“BDU-nun Azərbaycan tarixi ilə bağlı mövqeyi heç cür anlaşılan deyil...”

“Bir neçə gün öncə Təhsil Nazirliyi bu ciddi narahatedici məsələyə reaksiya verərək Azərbaycan tarixi müəllimlərinin nümayəndələrini yüksək mədəniyyətlə qəbul etdi...”

"Xalqı, milləti manqurtlaşmadan qoruyan, ona kimliyini anladan, dövlətinin tarixini, onu sevməyin zəruriliyini öyrədən elm məhz Azərbaycan tarixidir..."



Moderator.az redaksiyasına tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru  Boran Əzizin “ “Ekspert”lərin düyünə  saldığı Azərbaycan tarixinin tədrisi məsələsinə dair...” başlıqlı məqaləsi daxil olub. Aktuallığını nəzərə alaraq həmin materialı olduğu kimi dəyərli oxucuularımızın müzakirəsinə buraxırıq:

“Bu gün dünyada yaşayan 4 mindən çox xalqın yalnız 200-ə yaxınının müstəqil dövləti var. Minillikləri əhatə edən dövlətçilik təcrübəsi olan Azərbaycan xalqının da müstəqil dövlətə malik xalqların sırasında dayanması bizim üçün ölçüyəgəlməz dərəcədə qürurverıci hadisədir. Sayca bizdən dəfələrlə çox olan xalqlar var ki, öz dövlətlərini qura bilməyiblər...

Tarixi Azərbaycan torpaqlarının Şimal hissəsində 20-ci əsrin 90-cı illərində yenidən bərpa etdiyimiz müstəqil dövlətimizdən – Azərbaycan Respublikasından daha böyük əraziyə malik olub.  

Hamıya bəlli olmalıdır ki, dövlətyaratma o qədər də asan məsələ deyil. Dövlət yaradılması üçün xalqın və millətin intellektual potensialı, siyasi təfəkkürü,dövləti yaradarkən qarşısına çıxacaq çətinlikləri aradan qaldırmaq bacarığı və mübarizə əzmi olmalıdır.  Dövləti qürurlu,məğrur,özgəsinin əsarəti aitında deyil,azad yaşamaq istəyən xalq qura bilər.  Biz fəxr etməliyik ki,xalqımız məhz belə dövlətyaratma təfəkkürü,bacarığı olan xalqlardan biridir.  Təəssüf ki,bəziləri elə günah edir ki, guya Azərbaycan dövləti xalqımıza kiminsə hədiyyəsi formasında göndərilib, yaxud kim isə Azərbaycan dövlətini bu xalqa sinidə bir pay kimi hədiyyə edib.  Birmənalı şəkildə deyə bilərik ki, belə yanaşma doğru deyil.  Tarixi proseslər nəticəsində bir sira hallarda torpaqlarımız yadellilər tərəfindən işğal olunub.  Ancaq xalqımız bununla barışmayıb və azadlığı uğrunda daim  mübarızə aparıb. Sovet işğalı dönəmində movcud olan konsepsiyaya görə isə guya Azərbaycanda milli azadlıq hərəkatı olmamışdır.  Məsələ burasındadır ki,azadlıq uğrunda azadlıqsevər,məğrur,qürurlu,işğal altında yaşamağı özünə,ləyaqətinə sığışdırmayan adamlar apara bilərdi.  Mübarizənin olmadığını deməklə sovet rejmi insanlarımızın şüuruna yeritmək istəyirdi ki,  xalqımız belə əxlaqi keyfyyətlərdən uzaqdır. Bundan başqa adətən azadlığı uğrunda mübarizəni vətəni,torpağı,tarixən dövləti olan xalq aparır.  Onların fikrincə,xalqımız gəlmə,”yadelli”olduğu üçün bu dövlətin,torpağın ona aidiyyəti yoxdur...

Tarixi təcrübə göstərir ki,dövlətin gücü təkcə iqtisadiyyatında,silahlı qüvvələrində,onun texnikasında və s.deyildir.  Dövlətin gücü həm də onun ərazisində yaşayan insanların şüurluluğunda, dövlətə bağlılığında,  millətin və dövlətin qədrini bilməyində,  bu torpaqda yaşamasından millətin bir fərdi olması,bir sözlə,Azərbaycan vətəndaşı olması ilə qürur duymasındadir.  Siyasi təşkilat funksiyasını yerinə yetirən Dövlət ayrı-ayrı insanların, ailələrin toplumudur.  Ailə zəifdirsə,insanların mənəvi keyfiyyətləri aşağı səviyyədədirsə, vəziyyət gün kimi aydındır. Ona görə də xalqın hər bir nümayəndəsinin bu gercəkliyi dərindən qavraması olduqca vacibdir...

Etnik kimliyindən,dini mənsubiyyətindən,siyasi əqidəsindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşı dünyada yaşayan  50 milyonluq azərbaycanlıların yeganə dövləti olan Azərbaycan Respublikasının qorunub saxlanmasına,güclənməsinə və ərazi bütövlüyünün təmin olunmasına çalışmalıdır.  Çünki,bizlər gəldi- gedərik, dünya durunca  qalansa dövlətdir. 

Müxtəlif amillərin,proseslərin nəticəsində demoqrafik vəziyyət- insanların sayı dəyişə,artıb- azala bilər. Bəlli  yollarla bunu normallaşdırmaq olar. Amma qatar,təyyarə,yaxud at arabası ilə haradansa torpaq gətirib, hansısa bataqlığa töküb onu qurutmaqla, ölkə sərhədlərini genişləndirmək, Vətən yaratmaq olmaz...

İnsanlarda, xüsusən gənc  nəsildə belə milli şüuru formalaşdıran elmlər ilk növbədə Azərbaycan dili,ədəbiyyatı və tarixidir...

Dəqiq elmlərin vacibliyi heç kəsdə şübhə doğurmur.  Ancaq  riyaziyyatın,fizikanin,yaxud kimyanın millisi yoxdur.  Milli mənlik şüurunu,mənəvi dəyərləri formalaşdıran,”bozuq olmaqdan”,  xalqı, milləti manqurtlaşmadan qoruyan, ona kimliyini anladan, dövlətinin tarixini, onu sevməyin zəruriliyini öyrədən elm isə Azərbaycan tarixidir...

Bu baxımdan 27 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin yeni Təhsil nazirinin təyin olunması ilə əlaqədar videoformatda keçirdiyi görüşdə dediyi aşağıdakı sözlər olduqca əhəmiyyətlidir: “Bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək,onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər...  Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri,ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır,Vətənə bağlı olmalıdır,Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır,öz tarixini,ədəbiyyatını,ana dilini mükəmməl bilməlidir,fəxr etməlidir ki,Azərbaycan vətəndaşıdır.  Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir...”

Bəzi eksperlərin bilərəkdən və ya anlamadan  belə əhəmiyyətli fənnin saatlarının azaldılması,ancaq müasir dövr tarixi ilə məhdudlaşdırılması cəhdi isə haqlı olaraq ictimaiyyətdə ciddi narahatlıq yaratdı. Oxuculara aydın olsun deyə bildirim ki, yenidən müstəqillik əldə etdiyimiz ilk illərdə bu fənn qeyri- tarix fakultələrində 120 saat keçirilirdi. Lakin bir qədər keçmiş onun saatları əvvəlcə  90-a, sonra 75-ə endirildi.  Yeni lahiyədə isə “vətənpərvər ekspertlərimizin dəlləkliyi” nəticəsində onun tədrisinə əvvəlcə 45, bir qədər sonra narazılığın artdığını görüb  60 saat ayrılması  nəzərdə tutulurdu. Tarix və tarix müəllimliyi ixtisasında da Vətən tarixinin,həmçinin Türk xalqlarının tarixinin geniş,hərtərəfli öyrənilməməsi istiqamətində də bu ekspertlər əllərindən gələni əsirgəməmişdilər.  50 milyonluq azərbaycanlının, 200 milyonluq türk xalqlarının tarixinə qarşı yönəlmiş belə məkrli layihənin reallaşmaması üçün tarixçilərimiz bir neçə dəfə Bütov Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə onlayn konfrans keçirmiş,  müvafiq orqanlara müraciət qəbul etmiş,  ayrı-ayrı alimlərimiz, ziyalılarımız mətbut səhifələrində etiraz xarakterli yazılar çap etdirmişlər...

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Təhsil Nazirliyi bu ciddi narahat edici məsələyə reaksiya verərək Azərbaycan tarixi müəllimlərinin nümayəndələrini yüksək mədəniyyətlə qəbul etdi... Danışıqlara gedən alimlərimiz bildirdilər ki,onların həm qaşılanması,həm də yola salınması yüksək ədəb-ərkan çərçivəsində  baş verib. Nazirliyin işçiləri həm də görüşə tam,hərtərəfli hazırlıqlı şəkildə gəliblər. Hiss olunub ki,onlar bir tərəfdən bu məsələləri kifayət qədər yaxşı bilən mütəxəssislərdir. Həmçinin,eksprtlərin hazirladığı çiy layihə onları da rahatsız edib. Görüşdə müəllimlərin tələb və təklifləri diqqətlə dinlənilmiş,məsələlər ətraflı müzakirə edimişdir. Sonda Nazirliyin məsul işçiləri onların səlahiyyətində olan məsənin - qeyri tarix fakultələrində saatların 75, fənnin adının isə Azərbaycan tarixi olmasının ən qisa müddətdə həll olunacağını bildiriblər. Onlar söyləyiblər ki, Tarix və Tarix müəllimliyi ixtisaslarında Azərbaycan tarixi fənninin saatlarını isə muxtar hüquqa malik Universitetlər özləri həll etməlidirlər. Çünkü bu onların səlahiyyətində olan məsələdir. Universitetlər  bu fənnin saatını nəinki əvvəlki səviyyədə saxlaya bilər, hətta istəsələr artıra da bilərlər...
Aldığımız məlumata, orada çalışanların dediyinə görə, artıq Prezident yaninda Dövlət idarəçilik Akademiyası, Pedaqoji Universitet dərhal müvafiq addımlar atıb...

Təəssüf ki, eyni anlayışı biz çalışdığımız BDU-da görmədik. BDU Nazirlikdə olmuş numayəndələri qəbul edərək onların təklif və iradlarını dinləmək, Nazirlikdən göndərimiş layihənin müzakirəsi və qəbulunda Universitetdən eksprt qismində iştirak etmiş şəxslərin arqumentlərinə qulaq asmaq, vəziyyətdən çıxış yolunu birgə aramaq, bu barədə geniş tarixçi içtimaiyyətini, heç olmasa müvafiq dövlət orqnalarına müraciəti imzalamış universitet müəllimlərini məlumatlandırmaq əvəzinə müdrikcəsinə susmaq yolunu üstün tutublar. Bəlkə də “meşin qapılar”arxasında, kondinsionerli otaqlarda onlar nəyi isə fikirləşir - bilmirik. Bu səbəbdən onlara mətbuat vasitəsi ilə müraciət etməli oldum.

Hələ on il bundan əvvəl apardığım araşdırmada gəldiyim qənaətə  görə Sovet işğal dönəmində respublika əhalisinin ictimai fikrinin formalaşması və milli şüurunun yüksəldiməsində BDU –da çalışan alimlərin  çox böyük xidməti olmuşdur(Bax:Bakı Universitetinin Xəbərləri,2009, №3).Təəssüf ki, indi xalqımız və türk dünyası  üçün böyük əhəmiyyət daşıyan  taleyüklü məsələdə  BDU-nun, Tarix fakultəsinin və Azərbaycan tarixi kafedralarının rəhbərlərinin  tutduğu mövqe heç cür anlaşılan deyil. Sanki bu məsələni də Prezident, yaxud vitse-prezident gəlib həll etməlidir. Bəs onda Siz orada nə üçün əyləşmisiniz? Belə çıxmırmı ki, Siz ziyalıları narazı salmaqla onları Prezidentə və Nazirə qarşı yönəldirsiniz?..   

Fikrimcə, problemlərin bir çoxunun kökündə vaxtı ilə şəxsi münasibətlərə və s. görə ayrı-ayrı adamlar üçün əsassız yerə kafedraları bölərək kreslo yaratmaq məqsədi durur. Belə kreslo sahibləri rəhbərlik etdiyi kafedranın saatlarını artırmaq və ya heç olmasa, olduğu kimi saxlamaq üçün özünün geniş əlaqələrindən istifadə edir, təzyiq göstərməkdən belə çəkinmirlər. Universitetdə səlahiyyəti olan şəxslər isə heç kimin yanında “pis” olmaq istəmir, vəziyyəti düzəltmək üçün üzərlərinə dövlət tərəfindən qoylan işləri yerinə yetirmirlər. Belə çıxır ki, bu işləri də Prezident və ya Təhsil Naziri həll etməlidir. Bu cür yanlış təfəkkür və idarəetmənin nəticəsinndə isə zərbə Tarix elminə, xüsusən də Vətən tarixinə dəyir. Bundan başqa indiyə qədər nə Universitetin, nə də fakultənin Elmi şurasında ayrı-ayrı fənlərin tədrisi vəziyyəti müzakirə edilməyib. Digər ciddi çatışmamazlıqlar barədə hazirladığım başqa yazıda geniş bəhs edəcəyimdən deyim ki, indi Universitetdə təşəbbüskarlıq, məsuliyyəti öz üzərinə götürüb problemin həlli üçün müvafiq dövlət orqanları qarşısında ciddi düşünülmüş, həll yolları göstərilmiş təkliflər verilməsi, yorulmadan, bəzi məmurların üzünü turşutmasından çəkinməyərək ona nail olunması istiqamətində əzmlə çalışmaq yoxdur. Yazıqlar olsun. Bəs problem və çıxış yolu nədədir?..”


Facebook-da paylaş