“TÜRKİYƏSİZ DANIŞIQLARDAN İMTİNA OLUNMALIDIR” – “Atəşkəs baş tutmayacaq, döyüşlər davam edəcək”


“AzPolitika.info” oktyabrın 9-da Moskvada baş tutan görüş və əldə olunan humanitar atəşkəs haqqında razılaşmadan sonra ortaya çıxan hərbi-siyasi vəziyyəti Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə cəbhədə baş verən hərbi əməliyyatları dayandırmaq barədə Moskva danışıqlarından sonra ortaya çıxan mənzərəni necə qiymətləndirmək olar? 

- Sözsüz ki, Azərbaycan hərb meydanında aktiv fəaliyyət göstərdiyi kimi siyasi-diplomatik meydanda da fəal olmalı, danışıqlar prosesində iştirak etməlidir. Amma Azərbaycan həm də düşünməlidir ki, danışıqları kimlə aparır və qarşı tərəfin danışıqlarda məqsədi nədir. Mən hesab edirəm ki, bu danışıqlarda başlıca məqsəd uğurla irəliləyən Azərbaycan Ordusunu durdurmaq, döyüş əzmi qırılmaqda olan, eyni zamanda siyasi iradəsinin sınmaq ərəfəsində olan Paşinyan rejimini xilas etmək idi. Bu danışıqlara gedən rəsmi Bakı bu amili mütləq nəzərə almalı idi. Ona görə də, Moskva danışıqlarında qarşı tərəf, həm Ermənistan, həm də onun havadarları – Minsk Qrupu, hansı ki, mən onları Minsk Qrupu deyil, erməni dostluq qrupu adlandırıram... Bu formatdan Azərbaycan nə gözləyir? Mən anlamıram...

Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan siyasi rəhbərliyi Minsk Qrupunda təmsil olunan Fransanın tutduğu mövqe ilə bağlı münasibət bildirmiş, eləcədə YAP daxil olmaqla 50 siyasi partiya bəyanat verərək Fransaya münasibətini ortaya qoymuşdu. Minsk Qrupu deyilən erməni dostluq qrupu artıq öz fəaliyyətini başa vurmalıdır. Bu erməni dostluq qrupu olan Minsk Qrupundan Azərbaycana heç bir xeyir gəlməyəcək. Bir daha deyirəm, onların əsas məqsədi döyüş əzmi sınmaqda olan erməni ordusunu xilas etmək və siyasi iradəsi sınmaqda olan Paşinyan iqtidarını vəziyyətdən çıxarmaq idi. Rusiyanın burada başlıca marağı bəhanə ilə öz silahlı qüvvələrini sülhməramlı adı altında Qarabağa yeritməkdir. Ehtimal edirəm ki, Moskvada gedən danışıqlarda əsas müzakirə mövzusu bu olub. Hamı bilməlidir, Azərbaycan xalqı anlamalıdır ki, bunun üçün Rusiya Azərbaycan hakimiyyətinə təzyiq göstərir. Prezidentin köməkçisi açıq şəkildə bildirdi ki, bizə təzyiq edirlər. Açıb desin ki, bu təzyiqi kim tərəfindən və hansı məqsədlə edilir. Bir daha xatırlatmağı özümə borc bilərək deyirəm ki, bu təzyiq erməni dostluq qrupu tərəfindən edilir, məqsəd darmadağın ərəfəsində olan erməni ordusunu və siyasi iradəsi sınmaq ərəfəsində olan Ermənistan siyasi hakimiyyətini xilas etmək, Azərbaycan Ordusunun zəfərə çatmasının qarşısını almaqdır.

Rusiyanın bundan əlavə xüsusi bir marağı da var. Həm Paşinyan rejiminin zərbə alması, həm də Dağlıq Qarabağa sülhməramlı adı altında rus ordusunun yerləşdirilməsi. Ehtimalım budur ki, Moskvada xarici işlər nazirləri arasında görüşün 11 saata qədər uzanmasının əsas səbəbi bu olub.

- Ancaq bununla bağlı hər hansı bir informasiya yoxdur...

- Ruslar bu arzularını ermənilərin dili ilə səsləndirib. Amma əslində bu Rusiyanın istəyidir. Azərbaycan buna heç cürə getməməli, Minsk Qrupu formatına, danışıqların baza prinsipinə qayıtmamalı idi. Bu yanlış idi. Danışıqların Minsk Qrupu fomatı əslində erməni dostluq qrupu formatıdır. Özləri deyirlər ki, 28 ildir Minsk Qrupu ilə heç bir iş görə, nəticə əldə edə bilməyiblər. O halda biz Minsk Qrupundan nə istəyirik, nədən baza prinsiplərinə qayıtmaq istəyirik? Baza prinsiplərindən biri də ondan ibarətdir ki, ən nəhayətdə Dağlıq Qarabağın statusu orada yaşayan əhalinin səsverməsi ilə olacaq. Yaxşı, biz Dağlıq Qarabağda yaşayan əhali çoxluğunun necə olduğunu bilmirik? 

- Gəncənin vurulması, Mingəçevirə ballistik raket atılması ilə düşmən və müttəfiqi bizə hansı mesajlar verir?

- Başlıca məqsəd ön cəbhədə uğursuzluğa düçar olan Ermənistanın bizim arxa cəbhəyə zərbə vurmaqla bunu kompensasiya etmək, Azərbaycan əhalisi arasında çaxnaşma yaratmaq, əhalimizin hərbi-siyasi rəhbərlikdən müharibəni dayandırmaq üçün təzyiq etməsinə nail olmaqdır. Ehtimal edirəm ki, bu ssenari davam edəcək. Azərbaycanın hava hücumundan müdafiə sistemi Gəncə istiqamətində effektiv işləməyib.

- Amma Mingəçevirə atılan ballistik raket və onlarla digər raketlər havada zərərsizləşdirilib...

- Bəli, bu müsbət hadisədir. Görünür ki, Mingəçevirin müdafiəsi daha güclüdür və bu yaxşı haldır. Amma nəzərə alın ki, Gəncədə mülki əhalimiz hədəf olub. Bizə görə mülki əhali hər şeydən qiymətlidir. Bir insan bizim üçün dəyərlidir. Hesab edirəm ki, cəbhə xəttinə yaxın olan ərazilərimizdə, xüsusilə Gəncədə ciddi raketdən müdafiə sistemimiz olmalı, hücum zamanı həyəcan siqnalı işləməli, insanlarımız təhlükəsiz yerə təxliyə olunmalıdır. Nəhayətdə hava hücumundan müdafiə sistemlərimiz effektiv işləyib belə hücumları havada zərərsizləşdirməlidir.

- Buna qədər baş verənlər ortadadır. Bundan sonra gözləntiləriniz nədir?

- Gözləntim budur ki, atəşkəs alınmayacaq, döyüşlər davam edəcək. Ən azı düşmən ordusunun döyüş əzmi və siyasi rəhbərliyin iradəsi sınana qədər Azərbaycan Ordusu uğurlu hücumlarını davam etdirməlidir. Əks təqdirdə hər bir atəşkəs düşmənə nəfəs verməkdir, onun itirdiklərini bərpa etməsinə, qoşunlarının özünə gəlməsinə şərait yaratmaqdır.

- Hansı addımlar atılmalıdır?

- Düşməni geri oturtmağın yolu işğalçı ordunun döyüş əzmini sındırmaqdan gedir. Onların döyüş iradəsi sınan kimi iki yolları qalacaq. Ya təslim olacaqlar, ya da fərarilik başlayacaq. Bunun da Ermənistan daxilinə sosial-psixoloji təsirləri olacaq. Ermənistanda olan dərin siyasi böhran daha da dərinləşəcək, sistem xarakteri alacaq və Ermənistanın başı özünə qarışacaq. Azərbaycan da döyüş meydanında qoyduğu strateji hədəfə nail olacaq. Ondan sonra qələbəni siyasi-diplomatik yolla başa çatdırmaq məsələsi qalır. Amma masada bizim böyük zəifliyimiz var, biz yenidən Minsk Qrupu formatına qayıtmışıq və bu faktiki erməni dostluq qrupudur. Bu formatda Azərbaycana ancaq təzyiq ola bilər. Necə ki, oldu. Azərbaycan heç olmasa qardaş Türkiyəni yanına almalıdır. Əks təqdirdə görünən odur ki, üç böyük dövlətin və düşmən Ermənistanın qarşısında təzyiqlərə tab gətirə bilməyəcəyik.

- Hazırda Türkiyə proseslərdə varmı?

- Mən Türkiyənin proseslərdə dolayısı yolla iştirak etdiyini görürəm, düşünmürəm ki, Türkiyə proseslərdən kənarda qoyulub. Əslində proseslərdə Türkiyənin olmasını ABŞ, Rusiya və Fransa istəmir.

- Moskva görüşü və ortaya çıxan mənzərədən sonra Türkiyənin proseslərə qayıtmaq imkanı varmı?

- Qayıtmağın yeganə yolu Azərbaycanın Türkiyəsiz danışıqlara getməməsi, bundan imtina etməsidir. Rusiya danışıqlar üçün təşəbbüs göstərirsə Azərbaycan deməlidir ki, Türkiyədə burada iştirak etməlidir, əks təqdirdə biz də iştirak etməyəcəyik. Çünki balans pozulur. Balansın pozulduğu yerdən də Azərbaycana təzyiq və qeyri-adekvat qərarlar çıxacaq. Necəki biz bunun şahidi olduq.

- Azərbaycan qanuni əməliyyatları davam etdirsə Qarabağda onun qarşısına ruslar çıxa bilərmi?

- Çıxa bilər. Ona görə indi fürsətdir, Gəncədə mülki əhaliyə qarşı baş verən qətliamdan istifadə edib Azərbaycan Türkiyə ilə hərbi müttəfiqlik sazişi imzalamalıdır. Məhz bundan sonra Türkiyə burada legitim hərəkət edə bilər. Rusiya da görməlidir ki, bura müdaxilə edəcəyi təqdirdə hansı ağır itkilərə məruz qalacaq. Yəni bunun uzağagedən nəticələri olacaq. Bu proses Azərbaycanın itirilməsinə səbəb ola bilər. Eyni zamanda Şimali Qafqaza, oradan da Rusiyanın daxilinə yayıla bilər. Məncə, burada Ukrayna və Gürcüstanla, qardaş türk respublikaları ilə aktiv iş aparılmalıdır. Mən indiyə qədər iki təkliflər paketi ilə çıxış edib beş məqalə yazmışam. Bunlar heçmi oxunmur?...

- Görünən odur ki, Moskva görüşündən sonra Azərbaycan Ordusu düşmən işğalından azad etdiyi yerlərdə durub orada erməni əks-hücumlarını dəf edir. Bu haçana qədər davam edəcək?

- Mənə elə gəlir ki, Azərbaycana təzyiqlərlə yanaşı hədələr də səsləndirilib. Yəqin ki, bu hədələr Azərbaycan irəliyə gedəcəyi təqdirdə Rusiyanın prosesə qoşulacağı eyhamından ibarət ola bilər. Azərbaycanda bu amili nəzərə alır.

Hesab edirəm ki, Azərbaycan vaxt itirmədən böhran masası qurmalı, ölkə daxilində olan ortaq zəkanı dinləməli, nəzərə almalı və qardaş Türkiyə və Pakistanla intensiv siyasi dialoq başlatmalıdır. Təkbaşına bizə çətin olacaq. Amma resurs, imkanlar baxımından biz öndəyik.


Facebook-da paylaş