Qəhrəman adı qazanan, digər dövlət mükafatlarını alanlar var. Sentyabrın 27-də başlayan döyüşlərdə, hazırda torpaqlarımızın azad edilməsində də yüzlərlə kürd vətəndaşımız qəhrəmanlıqla savaşır və onların içərisində artıq neçə-neçə şəhid var”.
 
“Mən onlara kürd demirəm, kürd dilində danışan terrorçu deyirəm”
 
“Konkret olaraq son proseslərə toxunarkən demək istəyirəm ki, Nikol Paşinyana “çox sağ ol” düşür ki, o, hakimiyyətə gələndən sonra qeyri-sağlam davranışları ilə Azərbaycanın səbr kasasını daşdırdı və bu təxribatları törətdi. Beləliklə, torpaqlarımızın azadlığı yolunda müqəddəs savaş başladı. Hörmətli Prezidentimiz Cənab İlham Əliyev çox böyük səbrlə bu münaqişənin sülh yolu ilə həll edilməsi yolunda çalışırdı. Paşinyan hakimiyyətə gələndən sonra bu közün üstünə sanki benzin tökdü. Bu da bizim Ali Baş Komandana haq verdi ki, sonuncu- qəti addımı atsın. Prezidentimiz hər zaman deyirdi ki, vaxtı gələndə, lazım olanda biz lazımı addımı atacağıq. İndi əsl vaxtı gəlmişdi və düşmən layiqli cavabını alır.
 
İndi ermənilərin hər şeydən əlləri üzülüb, yenə başlayıblar şər kampaniyasına, guya cəbhədə Azərbaycan tərəfindən hansısa terrorçular döyüşür. Hansı ki, əslində Ermənistanın müxtəlif bölgələrdən terror qruplarını cəlb etdiyi heç kimə sirr deyil. Onların içərisində kürd dilində danışanların da olması artıq məlumdur. Mən onlara kürd demirəm, kürd dilində danışan terrorçu deyirəm. Çünki terrorçunun nə milləti, nə də dövləti olmaz. Bu gün hər bir milli mənsubiyyətə məxsus olan terrorçular var, ərəblərdən də, türklərdən də, ruslardan da, ermənilərdən daha çox terrorçular var. Bu, o demək deyil ki, onlar həmin xalqları təmsil edirlər. O cümlədən də kürd xalqının içərisindən də təəssüf ki, belələri çıxa bilər. Lakin kürdlərin dünyada ən sülhsevər xalqlardan olduğunu hamı bilir”.
 

“Kəlbəcəri, Laçını, Qubadlını viran qoyan elə siz vəhşilər deyilsinizmi?”
 
“Burada bir məsələni qeyd etmək istərdim. Yaşadığımız bu böyük coğrafiyada tarixən nə zaman ki, kürd xalqı ilə türk xalqları arasında birlik olub, o zaman bölgədə böyük intibah olub, qüdrətli dövlətlər meydana çıxıb. Türkiyənin özündə belə aranı qarışdıranlar artıq uduzduqlarını anlayırlar. Türkiyənin güclü olması bizi sevindirir və bu, elə ən çox kürdlərə lazımdır. Yaxın tarixdə Səddam Hüseyn kürdlərə qarşı Hələbçə qətliamını törədəndə kürd xalqının liderlərini Türkiyə qorumuşdu və onların üçüncü ölkələrə getmələrini təmin etmişdi. Bunu unutmaq olmaz.
Bu gün heç kimə sirr deyil ki, İraqdakı Kürdüstan Federal subyekti ilə ən yaxşı iqtisadi-ticarət əlaqəsi olan elə türklərdi. Həmin bölgə Türkiyənin xarici ticarət dövriyyəsində ön yerlərdən birini tutur. Türkiyədəki kürd terrorçularla bağlı məsələnin qabardılması ermənilərin planlarıdır ki, guya bununla iki xalq arasında nifaq salmağa cəhd edirlər. Ümumiyyətlə, ermənilər belə bir çirkin təbliğat aparırlar ki, guya Azərbaycanda digər etnik qruplara qarşı təzyiq siyasəti aparılır. Bu yaxınlarda hətta onlar Azərbaycanda yaşayan azsaylı xalqlara belə bir gülünc müraciət yaymışdılar ki, biz sizin torpaqlarınızı azad edirik. Mən burada bizim Ali Baş Komandanın dediyi kimi, demək istəyirəm ki, başınıza dəysin sizin o müraciətiniz. Kəlbəcəri, Laçını, Qubadlını viran qoyan elə siz vəhşilər deyilsinizmi? Ağır olsa da, bir daha burada qeyd etməlyəm ki, həmin ərazilərin işğalı zamanı ermənilərin orada yaşayan kürd camaatına qarşı hansı vəhşilikləri törətdikləri bizə məlum deyilmi? Neçə ziyalımzın başını kəsdilər, qadınlarımızın başına olmazın müsibətləri gətirdilər. Bütün bunlar göstərir ki, ermənilər Azərbaycan türklərinə qarşı hansı vəhşilikləri törədiblərsə, eynisini də kürdlərə qarşı törədiblər, heç bir fərq qoymayıblar. Mən buradan Azərbaycanda yaşayan kürdlər adından dünyanın müxtəlif yerlərində yaşayan kürdlərə müraciət edərək deyirəm ki, bilin və başa düşün: sizin ən böyük düşməniniz ermənilərdir. Ermənilər bizim tarixi və strateji düşmənimizdir. Uzun onilliklərdi ki, ermənilərin və başqa qüvvələrin kürdlərlə türklər arasında yaratmaq istədikləri düşmənçilik həyata keçmir, çünki bu düşmənçiliyin tarixi kökü yoxdur. Süni şəkildə olduğu üçün hər iki xalq arasında yayılmır”. 
 

 “Mən onlara sübut etdim və onlar da sonda təsdiq etdilər ki, kürdlərin bir nömrəli düşməni ermənilərdi”
 
“Burada bir hadisəni də xatırlatmaq istərdim. 2013-cü ildə Moskvada kürdlərin konfransı keçirilirdi. Azərbaycan dövlətinin dəstəyi ilə bu konfransda bizim kürdləri mən təmsil edirdim. Orada mən Azərbaycan həqiqətləri barədə geniş məlumat verdim. Hətta özünü orada talış xalqının guya haqqını qoruyan biri kimi təqdim edən, hazırda layiqli cəzasını alan bir şəxslə az qala əlbəyaxa davamız olmuşdu, oraya bir erməni ilə gəlmişdi. Mən orada Azərbaycandakı azsaylı xalqların şəraiti haqqında dolğun məlumat çatdırdım.
Eyni zamanda orada Türkiyə və Suriya kürdlərinin nümayəndələri də iştirak edirdilər. Azərbaycanı sevən və sevməyən qüvvələr vardı. Mən onlara sübut etdim və onlar da sonda təsdiq etdilər ki, kürdlərin bir nömrəli düşməni ermənilərdi. Sadəcə olaraq müsəlmanı sevməyən bəzi imperialist qüvvələr bir qrup insanı alət kimi sui istifadə edir. İki xalq arasında düşmənçilik toxumu səpirlər, ancaq bu, mümkün deyil. Çünki bunun tarixi mənbəyi yoxdu. Tarixən istər Azərbaycanda, istərsə də Türkiyədə bu xalqlar arasında heç vaxt milli zəmində münaqişə olmayıb. Əksinə, düşmənlərə qarşı bu xalqlar hər zaman birgə savaşıblar. Bu, Malazgirddə də belə olub, İstanbulun fəthində də belə olub, Çanaqqalada da. 1915-ci il olaylarında erməni quldur dəstələri Osmanlı ərazilərində türklərlə yanaşı, müsəlman kürdlərə də divan tutublar, onlara qarşı da soyqırımı törədiblər. Sonradan bütün dünyada ermənilərə qarşı guya soyqırımı olması barədə saxta iddialarla çıxış etməyə başladılar. Lakin özləri də bunun yalan olduğunu gözəl bilirlər. Onu da vurğulayım ki, həmin dövrdə kürd silahlıları erməni quldur dəstələrinin cavabını layiqincə verib və onların məhv edilməsində böyük rol oynayıblar”.
  

“Belə şərait nə Amerikada, nə də Avropada yoxdur, heç yaxın qonşu ölkələrdə də belə deyil”
 
“Mən konkret Azərbaycanın və bügünkü hadisələrin üzərində dayanmaq istəyirəm. Azərbaycan elə bir tolerant ölkədir ki, bu gün dünyada belə bir ikinci dövlət görmək mümkün deyil. Multikultural şərait ideal səviyyədədir. Belə şərait nə Amerikada, nə də Avropada yoxdur, heç yaxın qonşu ölkələrdə də belə deyil.
Azərbaycan Prezidenti bu gün hər bir vətəndaşın qarantıdır. O, bunu dəfələrlə sübut edib, bu gün də yüksək səviyyədə isbat edir. Məcburi köçkün həyatı çox ağır həyatdır. Bizim dövlət başçımız elə şəriat yaratdı ki, biz məcburi köçkünlər çox əziyyət çəkmədik, biz dövlətin, Prezidentin himayəsində yaşadıq. Bunun üçün ona böyük çox sağ ol deyirəm. Bir də ona görə minnətdarıq ki, torpaqlarımızı azad edib bizi öz doğma yurd yerlərimizə qaytarır. Artıq hamımız Böyük Qayıdışa hazırlaşırıq. Mən Ali Baş Komandan sözünün əvvəlinə bir Qəhrəman sözünü də əlavə etmək istərdim. Qəhrəman Ali Baş Komandanımız İlahm Əliyevin, bizim Prezidentimizin rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu nəinki bölgəmizdə, bütün dünya hərb tarixində yeni səhifələr yaradır. Bu savaş nümunələri hamısı tarixə və hərbi dərsliklərə düşəcəkdir.
 
Bu gün 7-dən 77-ə bütün Azərbaycan əhalisi Prezidentin ətrafında bir yumruq kimi birləşib və savaşa qatılmağa hazırdır. Mən bilirəm ki, müvafiq dövlət qurumları insanlara müraciət edirlər ki, hərbi çağırışla bağlı dövlət orqanlarını çox məşğul etməyin, lazım olanda özümüz çağıracağıq. Belə möhtəşəm birlik heç vaxt olmayıb. O cümlədən, ölkəmzdəki azsaylı xalqlar və eləcə də kürdlər bu birlikdə öz paylarını nümayiş etdirirlər. Ermənistanda isə əksinə, səfərbərliyə adam tapılmadığına görə, qoca kişiləri, qadınları və uşaqları zorla hərbi xidmətə cəlb etməyə başlayıblar.

Bizim Prezidentimiz hər zaman dediyi sözü yerinə yetirib, biz qəti əminik ki, işğal edilmiş bütün ərazilərimizin azad edilməsi barədə dediyi sözləri də yerinə yetirəcəkdir”.   
 
Taleh


Facebook-da paylaş