“Atəşkəs sual altındadır... Türkiyəsiz bu proses mümkün deyil” – Sabiq Baş nazir


“Rəsmi açıqlamalardan görünür ki, humanitar atəşkəs hələ başlamayıb. Xüsusən, erməni tərəfinin son rəsmi açıqlamalarından, Azərbaycanın dinc əhalisinə qarşı terror aktından, Gəncədə törədilən qətliamdan sonra atəşkəs cəhdi xeyli dərəcədə öz əhəmiyyətini itirir. Gərək bundan sonra bunun üçün fövqəladə cəhdlər olsun. Bu baxımdan atəşkəsin reallaşmasının özü ciddi sual altındadır”.


Bu fikirləri sentyabrın 27-də Ermənistanın Azərbaycana hərbi təxribatından sonra on beş gündür cəbhədə gedən savaş və onun dayandırılması üçün Rusiyanın müdaxiləsi ilə əldə edilən humanitar atəşkəs cəhdlərini Moderator.az-a şərh edərkən sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn səsləndirib.  


Onun sözlərinə görə, atəşkəsin əldə edilməsi istiqamətində siyasi amillərdən daha çox, hazırda hərbi şərtlər mövcuddur:


“Hazırda generallar və hərbi komandanlıq əsas söz sahibləridirlər. Ancaq hesab edirəm ki, Azərbaycanın bu məsələdə ən yüksək səviyyədə açıqlanmış mövqeyi var və bunlar nəzərə alınmadan razılaşma əldə edilə bilməz. Yalnız bu halda məsələ həllini tapa bilər”.


Atəşkəsin əldə olunmasından sonra baş tutacaq siyasi danışıqlarda qardaş Türkiyənin oynayacağı roldan bəhs edən partiya sədri sülh prosesinin Türkiyəsiz mümkün olmayacağı qənaətindədir:


“Türkiyə burada beynəlxalq hüququn və qardaş Azərbaycanın yanındadır. Əgər sülh prosesi baş tutacaqsa, burada əsas təminatçı kimi Türkiyə faktoru ən ciddi amillərdən biridir. Prosesdə iki faktor varsa, biri mütləq Türkiyədir”.



Facebook-da paylaş