“Bu, nə saziş deyil, nə də müqavilə, sadəcə razılaşmadı” - Politoloq


“Burada, xüsusilə qeyd etmək lazımdır ki, bu, nə saziş deyil, nə də müqavilə. Bu, on saatlıq məsləhətləşmələrin nəticəsidir. Bunu daha çox razılaşdırma adlandırmaq olar və bu razılaşma da humanitar məqsədlər daşıyır. Söhbət əsirlərin və cəsədlərin dəyişdirlməsindən gedir”.


Bu fikirləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvanın vasitəçiliyi ilə on saatlıq danışıqlardan sonra əldə edilən atəşkəs razılaşmasını Moderator.az-a şərh edərkən professor Fikrət Sadıqov söyləyib.


Politoloq hesab edir ki, əldə edilən razılaşma xeyli kövrəkdir və konkret sənədə əsaslanmır:
“Bu, heç də o demək deyil ki, Azərbaycan öz əməliyyatlarını dayandırıb. Bu addımı ona görə atmışıq ki, bir sıra dövlətlər bunu bizdən xahiş ediblər, xüsusilə, Rusiya və digər dövlətlər, o cümlədən Fransa. Biz bunu nəzərə aldıq, ancaq o demək deyil ki, biz hər şeyə nöqtə qoyuruq.


Məsələ ondadır ki, biz Ermənistandan konkret qrafik gözləyirik. İşğalçı bizim ərazilərimizdən rədd olub getməlidir. Bunun üçün də qrafik təqdim etməlidirlər. Bundan sonra əsas razılaşma əldə edilə bilər.


Digər tərəfdən o da görünür ki, ermənilər separatçı rejimin danışıqlarda tərəf kimi iştirak etməsi təkliflərindən əl çəkiblər. Buna məcbur olublar”.


Fikrət Sadıqovun sözlərinə görə, Ermənistan razılaşmaya riayət etməsə, Azərbaycan öz planını həyata keçirməyə qətiyyətlə davam edəcək:


“Əlbəttə bu, çox incə bir razılaşmadı. Ermənistanın, hər zaman olduğu kimi, razılaşmaları pozması gözləniləndir. Ancaq bu halda onlar adekvat cavablarını alacaqlar, bu, şübhəsizdir. Əgər onlar atəşkəsi pozacaqlarsa, o zaman bizim hərbi əməliyyatlarımız geniş miqyasda davam edəcəkdir”.



Facebook-da paylaş