Azərbaycanın xarici siyasət kursunda nə dəyişəcək?




Prezident İlham Əliyev xarici işlər naziri vəzifəsinə Ceyhun Bayramovu təyin edərkən onun qarşısında dayayan vəzifələri  bir-bir sıraladı. Prezidentin geniş nitqində önəmli məqamlar var idi.

Birincisi, prezident Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazı qaldığını ortaya qoydu. Dövlət başçısının öz sözləri ilə desək, nazirlikdə kadr siyasəti yanlışdır, kadrlar kimlərinsə qohumluluq əsasında qurulub. Prezident yeni nazir qarşısında ilk vəzifəni belə qoydu: “Nazirliyə təyinatlar peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır”. Dövlət başçısı nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməsi vacibliyini də bildirdi.
 
İkincisi, prezident yeni nazirin xarici nümayəndəliklərdə buna qədər görülən işlərin ciddi təhlil olunmasını tələb etdi. Prezident səfirliklərin işinin səmərəlilik əmsalından narazı olduğunu bu şəkildə izah etdi: “Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər”. Prezident səfirliklərin xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqələr qurmamasından da narazıdır.
 
Üçüncüsü, prezidentin sözlərindən o da aydın oldu ki, diplomatlar çalışdıqları ölkələrdə kütləvi informasiya vasitələri ilə sıx təmasda deyillər. Prezident vurğuladı ki, diplomatların bir qismi Azərbaycan haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələri təkzib etmirlər. “Azərbaycana qarşı kampaniyaya adekvat cavab verilirmi? Verilmir” – deyən İlham Əliyev həmin diplomatların ünvanına belə bir sərt ifadə də işlətdi: “Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər”. Prezident bu qüsurların Xarici İşlər Nazirliyində aparılan yanlış kadr siyasəti ilə izah etdi. Prezident hətta bəzi diplomatların dövlətə xəyanət - satqınlıq etdiklərini, yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olduqlarını səsləndirdi.
 
Dördüncüsü, prezident Azərbaycanın xarici siyasətinin priroritetlərini sıralayarkən qonşu ölkələrlə sıx əlaqələrə əvvəlkitək üstünlük verdiyini bildirdi. Dövlət başçısı bu zaman qonşu dövlətlərin adlarını xüsusi olaraq çəkməsə də, Azərbaycanın təşəbbüsü ilə qurulan üçtərəfli formatların ölkəmiz üçün önəmli olduğunu bir daha qeyd etdi. Prezident Azərbaycan üçün vacib olan təşkilatlardan İslam Konfransı Təşkilatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adlarını çəkdi. Prezident Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini,  bu qurumla saziş üzərində işlərin davam etdiyini, ancaq sazişin Azərbaycanın maraqlarına cavab verməsi üçün sənədi tələsik imzalamağın da əleyhinə olduğunu vurğuladı.
 
Beşincisi, prezident çıxışında ayrıca olaraq Azərbaycanın ABŞ və Böyük Britaniya əlaqələrinə toxundu. “Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətləri çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində çox yaxşı nəticələr var” - deyən İlham Əliyev Ağ Ev sahibi Donalt Trampın il ərzində ona göndərdiyi məktublardan tutmuş iki ölkənin Əfqanıstanda əməkdaşlığına dair bəndləri sadaladı. Prezident çıxışının Amerika ilə bağlı hissəsinə bu cümlə ilə yekun vurdu: “Amerika ilə əlaqələrin gələcəyi çox müsbət olacaq”. Prezident Böyük Britaniyanın və BP-nin Azərbaycan üçün strateji investor olduğunu xatırladaraq iki ölkənin qeyri-neft sektorunda daha böyük işlər görməli olduğunu da sözlərinə əlavə etdi.
 
Altıncısı, prezident yeni nazir qarşıısnda ən mühüm vəzifənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olacağını vurğuladı. Prezident istefaya göndərilən nazirdən fərqli olaraq yeni nazirin mənasız danışıqlarda iştirakının əleyhinə olduğunu bildirdi.
Beləliklə, yeni xarici işlər naziri Ceyhun Bayramovu gərgin iş gözləyir. O bir neçə istiqamətdə fəaliyyət göstərməlidir. Yeni nazir ilk növbədə prezidentin də dediyi kimi nazrilikdə kadr islahatlarından başlamalıdır. Bu uzun prosesdir. Çünki, özünü doğrultmayan səfirlərin və nazirlikdə çalışanların dəyişdirilməsi vaxt aparacaq. Ancaq Ceyhun Bayramovun başqa alternativi yoxdur. O prezidentin tapşığırını yerinə yetirməlidir. Digər tərəfdən yeni nazir Xarici İşlər Nazirliyinin cəmiyyətdə itirilən nüfuzunu bərpa etməyə çalışmalıdır.
 
Ceyhun Bayramov Elmar Məmmədyarovdan fərqli olaraq həmsədrlər və erməni nazirlə mənasız danışıqlarda iştirak etməyəcək. Bunu nə prezident, nə də Azərbaycan cəmiyyəti istəyir. Danışıqlar predmetli olmalıldır. Ancaq erməni tərəfi predmetli danışıqlara hazır deyillər. Bu o deməkdir ki, danışıqlara bir müddət ara veriləcək. Ümumiyyətlə hərbi əməliyyatların davam etdiyi şəraitdə danışıqlara başlamaq Azərbaycanın maraqlarına cavab vermir.
 
Azərbaycanla Ermənistan arasındakı hazırki gərginlikdə Azərbaycana əsas dəstək verən dövlət Türkiyədir. Bunu prezident İlham Əliyev Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğana iyulun 15-də göndərdiyi məktubda da yazıb. Türkiyə Cumhurbaşqanı, xarici işlər və müdafiə naziri, parlamentdəki partiyalar, ictimai fəallar Azərbaycana istənilən, o cümlədən hərbi dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar. Bu arada, Azərbaycanın müdafiə nazirinin müavini Ankaraya gedərək Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşməsi xüsusi əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, rəsmi Bakı balanslaşdırılmış xarici siyasəti davam etdirməklə yanaşı Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməyə qərar verib. Bu doğru strategiyadır. Xarici işlər naziri Ceyhun Bayramov bu strategiyanın həyata keçirilməsində əsas firurlardan birinə çevriləcək.
 
“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş